Türkiyədəki aksiyalardan sonra Azərbaycandan RADİKAL QƏRAR
Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına yönələn çağırışlarla bağlı daha 7 nəfər beynəlxalq axtarışa verilib.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Türkiyədə yaşayan və fəaliyyət göstərən şəxslərin sosial şəbəkələr və digər internet platformaları vasitəsilə dini radikalizm məzmunlu çıxışlar etdiyi, zorakılığa və dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə çağırışlar yaydığına dair əsaslı şübhələr müəyyən edilib.
Beynəlxalq axtarışa verilən şəxslər “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunda müəllif kimi fəaliyyət göstərən Rıdvan Kaya, “Köklü Değişim” nəşrinin yazarı və “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan), “Analiz Merkezi” internet resursunun təsisçisi Fatih Tezcan, hüquqşünas Ahmet Şanlı, araşdırmaçı Fahrettin Taşkaya Saral, Abdurrahman Tumer və moderator, idmançı kimi fəaliyyət göstərən Alparslan Tanrıkuludur.
İstintaq materiallarına əsasən, həmin şəxslər sentyabrın 25-dən oktyabrın 18-dək “X”, “Facebook”, “Instagram”, “YouTube”, “TikTok” və digər internet resurslarında müvafiq məzmunlu paylaşımlar edib və açıq çağırışlar səsləndiriblər.
Bundan başqa, Rıdvan Kayanın oktyabrın 3-də Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun qarşısında keçirilən aksiyada, Rıdvan Kaya və Zəkəriyyə Cəranın isə oktyabrın 13-də Azərbaycanın Ankaradakı səfirliyinin qarşısında təşkil olunan aksiyada hakimiyyətin zorla ələ keçirilməsinə dair çağırışlar etdiyi və dini radikalizm məzmunlu çıxışlar səsləndirdiyi bildirilir.
Baş Prokurorluğun məlumatına görə, oktyabrın 19-da həmin şəxslər Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə onların barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxslərə aid edilən əməllərin bütün hallarının araşdırılması, elektron sübutların toplanması və yoxlanılması istiqamətində zəruri tədbirlər görülür. Həmçinin Türkiyə və digər dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq hüquqi yardım və əməkdaşlıq mexanizmlərindən istifadə olunur.
Baş Prokurorluq xatırladıb ki, fikir, söz və dini etiqad azadlığı qanunla qorunsa da, bu hüquqlardan dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına çağırışlar üçün istifadə edilməsi hüquqi məsuliyyət yaradır.
Arzu Paşaqızı