Dövlət Departamenti Rusiya ilə Ukraynada mümkün sülh şərtlərinin müzakirəsini təkzib edib
ABŞ-ın Rusiya ilə təmasları ancaq ikitərəfli münasibətlərə aiddir, Ukraynada mümkün sülhün təfərrüatları müzakirə olunmur.
“Turanın səsi” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə danışıb.
“Biz Rusiya ilə danışıqların nəticələrinə görə Ukraynada sülhün nə ola biləcəyini, sülh sazişlərinin konturlarının nədən ibarət ola biləcəyini müzakirə etmirik. Biz ikitərəfli münasibətlər üçün böyük əhəmiyyət kəsb edən məsələləri – saxlanılan amerikalıların vəziyyəti, Moskvadakı səfirliyimizin statusunu müzakirə edirik”, – o bildirib.
N.Prays əlavə edib ki, ABŞ Ukraynaya sülh üçün “təzyiq” etməyə və ya “motivasiya etməyə” ehtiyac görmür, çünki “Prezident Zelenski özü həmişə danışıqlar yolu ilə çözümdən danışır”:
“Sülh şərtlərinə gəlincə, Ukrayna nümayəndə heyətini kimlər təşkil edəcək, kiminlə danışmaq niyyətindədirlər — buna ukraynalı tərəfdaşlar qərar verir”.
Xatırladaq ki, daha öncə “The Wall Street Journal” ABŞ Prezidentinin müşaviri Ceyk Sallivanın artıq bir neçə aydır Ukrayna ilə bağlı Moskva ilə danışıqlar apardığını bildirmişdi.
Kreml məlumatı şayiə adlandırıb. Dövlət Departamenti isə nəşrin bilgisini təkzib edib.