Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında

Yanvarın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2023-cü il yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Səməd Seyidov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. O, diqqətə çatdırıb ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib. 

Turanın səsi ” xəbər verir ki , Səməd Seyidov, əvvəlcə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci ilin payız sessiyası ərzində gördüyü işlər barədə hesabatı və komitənin 2023-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini təqdim edib.

Bildirilib ki, 2022-ci ilin payız sessiyasında görülən işlərin hesabatına əsasən, komitənin bu müddətdə 16 iclası keçirilib, 45 məsələ müzakirə edilib. Hesabat dövründə komitənin sədri və üzvləri xarici dövlətlərin və təşkilatların ölkəmizdəki səfirləri, nümayəndələri, ölkəmizdə səfərdə olan müxtəlif  nümayəndə heyətləri ilə bir sıra görüşlər keçiriblər.

Ötən sessiya ərzində komitəyə ümumilikdə 1844 ərizə, məktub və şikayət daxil olub. Müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb, aidiyyəti təşkilat və idarələrə məktublar göndərilib. Komitə üzvləri tərəfindən vətəndaşların onlayn və fərdi qaydada qəbulu keçirilib.

Diqqətə çatdırılıb ki, 2023-ci ilin yaz sessiyası üçün iş planının layihəsinə əsasən komitədə  qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin müzakirəsi, beynəlxalq və dövlətlərarası müqavilələrin təsdiqi, icrası və ləğv edilməsi qaydalarına aid təqdim olunmuş sənədlərə dair rəyin verilməsi, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyətin genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Komitə üzvləri Kamran Bayramov, Sahib Alıyev, Nəsib Məhəməliyev hesabat və iş planı barədə öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər. 

Komitənin 2022-ci ilin payız sessiyası ərzində fəaliyyəti qənaətbəxş hesab edilib, 2023-ci ilin yaz sessiyası üçün iş planının layihəsi müsbət qiymətləndirilib.

Sonra iclasda gündəlikdəki qanun layihələri müzakirə olunub.

Komitə sədri əvvəlcə, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Konvensiyada qeyd olunur ki, sənəd iqtisadi fəaliyyətin bütün sahələrinə tətbiq edilir. Konvensiyaya əsasən, əməyin təhlükəsizliyi, gigiyenası və istehsalat mühiti üzrə qanun və qaydaların tətbiq edilməsi adekvat və müvafiq təftiş sistemi ilə təmin olunur. Hüquqi öhdəliklərin yerinə yetirilməsində kömək göstərilməsi məqsədilə işəgötürənlər və işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlər görülür. Sənəddə digər müddəalar da öz əksini tapıb.

Sonra Səməd Seyidov “Yerli rəy sorğusu haqqında”, “Avtomobil yolları haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gənclər siyasəti haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, “Tənzimlənən qiymətlər haqqında” və “Banklar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Sənədə əsasən, “Media haqqında” qanunun icrası ilə əlaqədar olaraq adları çəkilən qanunlara uyğunlaşdırma xarakterli düzəlişlər edilib.

Daha sonra komitə sədri “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsini diqqətə çatdırıb. 

Təqdim olunan hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr keçirilib. Komitənin sədri Səməd Seyidov, üzvləri Rasim Musabəyov, Elman Nəsirov, Sahib Alıyev, Asim Mollazadə, Nəsib Məhəməliyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı, Azərbaycanın haqq səsinin geniş ictimaiyyətə çatdırılması, dünya miqyasında ölkəmizin mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin genişləndirilməsi və digər aktual məsələlər barədə fikir mübadiləsi aparıblar.

⤵️

⤵️

Milli Məclisin Mətbuat və 

ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir