Milli Məclisin plenar iclasında
Oktyabrın 18-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri bildirib ki, bizim iclasımız Azərbaycan tarixində taleyüklü rol oynamış bir hadisənin ildönümünə təsadüf edir. 33 il öncə bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması xalqımızın dövlətçilik potensialının yenidən təzahür etməsi və müstəqillik arzusunun gerçəkləşməsi idi.
Bildiyiniz kimi, son yüz ildən artıq dövrdə Azərbaycan xalqına siyasi müstəqillik imkanı iki dəfə nəsib olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması milli inkişaf tariximizin son dərəcə önəmli hadisəsidir. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi inkişafında yeni mərhələ açmışdı. Təəssüf ki, xalqımızın əsrin əvvəllərində qurduğu dövlət cəmi 23 ay yaşaya bildi.
1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən dövlətimiz üçün də əslində eyni tale yazılmışdı. Hamımız yaxşı xatırlayırıq, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır problemlər qarşısında qalaraq dərin siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə düşmüşdü.
Dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilmişdi. Ölkə həyatının bütün sahələrini bürüyən hərc-mərclik və özbaşınalıq real vətəndaş müharibəsi təhlükəsi törətmişdi. Belə bir şəraitdə Ermənistan silahlı qüvvələri torpaqlarımızın işğalını gündən-günə genişləndirir, bu isə destruktiv prosesləri daha da sürətləndirirdi.
Dövlətin varlığı, xalqın müqəddəratı sual altında idi. Biz bunu hamımız yaxşı xatırlayırıq.
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan dünya miqyaslı siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyev misilsiz idarəçilik məharəti və siyasi uzaqgörənliyi, əzmkarlığı və yorulmaz səyləri nəticəsində Azərbaycanı gözləyən fəlakətlərin qarşısını almağı, dövlətin qarşısında dayanan ağır problemləri həll etməyi bacardı.
Ümummilli Lider dünyanın böyük güclərinin iradəsinə qarşı çıxaraq, Azərbaycan üçün hazırlanmış planları alt-üst etdi, xalqımızı və dövlətimizi sabitlik və inkişaf dövrünə çatdırdı. Bugünkü müasir Azərbaycan Respublikası Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının ən parlaq ifadəsidir.
Sahibə Qafarova vurğulayıb ki, Ulu Öndərin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlanıb. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun parlamentdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər parlamentarizm və dövlətçilik tariximizin şanlı səhifələrini təşkil edir.
Spiker diqqətə çatdırıb ki, Ümummilli Liderin inkişaf strategiyasını yeni çağırışlar şəraitində davam etdirən möhtərəm Prezident İlham Əliyevin daxili və xarici siyasəti Azərbaycanı zirvələrə yüksəldib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli tarixi torpaqlarımızın Ermənistanın 30 illik işğalından qurtarılması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması nəinki ölkəmiz, həm də bütün dünya üçün tarixi əhəmiyyətli bir hadisə oldu. Azərbaycan Cənubi Qafqaz bölgəsinin liderinə, qlobal geosiyasətdə isə söz sahibi olan bir dövlətə çevrildi.
Milli Məclisin sədri deyib ki, dövlət başçısının fərmanına əsasən dünən Füzuli şəhəri günü qeyd edildi. İki gündən sonra Zəngilan şəhəri günü qeyd olunacaq. Bu hadisələr möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbələrə nail olmuş Azərbaycan Respublikasının güc və qüdrətinin rəmzləridir. Əminliklə söyləmək olar ki, möhtərəm cənab Prezidentin liderliyi və xalqımızın birlik və həmrəyliyi dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcək.
Sonra spiker təklif edib ki, Müstəqilliyin Bərpası Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq. Spikerin təklifi alqışlarla qarşılanıb.
Milli Məclisin sədri bayram münasibəti ilə təbriklərini diqqətə çatdırıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, onun başçılığı ilə nümayəndə heyətləri oktyabrın 10-da və 11-də Tacikistan Respublikasında, oktyabrın 13-dən 15-dək isə İsveçrə Konfederasiyasında işgüzar səfərlərdə olublar.
Oktyabrın 11-də nümayəndə heyətimiz Tacikistan Konstitusiyasının 30 illik yubileyi münasibəti ilə paytaxt Düşənbədə keçirilən beynəlxalq parlament konfransında iştirak edib.
Spiker bildirib ki, həmin konfransda etdiyi çıxışda Azərbaycanla Tacikistanın dövlətlərarası münasibətlərinin möhkəm təməl üzərində davamlı inkişaf etdiyini qeyd edib. Çoxəsrlik tarix, mədəniyyət, din kimi ortaq dəyərlərin birləşdirdiyi xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsində dövlət başçılarının rolunu xüsusi vurğulayıb.
Sahibə Qafarova deyib ki, o, konfransda ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri olan parlamentlərin qarşılıqlı fəaliyyəti barədə fikirlərini də bölüşüb.
Spiker onu da qeyd edib ki, Tacikistanda səfərdə olan müxtəlif ölkələrin nümayəndə heyətlərinin rəhbərləri konfransdan bir gün əvvəl Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüblər. Görüş zamanı Azərbaycanla Tacikistan arasında olan münasibətlər xüsusi vurğulanıb. Prezident Emoməli Rəhmon Ulu Öndər Heydər Əliyev ilə bağlı xoş xatirələrini bölüşüb, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı sahəsində əldə olunan nailiyyətləri qeyd edib.
Spiker deyib ki, o, səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib. Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə aparılan danışıqlarda digər məsələlər ilə yanaşı, parlamentlərarası əməkdaşlığın inkişaf yolları da nəzərdən keçirilib.
Nümayəndə heyətimizin İsveçrəyə səfərində əsas məqsəd isə oktyabrın 14-də Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak etmək idi.
Assambleyada “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan istifadə” mövzusunda müzakirələr aparılıb.
Spiker bildirib ki, oradakı çıxışında o, diqqətə çatdırıb ki, elm, texnologiya və innovasiya kimi sahələr Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutur. Dayanıqlı inkişaf məqsədləri və hədəfləri ölkəmizin milli inkişaf planlarına və strategiyalarına daxil edilib. Ölkəmizdə müasir innovasiyalar və rəqabət qabiliyyətli insan kapitalı 2030-cu ilədək olan dövrü əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biridir.
Milli Məclisin sədri oradakı çıxışında qeyd edib ki, qlobal çağırışlar şəraitində ölkələrin bir-birinin inkişaf arzularını dəstəkləmək kimi mənəvi öhdəlikləri var. 2020-ci ildən bəri Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki yardım göstərib.
Spiker deyib ki, onun çıxışının mühüm bir hissəsi gələn ay Bakıda keçiriləcək COP29 Konfransına həsr olunmuşdu. Assambleyada bütün dünya ölkələrinin parlamentlərinin nümayəndələri iştirak edirdilər. Bunlar həm parlament sədrləri, sədr müavinləri və həm də deputatlar idilər. Sahibə Qafarova bu tədbirdə həmkarlarına COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaqla birlikdə təşkil edəcəyi Parlament konfransı barədə geniş məlumat verib. İqlim dəyişmələrinə qarşı mübarizədə qanunvericilik orqanlarının çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib. O, həmkarlarını bir daha COP29 Konfransına dəvət edib.
Spiker bildirib ki, o, səfər çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi, Türkiyə, İran, Albaniya parlamentlərinin sədrləri ilə görüşüb. O, həmsöhbətlərinə Cənubi Qafqaz regionunda mövcud olan vəziyyət, COP29 ərəfəsində Azərbaycanın qarşılaşdığı haqsız hücumlar və təhdidlər barədə məlumat verib, bu barədə parlamentimizin və bütövlükdə ölkəmizin mövqeyini bildirib. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri çıxışının sonunda Tacikistana və İsveçrəyə işgüzar səfərlərin uğurlu keçdiyini diqqətə çatdırıb və bununla əlaqədar nümayəndə heyətlərinin hər bir üzvünə minnətdarlığını bildirib.
Sonra iclasda cari məsələlər müzakirə olunub.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Musa Qasımlı, Rafael Hüseynov, komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Elman Nəsirov, Kamal Cəfərov, Aqil Abbas, Vüqar Bayramov, Ceyhun Məmmədov, Razi Nurullayev, Sahib Alıyev, İlham Məmmədov çıxış edərək bir sıra aktual mövzularda öz fikirlərini bölüşüblər.
Çıxışlarda Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət kəsb edən Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbriklər səsləndirilib. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi “Müstəqilliyi qoru¬yub saxlamaq onu əldə etməkdən daha çətindir”. Qeyd olunub ki, Azərbaycanın müstəqilliyinin bərpası 1990-cı ilin noyabrında Naxçıvanda başlayıb. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız Nax¬çıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı elan olunub. Ümummilli liderin rəhbərliyi ilə ölkəmizdə gedən islahatlar Azərbaycan iqtisadiyyatının qısa müddətdə güclənməsinə imkan yaratdı. Məhz Heydər Əliyevin əzmi sayəsində dövlət müstəqilliyimizin möhkəmləndirilməsi təmin edildi.
Bildirilib ki, Azərbaycanın müasir tarixi bir daha onu göstərdi ki, əldə edilən müstəqilliyin qorunması bu gün də öz aktuallığını saxlamaqdadır. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Vətən müharibəsində qazandığımız parlaq qələbədən sonra Azərbaycan onun əldə etdiyi uğurları gözü götürməyən bəzi qüvvələrin təzyiqlərinə məruz qalıb. Lakin, qalib dövlət olan Azərbaycanın siyasi və iqtisadi baxımdan qüdrətlənməsi regionla bağlı məkrli niyyətlərin həyata keçirilməsinin qarşısını alan sipərə çevrilib. Hazırda Azərbaycan dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlət kimi tanınır. Ölkəmiz əldə edilən bütün bu uğurlara Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti və yüksək liderlik bacarığı sayəsində nail olub. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir və ölkəmizə qarşı olan haqsız təhdidlər artdıqca bu monolitlik daha da möhkəmlənir.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova iclasın gündəliyinə 15 məsələnin daxil edildiyini, ilk məsələnin üçüncü oxunuşda “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin olduğunu deyib.
İclasda Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov həmin qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, layihə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilib. Sənədlə bağlı birinci və ikinci oxunuşlarda hər hansı əlavə təklifin olmadığını deyən komitə sədri, layihədə texniki xarakterli düzəlişin – “elektron portal” sözlərinin “informasiya sistemi” sözləri ilə əvəz edildiyini söyləyib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Parlamentin spikeri qeyd edib ki, növbəti 5 məsələ ikinci oxunuşda olan qanun layihələridir.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, birinci oxunuşda sənəd barədə geniş məlumat verildiyini, əlavə təklifin olmadığını deyib, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Sənəddə miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi zamanı elektron xidmətlərin daha çevik şəkildə həyata keçirilməsinə, bu zaman kağız daşıyıcıdan istifadənin aradan qalxmasına xidmət edən dəyişikliklər, habelə uyğunlaşdırma xarakterli düzəlişlər öz əksini tapıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov sənəd barədə bu komitənin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Deputat layihədə heç bir əlavə dəyişikliyin olmadığı deyib və onun səsə qoyulmasını xahiş edib.
Sənəddə antikorrupsiya qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması və korrupsiyaya qarşı mübarizənin daha effektiv həyata keçirilməsi ilə bağlı dəyişikliklər təklif edilir.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məsələyə onun rəhbərlik etdiyi komitədə baxıldığını və müsbət rəy verildiyini söyləyib.
Deputatlar Qüdrət Həsənquliyev və Aydın Mirzəzadə öz fikir və qeydlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsindən bəhs edib.
Bildirilib ki, layihə turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin (kimya sənayesi, metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilməsi ilə əlaqədar hazırlanıb. Qeyd olunub ki, Qanunun müvafiq maddəsinə əsasən, turizm və rekreasiya zonaları xüsusi ekoloji, tarixi və mədəni əhəmiyyət daşıyan, təbiəti mühafizə, habelə investisiya qoyuluşunun təşviqi məqsədilə ayrılan və sərhədləri dəqiq müəyyən edilmiş turizm əhəmiyyətli ərazilərdir. Layihənin qəbul edilməsi də məhz turizm və rekreasiya zonalarında xüsusi ekoloji mühitin qorunmasına, turizmin dayanıqlı təşkilinə və davamlı inkişafına xidmət edəcək.
Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu komitələrin layihə ilə bağlı müsbət rəylərini söylədikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən layihədə ekosistemin mühafizəsinin gücləndirilməsi və ekoloji cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur. Belə ki, Məcəlləyə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir. Sənəd ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsi barədə məlumat verib. O, sənədlə bağlı hər hansı əlavə rəy və təklifin olmadığını bildirib və səsə qoyulmasını xahiş edib.
Layihə tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması məqsədilə tullantıların idarə olunması sahəsində qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətin artırılmasını nəzərdə tutur.
Müzakirələrdə komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov məsələ ilə əlaqədar bəzi qeydlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova növbəti iki məsələnin məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. O, diqqətə çatdırıb ki, bu – “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələridir. Spiker qeyd edib ki, hər iki qanun layihəsi inzibati ərazi bölgüsü məsələləri ilə bağlıdır və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcək. O, bu məsələlərlə əlaqədar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənovun, Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyevin, Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynovun, Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Almas Salehovanın iclasda iştirak etdiyini deyib.
Sonra parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov hər iki məsələ barədə məlumat verib. O, Azərbaycanda yerli özünüidarəetmə sisteminin uzun və zəngin tarixi inkişaf yolu keçdiyini qeyd edib. Yerli özünüidarəetmə orqanlarının yaranması və inkişafının ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynadığını, dövlətlə vətəndaşlar arasında birbaşa əlaqənin möhkəmlənməsinə xidmət etdiyini söyləyib. Komitə sədri vurğulayıb ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar müasir dövrdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, yerli sosial-iqtisadi məsələlərin həllində onların iştirakının genişləndirilməsinə, bununla da yerli özünüidarəetmədə səmərəliliyin artırılmasına xidmət edir.
Diqqətə çatdırılıb ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 5 aprel 2024-cü il tarixli Qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Bu Qanunun tələblərinə əsasən, birləşmə ilə bağlı bələdiyyələrin Milli Məclisə təqdim etdikləri rəylərə baxılmış və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 685-ə endirilməsi nəzərdə tutulur.
Siyavuş Novruzov yuxarıda göstərilənlərlə əlaqədar olaraq iki sənədin – “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələrinin hazırlandığını söyləyib. O, bu qanun layihələrinin bələdiyyələrdə idarəetmənin effektivliyinin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına, regionların balanslı inkişafının təmin edilməsinə, bələdiyyələr arasında daha sıx əməkdaşlığın qurulmasına hədəfləndiyini qeyd edib.
Təqdim olunan sənədlər ətrafında müzakirələrdə komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, deputatlar Əli Məsimli, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Elşad Musayev, Gülşən Paşayeva, Kamran Bayramov, Aydın Hüseynov öz fikirlərini, qeyd və təkliflərini açıqlayıblar. Komitə sədri Siyavuş Novruzov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətirib.
Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin digər 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.
İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Bildirilib ki, mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının silahlı birləşmələrinin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində onların fəaliyyətinin təmin edilməsi üçün maddi-texniki təminatlar nəzərdə tutulmuşdur. Bu maddi-texniki təminatların tərkibinə silahlı birləşmələrin növünün tələbatına uyğun olaraq fəsil planı, rütbə ardıcıllığı, qoşun növü, silah növü və digər amillər nəzərə alınmaqla “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 9.6-cı maddəsi ilə təminat norması müəyyən edilmişdir.
Qeyd olunub ki, qanun layihəsində nəzərdə tutulan dəyişiklikdə Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda müvafiq vasitələrlə təmin edilməsi qaydası və təminat norması müəyyən edilməyəcək, yeni redaksiyaya əsasən, onlar üçün ümumi qayda müəyyən ediləcəkdir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəliyin 10-cu məsələsini – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.
Komitə sədri layihədə hərbi vəzifəlilərin ehtiyatda olduqları müddətdə hərbi toplanışlara çağırılması qaydaları ilə bağlı təklif olunan dəyişikliklərin əsas mahiyyəti barədə danışıb. Qeyd olunub ki, sənəddə müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilər üçün hərbi təlim toplanışlarına çağırılması müddəti ayrıca müəyyən edilir.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra spiker Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə də bir-birinə yaxındırlar. Ona görə spikerin təklifi ilə qanun layihələri barədə məlumatlar təqdim olunandan sonra sənədlərin müzakirəsi birgə keçirilib.
11-ci məsələ olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. O, bildirib ki, qanun layihəsi yaşıllıqlar və heyvanlar aləminin mühafizəsi ilə bağlıdır. Bu məqsədlə də layihədə qanunvericiliyin çəkindirici xarakterinin gücləndirilməsi təklif olunub.
