Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? 

Dekabrın 23-də Səhiyyə Nazirliyində hüquq mühafizə orqanlarının xüsusi əməliyyat keçirdikləri haqda məlumat vermişdik. Əməliyyat zamanı nazirliyin 6 rəhbər şəxsi saxlanıb. Onlardan ikisinin adı ictimaiyyətə açıqlanıb: nazir müavini İlqar Qasımov və nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova.

Onların saxlanma səbəbi kimi plastik cərrahlara saxta sertifikat verilməsi göstərilib. İndi hamını düşündürən sual budur: Doğrudanmı saxtakarlıqdan ən üst rəhbərliyin xəbəri olmayıb?

turaninsesi.az” xəbər verir ki, bu barədə danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, Səhiyyə Nazirliyi rəhbərliyinin cərrahlara saxta sertifikat verilməsindən xəbərinin olub-olmaması hər iki halda onların məsuliyyətini azaltmır.

Onun fikrincə, rəhbərliyin xəbərinin olmaması yaxşı hal deyil:

“Əgər rəhbər şəxslərin bu boyda həngamədən xəbəri olmayıbsa, bunun özü də böyük bir qüsurdur və onların təyinatları üzrə fəaliyyət göstərmədiklərindən xəbər verir. Çünki adından da göründüyü kimi, nazirlik ona təhkim olunan qurumun fəaliyyətinə nəzarət etmək üçün mövcuddur. Sertifikatların dəxli olmayan şəxslərə verilməsi onların nəzarətindən kənar qalıbsa, deməli, nazirlik yetkililəri dövlət və millət qarşısındakı vəzifə borclarını yerinə yetirməyiblər. Məntiqlə, fəaliyyətsizliklərinə görə cavab verməlidirlər. Yox, əgər bütün bu cinayətlər onların gözü qarşısında və xeyir-duaları ilə baş veribsə, o zaman daha böyük cinayət törədiblər. Hər bir halda Səhiyyə Nazirliyinin bütün rəhbər şəxsləri dərhal vəzifədən uzaqlaşdırılmalı, barələrində cinayət işi açılıb, fəaliyyətləri yoxlanılmalıdır. Ona görə ki, həmin məsuliyyətsiz şəxslər nə qədər öz layiq olmadıqları vəzifələrini davam etdirirsə, bənzər cinayətləri yenidən törədə bilərlər. Açığı, səhiyyə yetkililəri haqda hansısa ölçünün götürülməsi barədə indiyədək məlumata rast gəlməmişəm. Ümid edirəm ki, hakimiyyət onlar barəsində təcili ölçü götürər və bunu ictimaiyyətlə paylaşarlar”.

Heydər Oğuz deyib ki, saxta sertifikat alan cərrahların qurbanı olan xeyli sayda insanla görüşüb, onların şikayətlərini dinləyib:

“Onlardan bir çoxu qadın olduğundan və adlarının açıqlanmasını istəmədiklərindən bu barədə məlumatları paylaşmamışam. Amma bəzilərinin şikayətlərini və şəkillərini paylaşdığım da olub. Şikayətçilərin bildirdiyinə görə, estetik əməliyyatların düzgün aparılmaması nəticəsində ölən pasiyentlər var. Bəzilərinin bədənləri get-gedə çürüyür və onları xilas etmək mümkün olmur. Bu mənada saxta sertifikat alıb estetik əməliyyat aparan “həkimlər” vətəndaşların sağlamlığına sadəcə zərər vurmayıblar, rəsmən onları öldürüblər. Məntiqlə, həmin saxta həkimlərə və onlara sertifikat verən şəxslərə ən ağır cəza verilməli, xeyli sayda insanın qətlində günahlandırılmalıdırlar. Əks halda, bir neçə saxta həkimi və onlara sertifikat satan səhiyyə dəllalını tutmaqla bu məsələdə ədaləti bərqərar etmək mümkün deyil. Problem kökündən həll olumalı, səhiyyə terrorunun qarşısı ən sərt şəkildə alınmalıdır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI