Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olanqanun layihələri ikinci oxunuşda müzakirə olunaraq qəbul edilib

Dekabrın 3-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda hökumət üzvləri iştirak ediblər.
“turaninsesi.az” xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 10 məsələnin – 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda daxil edildiyini diqqətə çatdırıb. Spiker birinci məsələnin “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş) olduğunu söyləyib.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu məsələ barədə məlumat verib.
O, bildirib ki, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi həm komitələrdə, həm də Milli Məclisin plenar iclasında birinci oxunuşda geniş müzakirə olunub. Plenar iclasdan sonra büdcə zərfinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə ikinci oxunuşda müzakirəsi keçirilib və komitə üzvlərinin qaldırdığı məsələlərə münasibət bildirilib.
Komitə sədri vurğulayıb ki, növbəti ilin dövlət büdcəsinin layihəsi ölkə Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifə və təşəbbüsləri, habelə yeni dövrün çağırışlarını, milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri özündə əks etdirir və onların icrası üçün zəruri maliyyə təminatı yaradır. O, qanun layihəsinin büdcə qanunvericiliyinin tələblərinə, ölkənin strateji sənədlərinin müddəalarına cavab verdiyini deyib.
Azər Əmiraslanov qeyd edib ki, 2025-ci ilin büdcə zərfində makro-iqtisadi sabitlik, davamlı iqtisadi artım və büdcə dayanıqlığı, iqtisadi siyasətin prinsipləri və əsas hədəfləri müəyyən edilir. Rifaha və iqtisadi artıma yönəldilmiş xərclər bir-birini tamamlayır və günün reallıqlarına cavab verir.






⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI