Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü

Təcili tibbi yardım avtomobili ilə bir neçə gün bundan əvvəl Astaradan Lənkərana gətirilən xəstə ölüb.

turaninsesi.az” xəbər verir ki, Astara rayon sakini, 1956-cı il təvəllüdlü A.Əhmədova insult keçirməsi səbəbindən Astaradan Lənkərana gətirilirmiş.

Onu aparan təcili tibbi yardım avtomobili köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində Lənkəran rayon Şağlaküçə kənd sakini, 1990-cı il təvəllüdlü N.Şərifzadənin idarə etdiyi “Hyundai Tucson” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində təcili yardım avtomobilində olan xəstə A.Əhmədova və xəstənin yaxınları, 1977-ci il təvəllüdlü E.Əhmədova və 1988-ci il təvəllüdlü S.İbrahimov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. A.Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. O bu gün dünyasını dəyişib.

Qeyd edək ki, “Hyundai Tucson”un sürücüsü N.Şərifzadə Lənkəran Rayon Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşıdır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI