Milli Məclisin sədr müavini Qazaxıstan parlamentinin deputatı ilə görüşüb
Milli Məclisin sədr müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev noyabrın 22-də Qazaxıstan Parlament Məclisinin deputatı, Qazaxıstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü, tanınmış politoloq Aydos Sarım və Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimovla görüşüb.
Qonaqları salamlayan vitse-spiker iki qardaş xalqı birləşdirən ortaq dəyərlərdən danışaraq, ölkələrimizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından bəhs edib. O, Türk Dövlətləri Təşkilatında, eləcə də, digər beynəlxalq təşkilatlarda hər iki ölkənin bir-birinə qarşılıqlı dəstəyinin maraqlarımıza uyğun olduğunu qeyd edib. Vitse-spiker ölkələrimiz arasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dostluq münasibətlərinin, ölkə başçıları İlham Əliyev və Kasım-Jomart Tokayevin dövründə daha da dərinləşdiyini məmnunluqla diqqətə çatdırıb. Adil Əliyev Kasım-Jomart Tokayevin yenidən Qazaxıstanın Prezidenti seçilməsi ilə əlaqədar bir daha qardaş xalqı təbrik edib.
Vitse-spiker qonağın ölkəmizə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş tədbirdə iştirak üçün səfərini yüksək qiymətləndirib, O, özünün bitərəf millət vəkili olmasına baxmayaraq, YAP-ın Azərbaycan tarixində böyük işlər gördüyünü və hazırda da öz gərgin fəaliyyətini davam etdirdiyini qeyd edib.
Azərbaycan tarixinin ən böyük hadisələrindən biri olan tarixi torpaqlarımızın düşməndən azad edilməsi ilə yekunlaşan Vətən müharibəsinə toxunan sədr müavini, Azərbaycanın Qələbəsinin həm də Azərbaycanın dostlarının qələbəsi olduğunu vurğulayıb.
Adil Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması cəhdlərinə Fransa kimi ölkələrin qısqanclıqla yanaşdığını, hər addımda separatçılığı dəstəkləməklə sülhün qarşısında əngəl olmağa çalışdığını və bununla da beynəlxalq hüququ kobud şəkildə pozduğunu qonaqların diqqətinə çatdırıb.
Səmimi görüşə görə minnətdarlığını bildirən Qazaxıstan Parlament Məclisinin deputatı Aydos Sarım parlamentlərarası əməkdaşlığın dostluq münasibətlərinə mühüm töhfələr verdiyini qeyd edərək, iki qardaş ölkənin hər zaman bir-birinin yanında olmasından və dəstəyindən bəhs edib. O, Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəyə ən çox sevinənlərdən birinin də qardaş Qazax xalqı olduğunu diqqətə çatdırıb, ölkələrimizin beynəlxalq təşkilatlardakı qarşılıqlı fəaliyyətindən danışıb.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da müzakirələr aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi