Azərbaycan gender bərabərliyini sosial siyasətin ayrılmaz hissəsi hesab edir-Bahar Muradova
Azərbaycan gender bərabərliyini sosial siyasətin və ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edir.
“turaninsesi.az” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı” təqdim edərkən deyib.
B.Muradova qeyd edib ki, Hesabat dövründə gender bərabərliyi siyasəti üzrə qanunvericilik təkmilləşdirilib, institusional mexanizmlər daha sistemli xarakter alıb, fəaliyyətin məzmunu daha çox insan mərkəzli və nəticəyönümlü mərhələyə keçib.
O vurğulayıb ki, 2025-ci il üzrə illik məlumat 298 səhifədə hazırlanıb:
“Ən mühüm yenilik isə ilk dəfə olaraq gender bərabərliyi siyasətinin məhkəmə qərarları, media monitorinqləri, ali təhsil proqramları, sosial risk xəritələri ilə inteqrasiya olunmuş formada təhlil edilməsidir. Bu isə dövlət idarəetməsində data əsaslı qərarvermə modelinin gücləndiyini göstərməklə, onun yalnız statistik məlumat toplusu deyil, idarəetməyə yön verən analitik platforma olduğunu ortaya qoyur”.
Sosial tendensiyalar və ictimai dayanıqlılığa gəldikdə, Komitə sədri bildirib ki, gender əsaslı və sosial risk göstəricilərində müşahidə olunan dinamika göstərir ki dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlər daha səmərəli nəticə verir:
“Bu özünü müraciətlərin azalması, mühafizə orderlərinin artması, erkən müdaxilə mexanizmlərinin genişlənməsi kimi bir-birini tamamlayan tendensiyalarda göstərir. Müvafiq qurumlara, qaynar xətt xidmətlərinə daxil olan müraciətlər, nikah ,doğum, gender əsaslı cinayət və hüquqpozmaların hazırda slaydlarda təqdim olunan statistikası sübut edir. Misal üçün: 18 yaşadək analar və erkən evlilik üzrə göstəricilərin son üç ildə təxminən 50%-ə yaxın azalması xüsusi qeyd olunmalıdır. Bu nəticə yalnız hüquqi tədbirlərin deyil, həm də təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsinin, ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsidir”.
O eyni zamanda əlavə edib ki, əmək bazarında müşahidə olunan dəyişikliklər göstərir ki, qadınların iqtisadi fəallığı davamlı şəkildə artır, orta əməkhaqqında da artım tempi müsbətdir, peşə hazırlığında qadınların üstünlük təşkil etməsi xüsusilə diqqətçəkicidir, özünüməşğulluq proqramlarında iştirak da genişlənir:
“Bu tendensiya qadınların əmək bazarında daha çox bacarıq əsaslı və dayanıqlı iqtisadi modelə keçidə üstünlük verdiyini göstərir. Əmək hüquqlarının təmin olunmasında bərabərlik, pensiya təminatı, işsiz və məşğul əhalinin cins bölgüsünə dair rəqəmlər insan kapitalı və təhsilin transformasiyasındakı mövcud nisbəti ortaya qoyur. Hazırda ali təhsildə qadınların üstünlüyü, magistratura səviyyəsində balanslaşma, peşə təhsilində tədrici diversifikasiya olmaqla insan kapitalının keyfiyyətcə yüksəldiyi müşahidə olunur”.
Arzu Paşaqızı