Milli Məclisin sədr müavini Adil Əliyev: “Cəbrayıl rayonunun azad edilməsi ordumuzun digər ərazilərimizə yolunu acdı”

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad etdikləri ilk rayon Cəbrayıl olmuşdur. 

Tariximizin bu qürurverici hadisəsi 2020-ci ilin 4 oktyabr gününə təsadüf etdi. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində sürətlə irəliləyən qəhrəman əsgərlərimiz hərbi əməliyyatların başlamasından bir həftə sonra Cəbrayıl şəhərini düşmən tapdağından azad etdilər. Müharibənin 1-ci günündə – 27 sentyabrda isə Ermənistan ordusunun mifləşdirdiyi “Ohanyan xətti” – onların ən çox möhkəmləndiyi xətt üzərində yerləşən Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüqzar kəndləri azad edilmişdi.  Cəbrayıl rayonunun azad edilməsi ordumuzun o zaman işğal altında olan digər ərazilərimizə, xüsusən də strateji əhəmiyyətə malik Hadrut qəsəbəsinə, eləcə də Xocavənd, Qubadlı, Zəngilan və Laçın istiqamətində yolunu açdı.

Cəbrayıl rayonunun ərazisində yerləşən, Azərbaycan milli kimliyini və tarixini təcəssüm etdirən Araz çayı üzərindəki Xudafərin körpüsünün azad edilməsi əsgərlərimizin döyüş ruhunu daha da yüksəltmiş, xalqımızın qürur mənbəyinə çevrilmişdir. Təsadüfi deyildir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan bayrağını Xudafərin körpüsü üzərində dalğalandırmışdır. 

Xudafərin körpüsü tarixən mühüm siyasi-coğrafi və strateji əhəmiyyət daşımışdır. Xüsusən də Qarabağ xanları bu körpüyə ciddi diqqət yetirmiş və daim onu nəzarətdə saxlamağa çalışmışlar. Xudafərin körpüsündən əlavə, Cəbrayıl bəyləri tariximizdə, xüsusən Qarabağ xanlığının tarixində özünəməxsus yer tutmuşlar, Cəbrayıl bağları isə öz gözəlliyi və bərəkəti ilə məşhur olmuşdur. 

5 yanvar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş uğurlu Horadiz əməliyyatı sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-ci ilin Aprel döyüşləri nəticəsində isə strateji Lələtəpə yüksəkliyinin azad edilməsi Cocuq Mərcanlıda həyatın normal axına düşməsi üçün zəmin yaratdı. Orada Prezident İlham Əliyevin birbaşa nəzarətə altında böyük bərpa və yenidənqurma işləri icra edildikdən sonra Cocuq Mərcanlıya doğma sakinlərinin qayıdışı mümkün oldu. Bununla da torpaqlarımıza Böyük Qayıdışın bünövrəsi qoyuldu. 

Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarətdir. Həm iqtisadi potensialına görə, həm də tarixi abidələri və sosial-mədəni obyektlərinə görə zəngin olan rayon işğal dövründə tamamən dağıdılmış və vandalizmə məruz qalmışdır. Cəbrayıl rayonunun işğaldan azad edilməsindən sonra bərpa və quruculuq işlərinə başlanmışdır. 

Bu gün Cəbrayıl rayonu yeni yaradılmış Şərqi Zəngəzur İqtisadi rayonuna daxildir. Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan Araz Vadisi İqtisadi Zonası 200 hektarlıq sahəni əhatə edən geniş bir layihədir və Cəbrayıl rayonunun inkişafında önəmli rol oynayacaq. 

Hazırda rayonda bir sıra sosial, mədəni, iqtisadi və infrastruktur obyektlərin təməli qoyulub və inşasına başlanıb. Cəbrayıl sakinlərinin öz doğma torpaqlarına qayıdışı üçün ilk çoxmənzilli yaşayış kompleksi inşa edilir. 


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir