Ermənistanla bağlı xüsusi qərar: Bakı şərt qoydu

Milli Məclisin 30 sentyabr tarixli iclasında “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiqlənməsi ilə bağlı qanun layihəsi müzakirə olunub. Müzakirələr zamanı çıxış edən deputat Nizami Səfərov bildirib ki, rəsmi Bakı sözügedən sənədi imzalayarkən xüsusi qeyd-şərt və bəyanat təqdim edib.

“turaninsesi.az ” xəbər verir ki, deputatın sözlərinə görə, bəyanatda vurğulanır ki, münaqişənin fəsadları tam aradan qaldırılana və iki ölkə arasında münasibətlər tam normallaşanadək sənədin müddəaları Ermənistana şamil olunmayacaq.

N.Səfərov diqqətə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunun bərpa edilməsi, eləcə də regionda sülh gündəliyinin icrası ölkəmizin beynəlxalq müqavilə hüququ təcrübəsinə də öz təsirini göstərib.

Sözügedən sənədin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində yeni əməkdaşlıq mexanizmlərini əks etdirdiyini deyən deputat, protokolun sorğuların ünvanlanması, fərdi məlumatların təhlükəsizliyi və bir sıra istintaq prosedurlarını tənzimlədiyini qeyd edib.

Çıxışının sonunda Nizami Səfərov həmkarlarını qanun layihəsinin lehinə səs verməyə dəvət edib.

Arzu Paşaqızı