Birincisi, qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə (götürməyə) görə Cinayət Məcəlləsində “xeyli miqdar”, “külli miqdar” anlayışlarının hədləri artırılır və ilk dəfə olaraq “xüsusilə külli miqdar” anlayışı müəyyən edilir. Habelə Cinayət Məcəlləsinin 259-cu və 260-cı maddələrinə görə sanksiyalardakı cərimə cəzasının konkret pul məbləği ilə deyil, cinayət nəticəsində vurulmuş ziyanın müvafiq mislinədək miqdarda pul tənbehi ilə müəyyən olunması təklif edilir.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları müəyyən edən müddəalar təkmilləşdirilir. Habelə Məcəllənin “Heyvanlarla rəhmsiz rəftar edilməsi” maddəsi yeni redaksiyada verilir, burada da sanksiyalar sərtləşdirilir. Bundan başqa, Məcəlləyə yeni 274-1-ci maddənin (“Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsi”) əlavə edilməsi də təklif olunur.
12-ci məsələni “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib.
Komitə sədri diqqətə çatdırıb ki, qanunlara təklif olunan dəyişikliklər heyvanlar aləminin, ətraf mühitin və yaşıllıqların mühafizəsini, bu sahədə qaydaların və cərimələrin tətbiqini nəzərdə tutur. Bu baxımdan “Heyvanlar aləmi haqında” Azərbaycan Respublikası Qanununa heyvanlarla rəhmsiz rəftar edilməsi hallarına görə məsuliyyəti nəzərdə tutan yeni müddəaların daxil edilməsi təklif olunub.
“Ətraf mühitin mühafizəsi haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna daxilolmalar sırasına yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə dəymiş ziyanla bağlı daxilolmalar da əlavə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, qanunun tətbiq dairəsi yeni redaksiyada verilir, bununla da qanunun şamil olunmadığı halların (yaşıllıqların) dairəsi dəqiqləşdirilir.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov rəhbərlik etdiyi komitənin qanun layihələri ilə bağlı müsbət rəyini səsləndirib.
Müzakirələrdə deputatlar Azay Quliyev, Ceyhun Məmmədov, Səyyad Salahlı, Elçin Mirzəbəyli və Əlibala Məhərrəmzadə çıxış edərək dəyişikliklərlə bağlı fikirlərini bildiriblər.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun deputatların qaldırdıqları məsələlərə dair arayışı dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Növbəti məsələni – “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib. Komitə sədri bildirib ki, layihə əhalinin dərman vasitələrinə olan ehtiyaclarının qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəminin yaradılması məqsədi ilə hazırlanıb.
Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, sənəddə adıçəkilən qanunlara mahiyyət üzrə, texniki, stilistik və redaktə xarakterli çoxsaylı dəyişikliklər təklif olunub. Layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, həmçinin əhalinin dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə ambulator şəraitdə dərman vasitələrinin buraxılması şərtləri müəyyən edilib. Bundan başqa, sözügedən əlavə və dəyişikliklərdə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.
Qanun layihəsinin müzakirəsində komitə sədri Hicran Hüseynova, deputat Razi Nurullayev çıxış ediblər. Onlar dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Diqqətə çatdırılıb ki, layihə hakim vəzifəsinə namizədlərin seçilməsi və hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsini nəzərdə tutur. Sənəddə vakant hakim vəzifələrinin qısa müddətdə komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi prosesinin daha da sürətləndirilməsi təklif olunur. Belə ki, hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaq. Eyni zamanda, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər hakim təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.
Qeyd olunub ki, sənəddə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşmış orqanının – Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması nəzərdə tutulur. Bununla əlaqədar “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyətini tənzimləyən yeni maddə əlavə edilir. 9 hakimdən ibarət olacaq Hakimlərin Qiymətləndirilməsi Komitəsi qiymətləndirmənin nəticəsinə dair yekun rəy tərtib etməklə, Məhkəmə-Hüquq Şurasına təqdim edəcəkdir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yekununda müəyyən olunan nəticələrin qanunda təsbit olunması təklif edilir. Bundan başqa, qiymətləndirmənin yekununda müəyyən olunan hər bir nəticəyə uyğun olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul edilən qərarlar qanunda dəqiq təsbit olunur.
Deputatlar Azay Quliyev, Bəxtiyar Əliyev, Arzuxan Əli-zadə məsələ barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev gündəliyin sonuncu məsələsi – “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumatı diqqətə çatdırıb.
Bildirilib ki, qanuna 10-1.8-ci və 10-1.9-cu maddələrin əlavə edilməsi təklif olunur. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə verilir. Bununla yanaşı, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilir.
Müzakirələrdə komitə sədri Fazil Mustafa, deputatlar Bəhruz Məhərrəmov, Bəxtiyar Əliyev məsələ ilə bağlı öz fikir və qeydlərini söyləyiblər.
Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI