Sahibə Qafarovanın parlamentin 2024-cü il 18 oktyabr tarixli plenar iclasında çıxışı

0

Hörmətli həmkarlar!
Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətləri oktyabrın 10-da və 11-də Tacikistan Respublikasında, oktyabrın 13-dən 15-dək isə İsveçrə Konfederasiyasında işgüzar səfərlərdə olmuşdur.
Oktyabrın 11-də nümayəndə heyətimiz Tacikistan Konstitusiyasının 30 illik yubileyi münasibəti ilə paytaxt Düşənbədə keçirilən beynəlxalq parlament konfransında iştirak etmişdir.
Konfransda etdiyim çıxışda mən Azərbaycanla Tacikistanın dövlətlərarası münasibətlərinin möhkəm təməl üzərində davamlı inkişaf etdiyini qeyd etdim. Çoxəsrlik tarix, mədəniyyət, din kimi ortaq dəyərlərin birləşdirdiyi xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsində dövlət başçılarının rolunu xüsusi vurğuladım.
Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri olan parlamentlərin qarşılıqlı fəaliyyəti barədə fikirlərimi də bölüşdüm.
Onu da qeyd edim ki, hörmətli həmkarlar, Tacikistanda səfərdə olan müxtəlif ölkələrin nümayəndə heyətlərinin rəhbərləri konfransdan bir gün əvvəl Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşmüşlər. Onu da istəyirəm sizinlə bölüşüm, hörmətli həmkarlar. Görüş zamanı Azərbaycanla Tacikistan arasında olan münasibətlər xüsusi vurğulandı. Prezident Emoməli Rəhmon Ulu Öndər Heydər Əliyev ilə bağlı xoş xatirələrini bölüşdü, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı sahəsində əldə olunan nailiyyətləri qeyd etdi.
Hörmətli deputatlar!
Səfər çərçivəsində mən bir sıra ikitərəfli görüşlər də keçirdim. Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə aparılan danışıqlarda digər məsələlər ilə yanaşı, parlamentlərarası əməkdaşlığın inkişaf yolları da nəzərdən keçirildi. Siz yaxşı bilirsiniz ki, bu ölkələrin parlament sədrləri bir neçə dəfə Azərbaycana təşrif buyurublar, rəsmi səfərlərdə olublar, işgüzar səfərlərdə də bizimlə birlikdə burada çox mühüm hadisələri qeyd ediblər.
Hörmətli həmkarlar!
Nümayəndə heyətimizin İsveçrəyə səfərində əsas məqsəd isə oktyabrın 14-də Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak etmək idi.
Assambleyada “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan istifadə” mövzusunda müzakirələr aparıldı.
Çıxışımda bildirdim ki, elm, texnologiya və innovasiya kimi sahələr Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutur. Dayanıqlı inkişaf məqsədləri və hədəfləri ölkəmizin milli inkişaf planlarına və strategiyalarına daxil edilib. Ölkəmizdə müasir innovasiyalar və rəqabət qabiliyyətli insan kapitalı 2030-cu ilədək olan dövrü əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biridir.
Qeyd etdim ki, qlobal çağırışlar şəraitində ölkələrin bir-birinin inkişaf arzularını dəstəkləmək kimi mənəvi öhdəlikləri var. 2020-ci ildən bəri Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki yardım göstərmişdir.
Hörmətli həmkarlar!
Mənim çıxışımın mühüm bir hissəsi gələn ay Bakıda keçiriləcək COP29 Konfransına həsr olunmuşdu. Və bildiyiniz kimi, Assambleyada bütün dünya ölkələrinin parlamentlərinin nümayəndələri iştirak edirdilər. Bunlar həm parlament sədrləri, sədr müavinləri və həm də deputatlar idilər. Və mən həmkarlarıma COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaqla birlikdə təşkil edəcəyi Parlament konfransı barədə geniş məlumat verdim. İqlim dəyişmələrinə qarşı mübarizədə qanunvericilik orqanlarının çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyətini qeyd etdim. Həmkarlarımı bir daha COP29 Konfransına dəvət etdim.
Hörmətli deputatlar!
Səfər çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi, Türkiyə, İran, Albaniya parlamentlərinin sədrləri ilə görüşdüm. Mən həmsöhbətlərimə Cənubi Qafqaz regionunda mövcud olan vəziyyət, COP29 ərəfəsində Azərbaycanın qarşılaşdığı haqsız hücumlar və təhdidlər barədə məlumat verdim, bu barədə parlamentimizin və bütövlükdə ölkəmizin mövqeyini bildirdim.
Görüşlərdə İkitərəfli əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparıldı.
Hörmətli həmkarlar!
Hesab edirəm, Tacikistana və İsveçrəyə işgüzar səfərlər uğurlu keçdi və bununla əlaqədar mən nümayəndə heyətlərinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir