“Fransa həddini aşır və nüfuzunu itirir” – RƏY

0


“Milli Məclisin Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq qəbul etdiyi bəyanat Azərbaycan xalqının fikirlərini əks etdirir, habelə bu gün ölkəmizə qənim kəsilən qüvvələrə açıq xəbərdarlıqdır”.

Bunu “Turanın səsi” nə açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan yaranmış yeni reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırır və bütün vacib platformalarda öz mövqeyini qətiyyətlə qoruyur: “Azərbaycanın xarici siyasətində önəmli istiqamət hər hansı bir ölkənin balacalığı, böyüklüyü ilə bağlı deyil, əsasən həmin dövlətin dünyanın formalaşan yeni siyasi arxitekturasında müəyyənləşdirdiyi yeri ilə bağlıdır.

2020-ci ildən, yəni İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıqların yaranmasına imza atıb. Əldə olunan möhtəşəm Zəfər vasitəsi ilə ölkəmiz BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını təmin etdi. Beləliklə, həm regionda, həm də dünya siyasətində tamamilə yeni bir ab-hava yaratmağa nail oldu.

Cari ildə gördüyümüz ondan ibarətdir ki, postmüharibə dövrünün öz çağırışları, yanaşmaları var. Bu baxımdan Azərbaycan 30 illik xarici siyasətində artıq bəzi məsələlərdə yeni yanaşma tətbiq edir. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının milli maraqlarının təmin olunması üçün bütün ikitərəfli və çoxtərəfli görüşlərdə sülh, əmin-amanlıq, firavan gələcək barədə qətiyyətli mövqeyini ortaya qoyur”.

Deputat qeyd edib ki, bəzi dövlətlərin, xüsusilə də Fransanın həm danışıqlarda yer alaraq tamamilə başqa bir gündəliyi müzakirə etməsi, eyni zamanda sonradan müxtəlif vasitəsilərlə Azərbaycanı işğalda ittiham etməsi, bu məsələlərdə artıq başqa maraqların ortaya çıxması siyasi riyakarlıq, habelə bir siyasətçi kimi Prezident Emmanuel Makronun Azərbaycan-Fransa münasibətlərinə qarşı etdiyi xəyanət, hörmətsizlikdir: “Ümmumiyyətlə son 30 ildə Bakı-Paris münasibətləri ancaq inkişaf edirdi. Azərbaycan Fransanı Avropanın mədəni paytaxtı olaraq bir sıra məsələlərdə, yaradılan mexanizmlərdə daha çox dəstəkləməyə çalışıb. Azərbaycan Ermənistanla sülh sazişinin hazırlanıb imzalanması prosesində Fransanın iştirakına, onun öz sülhməramlı missiyasını yerinə yetirməsinə imkan yaratmışdı. Amma Emmanuel Makron bu fürsətdən istifadə etməkdənsə, Azərbaycanı qaralamaqla məşğul olur”.

M.Əfəndiyev hesab edir ki, öz xalqının maraqlarını təmin etmək, bunun üçün düzgün qərarlar vermək hər liderə nəsib olmur. O deyib ki, E.Makronun Azərbaycanla bağlı münasibətlərdə ortaya qoyduğu səriştəsiz mövqe bu günə qədər formalaşmış münasibətlərə böyük zərbə vurur: “Hətta Paris artıq Avropa İttifaqının daxilində belə söz sahibliyini itirir. Bu, Fransa liderinin mövcud məsələlərə qeyri-adekvat münasibət göstərdiyinin əyani sübutudur”.

M.Əfəndiyev bildirib ki, bu günlərdə Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi, özündə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan, qeyri-səmimi, o cümlədən riyakar mövqe ehtiva edən qətnamə Fransa ilə Azərbaycan arasında götürülmüş ikitərəfli öhdəliklərin kobud şəkildə pozulması, uzun illərdir davam edən həm siyasi, həm də iqtisadi münasibətlərin sual altına qoyulmasıdır: “Bu, nəinki Fransa-Azərbaycan münasibətlərinə, eyni zamanda bu günə qədər Avropa İttifaqı vasitəsilə həyata keçirilmiş bütün görüşlərdə əldə olunan birgə razılaşmalara, bu istiqamətdə göstərilən səylərə, ümmumiyyətlə sülh istiqamətində atılan bütün addımlara böyük zərbə, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı edilən saymazlıq, hörmətsizlikdir”.

O söyləyib ki, Fransa Senatının qətnaməsi Azərbaycan xalqının hiddətinə səbəb olub, Milli Məclisin deputatları da cəmiyyətin mövqeyini nəzərə alaraq Fransa-Azərbaycan münasibətlərinin dayandırılması, mövcud əlaqələrə yenidən baxılması kimi radikal fikirlər, təkliflər səsləndiriblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir