Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyanın Xarici İşlər İnstitutunda çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər İnstitutunda keçirilən tədbirdə iştirak edib.
Tədbirə Efiopiyanın dövlət və hökumət qurumlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri, beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən alim və ekspertlər, elmi ictimaiyyətin nümayəndələri və tələbələr qatılıblar.
Əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova ilə Efiopiya Xarici İşlər İnstitutunun direktor müavini Məhəmmədrafi Abaraya arasında görüş keçirilib.
Ardınca nümayəndə heyətlərinin iştirakı ilə ADA Universiteti ilə Xarici İşlər İnstitutu arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə “Azərbaycan və Efiopiya: Parlamentlərarası dialoqun, əməkdaşlığın və çoxtərəfliliyin inkişafı” mövzusunda çıxış edib. Spiker çıxışında Azərbaycan ilə Efiopiya arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirib. O, Efiopiya Prezidenti Taye Atske Selassiyenin və Baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfərlərinin, onların Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdikləri görüşlərin, eləcə də Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın Efiopiyaya səfərinin ölkələrimiz arasında dostluq, qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Spiker, eyni zamanda, parlamentlərarası münasibətlərin bu əlaqələrin inkişafında mühüm vasitə olduğunu bildirib.


Arzu Paşaqızı