Milli Məclisin iclasında

Oktyabrın 13-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib.

Parlamentin spikeri iclasın əvvəlində diqqətə çatdırıb ki, oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII qurultayı keçirilib. Qurultay ölkəmizin ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biri olub. Qeyd olunub ki, bu Yeni Azərbaycan Partiyasının ali rəhbər orqanının Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra ilk belə toplantısı olub. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm cənab İlham Əliyev qurultayda proqram xarakterli nitq söyləyib. Dərin məzmunlu bu nitqdə Azərbaycanın orta güc dövlətinə çevrilmək üçün keçdiyi inkişaf yoluna hərtərəfli nəzər salınıb, tarixi qələbələrimizi şərtləndirən amillər göstərilib. Yeni Azərbaycan Partiyasının ictimai-siyasi proseslərdə rolu qeyd edilib. Milli Məclisin sədri qeyd edib ki, qurultayda Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin varisliyi haqqında dövlət başçısının söylədiyi fikirlər xüsusi mənaya malikdir. Bu xəttin əsasını siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin gücləndirilməsi, müdafiə potensialının daha da artırılması təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplərin ardıcıl həyata keçirilməsi başlıca milli məqsədlərimizin əldə olunmasını təmin edib.

Arzu Paşaqızı