Milli Məclisin iclasında

İyunun 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.İclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, iyunun 22-dən 25-dək Bakıda Milli Məclisin ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası və sessiya ilə bağlı iclaslar keçirilib. Qeyd edilib ki, İslam Əməkdaşlıq Təşkilatı dünyanın ən böyük beynəlxalq qurumlarından biridir və öz sıralarında 57 dövləti birləşdirir.Spiker 1969-cu ildə yaradılmış bu təşkilatın müsəlman ölkələri arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, habelə islam dünyasının ümumi maraqlarının müdafiəsi üçün mühüm platforma rolunu oynadığını söyləyib. Bildirilib ki, Təşkilatın Parlament İttifaqı Konfransının 20-ci sessiyası Azərbaycanın islam aləmində yüksək nüfuzunu bir daha təsdiq edən mühüm beynəlxalq hadisə oldu. Tədbirdə 43 ölkədən və 11 beynəlxalq təşkilatdan 54 nümayəndə heyəti, ümumən 500-dən çox nümayəndə iştirak edib. Nümayəndə heyətlərinin artıq iyunun 21-də ölkəmizdə olduğu və ertəsi gündən sessiyaya hazırlıq iclasları keçirilməyə başlandığı diqqətə çatdırılıb. Milli Məclisin sədri bildirib ki, İcraedici komitənin 56-cı iclası, habelə 5 daimi komitənin və 3 qrupun – Asiya, Afrika və Ərəb qruplarının, eləcə də müsəlman qadın parlamentarilərin, müsəlman icmaları və azlıqlar alt komitəsinin, Baş Katiblər Assosiasiyasının növbəti iclasları, məsləhətləşmə görüşləri və konqresləri, digər toplantılar sessiyada müzakirələrin səmərəli təşkili baxımından çox əhəmiyyətli idi. İyunun 24-də 20-ci sessiyanın açılış mərasimi olduğu qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sessiya iştirakçılarına müraciəti tədbirin əhəmiyyətini daha da artırdığı diqqətə çatdırılıb.

Arzu Paşaqızı