Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib

Sentyabrın 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Spiker Sahibə Qafarova payız sessiyasının başlaması münasibətilə deputatları təbrik edib və bu sessiyada da onların fəaliyyətinin səmərəli olacağına inamını bildirib.


Sonra Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Bildirilib ki, möhtərəm Prezidentin bu çıxışı Cənubi Qafqazda yaranmış yeni reallıqların dünyanın əsas beynəlxalq platformasından təqdim edilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Spiker deyib ki, dövlətimizin başçısı öz çıxışında bəyan etdi ki, Azərbaycan onilliklər ərzində təcavüzə və işğala məruz qalan ölkə statusundan qalib ölkə və regional lider statusuna keçib. Prezidentin çıxışında hərbi zəfərin diplomatik uğurla tamamlandığı xüsusi vurğulanıb.
Bildirilib ki, sülh sazişinin paraflanması və əldə edilmiş digər razılaşmalar dövlətimizin öz milli maraqlarını həm güc yolu ilə müdafiə etmək, həm də hüquqi və siyasi alətlərin köməyi ilə təsbit etmək qabiliyyətini nümayiş etdirdi. Bu, həm də onu göstərdi ki, dayanıqlı sülh yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür.
Möhtərəm cənab Prezidentin çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və bərpasına, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına, infrastrukturun inkişafına böyük diqqət yetirildi.
Azərbaycan döyüş meydanında qələbəni davamlı inkişaf layihəsinə çevirməyi bacaran bir dövlət modeli kimi təqdim edildi.
Spiker qeyd edib ki, ölkəmiz Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji marşrutlarının əsas həlqəsinə çevrilib. Azərbaycanın rolu və əhəmiyyəti regionun hüdudlarından çox-çox kənara çıxır, Avropanın və Asiyanın təhlükəsizliyinə və tərəqqisinə təsir göstərir