Milli Məclisin komitələrinin Şuşada birgə iclası keçirilib

Oktyabrın 31-də Şuşada Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilib.

İclası açan Elm və təhsil komitəsinin sədri  Bəxtiyar Əliyev iclas iştirakçılarını azad Şuşada, şanlı Zəfər Gününün ildönümü ərəfəsində salamlamaqdan qürur duyduğunu bildirib.

Bəxtiyar Əliyev 44 günlük Vətən müharibəsində Şuşa şəhərinin azad edilməsindən, böyük Zəfərin tarixi əhəmiyyətindən söz açıb, bu günləri bizə bəxş edən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb. Komitə sədri bugünkü iclasın Şuşada keçirilməsinə yaratdığı şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

İclasda, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra gündəlik barədə məlumat verən Bəxtiyar Əliyev iclasın müzakirəsinə “Ali təhsil haqqında” qanun layihəsinin və “İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası sahəsində tədbirlər” mövzusunun daxil edildiyini bildirib. 

Gündəliyin təsdiqindən sonra Bəxtiyar Əliyev  “Ali təhsil haqqında” qanun layihəsi barədə qısa məlumat verib. O, Ali təhsil haqqında qanun layihəsinin hazırlanması prosesindən, bunun üçün yaradılan işçi qrupunun ötən müddət ərzində gördüyü işlər barədə danışıb. 

O, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü siyasət və ardıcıl tədbirlər nəticəsində böyük nailiyyətlər əldə olunduğunu qeyd edib, bu islahatların qanunvericilik əsaslarının yaradılması, hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, qəbul olunan dövlət proqramlarından və qanunlardan söz açıb. Bildirib ki, Azərbaycanda ilk dəfədir ki, Ali təhsil haqqında qanun hazırlanıb. Vurğulanıb ki, qanun layihəsinin həm ilkin variantında, həm də müxtəlif platformalarda aparılan müzakirələrdə əlaqədar təşkilatların, mütəxəssislərin fikirləri, irəli sürdükləri təkliflər nəzərə alınıb. 

Sonra Bəxtiyar Əliyev 12 fəsil 55 maddədən ibarət qanun layihəsinin istiqamətləri, prinsipləri barədə danışıb, sənəddə əks olunan ali təhsilin dövlət standartları, keyfiyyət təminatları, mərhələləri və digər məsələlər barədə ətraflı izahat verib.

Komitələrin birgə iclasının ikinci məsələsini Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva müzakirəyə təqdim edib. 

Qənirə Paşayeva Şuşa ilində və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində parlamentin komitə iclaslarının keçirilməsinin qürurverici olduğunu söyləyib, bunu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Şanlı Ordumuzun əldə etdiyi tarixi Qələbənin nəticələrindən biri kimi dəyərləndirib, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhuna ehtiramını, qazilərimizə təşəkkürünü bildirib.

Komitə sədri Milli Məclisin komitələrinin iclas və dinləmələrinin Şuşada keçirilməsinin ənənəyə çevrilməsini əlamətdar hadisə kimi dəyərləndirib, cənab Prezidentin xeyir-duası ilə keçirilən bu iclasların təşkilinə görə parlamentin rəhbərliyinə təşəkkür edib. 

O, Azərbaycan xalqına məxsus tarixi və dini abidələrə, mədəni irsə qarşı Ermənistanın yürütdüyü vandalizm siyasətindən bəhs edib. Bildirib ki, Ermənistanın torpaqlarımızı 30 illik işğalda saxladığı dövrdə bu vandalizm heç bir sərhəd tanımayıb. Bu torpaqlarda yerləşən nadir mədəni-tarixi əhəmiyyətə malik yüzlərlə nadir abidə yerlə yeksan olunub.

Mədəniyyət komitəsinin sədri işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası sahəsində görülən tədbirlər barədə ətraflı məlumat verib. Vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq layihələrində tarixi-mədəni irsimizin bərpası işləri xüsusi önəm daşıyır. Bu işlərin cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə həyata keçirildiyini söyləyən Qənirə Paşayeva  bərpa edilən tarixi-mədəni abidələr barədə ətraflı məlumat təqdim edib.

Sonra iclasda komitələrin sədr müavinləri Musa Qasımlı, Fazil Mustafa, deputatlar Eldar Quliyev, Etibar Əliyev, Ceyhun Məmmədov, Ülviyyə Həmzəyeva çıxış ediblər.

Çıxış edənlər azad Şuşada Milli Məclisin komitə iclaslarının keçirilməsinin tarixi əhəmiyyətindən, Azərbaycan şəhidlərinin qanı ilə yoğrulan Şuşa torpağının bizim üçün müqəddəsliyindən, Şuşanın Azərbaycan xalqının tarixində, mədəniyyətində, təhsilində tutduğu önəmli yerdən danışıblar. Deputatlar bu gün burada  olmalarından keçirdikləri hisslərini və təəssüratlarını bölüşüblər,  gündəlikdəki məsələlərlə bağlı fikirlərini və təkliflərini səsləndiriblər. 

İclasda “Ali təhsil haqqında” qanun layihəsi irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla Elm və təhsil komitəsinin iclasında baxılmağa məqbul sayılıb.

Bununla da Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin Şuşa şəhərində keçirilən birgə iclası başa çatıb.

Tədbirdə deputatlardan Ülviyyə Ağayeva, Kamilə Əliyeva, Afət Həsənova, Anar İsgəndərov, Pərvin Kərimzadə,  Müşfiq Məmmədli, Fatma Yıldırım, Aqil Abbas, Nizami Cəfərov, Əziz Ələkbərov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və 

ictimaiyyətlə əlaqələr şöbəsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir