14 ölkə, 142 qonaq-Sahibə Qafarova parlamentin fəaliyyəti barədə məlumat verdi 

Bu gün keçirilən plenar iclasda Milli Məclisin sədri Sahibə Qafarova parlamentin son dövrlərdəki beynəlxalq fəaliyyəti barədə məlumat verib. 

“turaninsesi.az ” xəbər verir ki, sədrin sözlərinə görə, geridə qalan müddət ərzində parlament 14 ölkə və 4 beynəlxalq təşkilatı təmsil edən 24 nümayəndə heyətini — ümumilikdə 142 xarici qonağı qəbul edib.

Bununla yanaşı, azərbaycanlı deputatlar Qazaxıstan və Rusiyada baş tutan parlament seçkilərində müşahidəçi qismində iştirak edib, eləcə də dörd beynəlxalq təşkilatın müxtəlif tədbirlərinə qatılıblar.

Qafarova vurğulayıb ki, qeyd olunan dövrdə Milli Məclisdə bir çox xarici nümayəndələrlə əhəmiyyətli ikitərəfli görüşlər baş tutub. Parlamentin beynəlxalq əlaqələrinin güclənməsinə xidmət edən bu görüşlərdə Slovakiyanın dövlət başçısı Peter Pelleqrini, Fələstin və Tacikistanın hökumət rəhbərləri, Pan-Afrika Parlamentinin sədri, həmçinin Türkiyə, Gürcüstan, Çin və Özbəkistanın yüksək vəzifəli rəsmiləri və parlament təmsilçiləri iştirak ediblər.

Daha bir önəmli hadisə kimi, Pan-Afrika Parlamentinin Prezidenti Fatih Butçiki ilə keçirilən görüşün yekununda bu qurumla Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında rəsmi anlaşma memorandumunun imzalanması diqqətə çatdırılıb.

Milli Məclis sədri çıxışının sonunda Böyük Britaniya və Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirləri ilə də görüşdüyünü qeyd edib.

Arzu Paşaqızı