Milli Məclisdə Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
Sentyabrın 24-də Milli Məclisin bir neçə komitə sədri ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ilk olaraq Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış edərək Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bu gün dövlət başçıları, eləcə də parlamentlər arasında əlaqələrdə də öz əksini tapdığını bildirib. Qeyd olunub ki, Azərbaycan və Gürcüstan bir-birini beynəlxalq və regional müstəvidə hər zaman dəstəkləyir, qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan münasibətləri ardıcıl şəkildə inkişaf etdirirlər.
Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosani Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edərək parlamentlərimiz arasında möhkəm dostluq və tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Bildirilib ki, strateji tərəfdaş olan Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi və energetika sahələrində yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur.
Arzu Paşaqızı