İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

İyunun 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov bildirib ki, gündəliyə 4 məsələ daxil edilib.


Komitə sədri əvvəlcə Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxarıb.
Azər Əmiraslanov məsələ ilə bağlı bildirib ki, son illərdə ölkəmizdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi və bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. O, rəqəmsal texnologiyaların tətbiqi fonunda nəqliyyat sektorunda müşahidə olunan inkişaf meyillərinə və bu sahədə meydana çıxan yeni çağırışlara diqqət çəkib. Bildirilib ki, bu qanun layihəsi də nəqliyyat sahəsində rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qlobal inkişaf meyillərinə uyğun olaraq hazırlanıb.

Arzu Paşaqızı