Yağış və leysan nə vaxt dayanacaq?
“Ölkə ərazisində yağıntılı hava şəraitinin bu gün günorta saatlarından sonra tədricən kəsiləcəyi gözlənilir”.
Bu açıqlamanı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “turaninsesi.az“-ın sorğusuna cavab olaraq verib.
O qeyd edib ki, respublika ərazisində yağıntılı hava şəraiti davam etməkdədir.
“Hazırda hansı bölgələrə nə qədər yağıntının düşməsi hesablanır. Bununla bağlı əlavə məlumat veriləcək”, – deyə G.Məmmədova bildirib.
Qeyd edək ki, bir neçə gündür ki, ölkə ərazisində hökm sürən yağıntılı hava şəraiti həm bölgələrdə, həm də paytaxtda ciddi fəsadlara yol açıb.