Fuad Nəcəfli il bağlı SENSASİON XƏBƏR: 10 min ton…
Naxçıvan Muxtar Respublikasında strateji ərzaq ehtiyatları ətrafında aparılan istintaq getdikcə daha geniş siyasi və iqtisadi qalmaqalın miqyasını üzə çıxarır. Söhbət artıq təkcə mümkün mənimsəmədən deyil, bütöv bir ərzaq təhlükəsizliyi sisteminin sarsıdılmasından gedir. İstintaqın mərkəzində keçmiş səlahiyyətli nümayəndə Fuad Nəcəfli dayanır.
Onun Baş Prokurorluqda ifadə verməsi işin miqyasını göstərən əsas göstəricilərdən biri kimi qiymətləndirilir. Paralel olaraq, Naxçıvan Taxıl Məhsulları MMC ətrafında yaranan vəziyyət artıq yalnız cinayət işi deyil, sosial böhran kimi də xarakterizə olunur. Müəssisənin həbsdə olan direktoru Şakir Tarverdiyevin yaxınlarının iddiasına görə, şirkətə tətbiq olunan məhdudiyyətlər nəticəsində 40-a yaxın işçi aylardır maaş ala bilmir.
Yaxınlar bildirirlər ki, MMC-nin fəaliyyətinə süni maneələr yaradılır, məhsulların satışına qeyri-rəsmi əngəllər qoyulur və müəssisə faktiki olaraq bazardan təcrid edilir. Onların iddiasına görə, prosesin arxasında müəyyən səlahiyyətli şəxslər dayanır. Şakir Tarverdiyev Naxçıvanın ehtiyat fondunda saxlanılan 10 min ton buğdanın mənimsənilməsi ittihamı ilə həbs olunub. Ona Cinayət Məcəlləsinin 179.4 – xüsusilə külli miqdarda mənimsəmə və 308 – vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Lakin yaxınları iddia edirlər ki, əsas məsuliyyət başqa şəxslərin üzərindədir.
Onların sözlərinə görə, göstərişlər Ceyhun Cəlilov tərəfindən verilib və Şakir Tarverdiyev icraçı rolunda olub. İddialara görə, direktor həbsdən sonra müəssisənin fəaliyyətini davam etdirmək üçün etibarnamə verib, lakin buna baxmayaraq satış prosesinə maneələr yaradılıb. Mənbələrin bildirdiyinə görə, məhsul alan müəssisələrə təzyiqlər edilib, mallar geri qaytarılıb və faktiki olaraq MMC-dən məhsul alınmaması barədə qeyri-rəsmi göstərişlər verilib.
Bu vəziyyət həm müəssisənin gəlirlərini, həm də işçilərin maaşlarını təhlükə altına salıb. Anbarlarda saxlanılan məhsulların isə istifadə müddətinin bitmək üzrə olduğu bildirilir. İddialara görə, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin balansında olan 10 min tondan artıq buğda bazar dəyərindən xeyli aşağı qiymətə formal şəkildə MMC-yə satılıb. İlkin hesablamalara görə, dövlətə azı 6 milyon 500 min manat ziyan dəyib. Mənbələr bildirir ki, buğdanın keyfiyyətsizləşməsi əsas gətirilərək onun cəmi təxminən 2 milyon manata satılmasına şərait yaradılıb. Bu isə əsas sualı ortaya çıxarır – strateji ehtiyat niyə yararsız vəziyyətə düşüb və bundan kimlər faydalanıb?
Araşdırmaların əsas istiqamətlərindən biri qərarların verilmə mexanizmidir. İddialara görə, Fuad Nəcəfli buğdanın satışı ilə bağlı Naxçıvan İqtisadiyyat Nazirliyinə təzyiqlər göstərib. Digər diqqətçəkən məqam kadr təyinatlarıdır. Məlumatlara görə, onun əmisi oğlu Asiman Nəcəfov MMC-də icraçı vəzifəyə gətirilib və prosesdə iştirak edib. İddialara görə istintaq həmçinin rüşvət qarşılığında işə düzəltmə və müxtəlif dövlət qurumlarına təsir cəhdləri istiqamətində də araşdırmalar aparır. 2024-cü ildə yaradılan Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin Naxçıvan filialı ilə bağlı da ciddi iddialar var. Rəsmi qurum kimi fəaliyyətə başlasa da, faktiki olaraq idarə edəcək ehtiyatların olmadığı bildirilir. Bu isə məsələnin yalnız iqtisadi deyil, həm də dövlət təhlükəsizliyi baxımından risk daşıdığını göstərir.
İstintaq çərçivəsində Bəxtiyar Məmmədov və Samir Seyidəhmədli də daxil olmaqla bir sıra şəxslər dindirilib. Məlumatlara görə, onlar buğda ehtiyatlarının satışı ilə bağlı qərarların Fuad Nəcəflinin göstərişi ilə həyata keçirildiyini bildiriblər. Rəsmi rəqəmlərə əsasən, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 49 min ton buğda istehsal olunub. Bunun 15 min tonu toxum və yem məqsədli ayrılıb. Belə bir şəraitdə 10 min ton strateji ehtiyatın yoxa çıxması artıq təkcə maliyyə cinayəti kimi deyil, regionun ərzaq təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirilir. Hazırda Fuad Nəcəfli və onun komandası ilə bağlı araşdırmalar davam edir və istintaqın nəticələrinin son illərin ən böyük korrupsiya dosyelərindən birini ortaya çıxara biləcəyi istisna edilmir.
Arzu Paşaqızı