Azərbaycan ordusunda alternativ xidmət: “Bir tabor yaradıla bilər”
Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunvericilikdə bir sıra dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30-a endirilib. Digər tərəfdən, artıq hərbi xidmətdən azad edilənlər öz arzuları ilə hərbi xidmətə çağırıla biləcəklər.
“turaninsesi.az” xəbər verir ki, mövzu ilə bağlı danışan hərbi ekspert Emin Həsənli bildirib ki, hərbi xidməti könüllü keçməklə bağlı müraciət istər elmi fəaliyyət, istərsə də bəzi xəstəliklərə görə möhlət alan şəxslərə aid edilə bilər:
“Bu hələ tam təhlil olunmalıdır. Ola bilər ki, vətəndaş hansısa elmi fəaliyyətinə görə çağırışçı olmayıb. Elə şəxslər var magistratura və doktorantura oxuyur, elmi iş müdafiə edir, lakin hərbi xidmətə də getməkdə də israrlıdır. Xəstəliyinə görə hərbi xidmətə getməyənlərin də bir çoxu israr edir ki, getmək istəyirəm.
Xəstəliklə bağlı hərbi çağırışa yararlı olmayanlar yüngül şəraitdə xidməti apara bilər. Digər tərəfdən, ali və orta təhsillilərin hər birinin xidmət müddətinin 1 il olması da gözəl təklifdir. Bu məsələnin də müzakirəyə çıxarmaq olar. Doğrudur, ali təhsilli və ali təhsilsiz arasında fərq qoymaq olmaz”.
Ekspert alternativ xidmətlə bağlı məsələyə də münasibət bildirib:
“Bəzi ölkələrdə belə şəxslər gedib qocalar və uşaqlar evində xidmət göstərir. Azərbaycanda onlar elə ordunun özündə də xidmət edə bilər. Tutaq ki, bir tabor yaradıla bilər və həmin tabor sırf təmizlik işlərini həyata keçirər.
Sovet dövründə tikinti batalyonu var idi. İndi də orduda yetərincə yardımçı sahələr var. Mülki işçiləri alternativ xidmət keçmək istəyənlərlə əvəzləmək olar”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI