Milli Məclisdə ABŞ-ın Yuta ştatının nümayəndə heyəti ilə görüş olub
Noyabrın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-ın Yuta ştatından olan nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Qonaqları salamlayan Səməd Seyidov Azərbaycanla ABŞ arasındakı ortaq cəhətlərdən danışıb. Bildirib ki, hər iki ölkədə müxtəlif dinə, dilə, millətə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Ölkəmizdə mövcud olan tolerantlıqdan söhbət açan komitə sədri müxtəlif konfesiyyaların qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərdiyini söyləyib.
Səməd Seyidov, eyni zamanda, regiondakı mövcud vəziyyətlə bağlı qonaqları məlumatlandırıb. Bildirib ki, Azərbaycan Ermənistanla sülh şəraitində qonşuluq münasibətləri qurmaq niyyətindədir. Ermənistan xalqı da sülh istəyir, lakin bəzi qüvvələr buna mane olurlar.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycanın multikulturalizm ənənələrindən danışıb. Bildirib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri həmrəylik şəraitində yaşayırlar. O, Azərbaycanla ABŞ arasında əlaqələrin inkişaf perspektivlərinə toxunaraq, təhsil, tələbə mübadiləsi sahələrində əməkdaşlığın əhəmiyyətli olduğunu deyib.
Milli Məclisin deputatı Azərbaycanın Vətən müharibəsində qələbəsindən, erməni vandallarının işğal dövründə torpaqlarımızda törətdikləri vəhşiliklərdən və dağıntılardan, hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edib.
ABŞ-ın Yuta Ştatının senatoru Maykl K. Mckell Azərbaycanın multikultural dəyərlərə verdiyi önəmdən söz açıb. O, Azərbaycanın keçdiyi hazırkı dönəmdə ölkəmizin yanında olduqlarını deyib. Ölkələrimiz arasında iqtisadi, humanitar və digər istiqamətlərdə əlaqələrin inkişaf etdiyini söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi