Bələdiyyə anlayışı və bələdiyyələrin önəmi-DEPUTAT
Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyələrin öz mülkiyyəti və yerli büdcəsi olur.
Azərbaycan Respublikasında bələdiyyələr 1999-cu ildə yaradılıb. Ölkədə ilk bələdiyyə seçkiləri isə 12 dekabr 1999-cu ildə keçirilib. Həmin vaxt respublika ərazisində 2700 bələdiyyə yaradılıb, daha sonra isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771-ə endirilib.
Bələdiyyələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. Azərbaycan Respublikasında bütün bələdiyyələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan bələdiyyələrin Dövlət reyestrinə daxil edilir və onlara müvafiq şəhadətnamə verilir.
Bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir. Bələdiyyələrin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq müəyyənləşdirir. Ölkəmizdə növbəti bələdiyyə seçkiləri yanvar ayının 29-da keçiriləcək.
“turaninsesi.az“-ın xəbərinə görə, mövzu ilə bağlı fikir bildirən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, qarşıdan gələn bələdiyyə seçkiləri yerli idarəetmənin gücləndirilməsində mühüm rol oynayacaq:
“2024-cü ildə biz ilk dəfə Azərbaycanın bütün ərazilərində prezident seçkiləri keçirdik və xalqın böyük çoxluğu prezident İlham Əliyevi yenidən ölkə başçısı seçdi. Növbəti seçkilər isə parlament seçkiləri oldu. 2025-ci ildə isə biz ilk dəfə suveren ölkə olaraq, bütün ərazilərimizdə bələdiyyə seçkilərini keçirəcəyik. Əvvəlki dövrdən fərqli olaraq, indi bələdiyyələr birləşdirilib.
Yəni əhali sayı az olan bələdiyyələr digər qonşu böyük bələdiyyələrə birləşdirilib ki, bu da bələdiyyələrin fəaliyyətini daha səmərəli edəcəkdir. Eyni zamanda bələdiyyələrin büdcəsinin formalaşdırılması, yaxın gələcəkdə bələdiyyələrin səlahiyyətlərinin artırılması və yerli idarəetmənin gücləndirilməsinə gətirib çıxaracaq. Artıq biz işğaldan azad olunmuş ərazilərdə və Naxçıvanda prezidentin xüsusi nümayəndələrinin fəaliyyəti ilə yaxından tanışıq.
Mən düşünürəm ki, yaxın gələcəkdə bu idarəetmə sistemi bütün Azərbaycan üzrə tətbiq edilə bilər. İqtisadi regionlar üzrə bunun tətbiq olunacağı təqdirdə yerli idarəetmənin və bələdiyyələrin səlahiyyətləri daha da artırılacaq. Bu baxımdan növbəti seçkilər əvvəlki dövrdəkilərdən fərqli olaraq daha böyük maraq kəsb etməkdədir. Biz namizədlərə də baxanda görürük ki, gənclər bu seçkilərdə daha böyük çoxluq təşkil edir. Düşünürəm ki, bizim 29 yanvar tarixində keçirəcəyimiz bələdiyyə seçkiləri yaxın gələcəkdə yerli özünüidarəetmənin fəaliyyətində böyük bir dönüş yaradacaq. Hər bir Azərbaycan vətəndaşını da seçki hüququndan istifadə edərək, bələdiyyə seçkilərində aktiv iştirak etməyə dəvət edirəm”.
Millət vəkili siyasi partiyaların və müstəqil namizədlərin seçkilərə olduqca aktiv hazırlaşmasının sevindirici olduğunu diqqətə çatdırıb:
“Bu günə qədər Yeni Azərbaycan Partiyası bütün seçkilərdə qalib olub və inanıram ki, ilk dəfə bütün ölkə ərazisində keçirilən bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası qalib olacaq. Digər siyasi partiyaların və müstəqil namizədlərin də bu seçkilərdə aktiv iştirak etməsi bizi sevindirir.
Mən düşünürəm ki, bu dəfəki bələdiyyə seçkiləri yeni bələdiyyələr formalaşdıqdan sonra yerli icmaların da yaradılması zəruridir. Yerli icmalarla bələdiyyələr daha səmərəli və daha faydalı işlər görə bilərlər. Həmçinin bələdiyyələr bir çox fondlardan qrant və dəstək əldə edərək, bir sıra yerli məsələləri özləri həll etməlidir. Yeni seçiləcək bələdiyyələrdə gənclərin və vətəndaş cəmiyyətində aktiv fəaliyyət göstərən şəxslərin təmsil olunması bu cür məsələləri asanlıqla həll etməyə imkan yaradacaq. Hər bir vətəndaş bələdiyyələrlə qarşılıqlı əməkdaşlıq şəklində yerli problemlərin həllinə töhfə verməyə hazır olmalıdır. Bir sözlə biz bələdiyyə seçməklə işimizi bitmiş hesab etməməliyik.
Çalışmalıyıq ki, hər bir vətəndaş öz yaşadığı ərazinin bələdiyyəsi ilə birgə fəaliyyət göstərərək, yerli problemləri həll etməyə töhfə versin. Belə olacağı təqdirdə, biz bələdiyyələrimizin inkişafına dəstək ola bilərik”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI