Milli Məclisin plenar iclasında

Martın 18-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib.


Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 14 məsələnin daxil edildiyini və birinci məsələnin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu deyib. Spiker bildirib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə layihə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edilməlidir.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov bu qanun layihəsini təqdim edib. O, diqqətə çatdırıb ki, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi” 6 noyabr 2024-cü il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən TDT-nin 11-ci Zirvə Görüşündə imzalanıb.
Qeyd olunub ki, Sazişin məqsədi üzv ölkələr arasında rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək, elektron ticarət və rəqəmsal xidmətləri asanlaşdırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək və biznes mühiti üçün daha əlverişli şərait yaratmaqdır. Saziş çərçivəsində tərəflər elektron ticarətin inkişafı, gömrük və logistika, maliyyə texnologiyaları və rəqəmsal ödənişlər, kiçik və orta biznesin dəstəklənməsi, istehlakçı hüquqlarının qorunması, kibertəhlükəsizlik və məlumat mübadiləsi, elektron imzalar və hüquqi uyğunlaşma istiqamətlərində əməkdaşlıq etməyi öhdələrinə götürürlər. Sazişin icrasına nəzarət məqsədilə Birgə Komitənin təsis edilməsi nəzərdə tutulur. Bu komitə Sazişin müddəalarının yerinə yetirilməsini izləyəcək, tərəflər arasında koordinasiyanı təmin edəcək və əməkdaşlıq sahəsində təkliflər irəli sürəcək.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin iqtisadi baxımdan və beynəlxalq münasibətlər nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb etdiyini deyib, rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI