Qazaxıstan Respublikası Parlamenti Senatının nümayəndə heyəti Milli Məclisdə olub
Avqustun 14-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Senatının Aparat rəhbəri Maksim Spotkayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonaqları VI çağırış Milli Məclisin sədri Sahibə Qafarovanın adından səmimi salamlayan Aparat rəhbəri, Azərbaycan və Qazax xalqları arasında dərin köklərə söykənən çoxəsrlik dostluq və qardaşlıq münasibətlərinə dair fikirlərini səsləndirib. İkitərəfli münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra daha da möhkəmləndiyini deyən Fərid Hacıyev, əlaqələrimizin inkişafında ölkə başçılarının müstəsna rolunu qeyd edib, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, aparılan danışıqların, müntəzəm görüşlərin əhəmiyyətini vurğulayıb.
44 günlük Vətən müharibəsi və keçən il həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edilməsindən söhbət açan Fərid Hacıyev, Qazaxıstan tərəfinə Azərbaycanın ərazi bütövlüyü məsələsindəki ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. O, cari ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin işğaldan azad edilmiş Füzuli şəhərində inşa olunan Qazax xalqının hədiyyəsi – Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirakını məmnuniyyətlə qeyd edib.
Görüş zamanı, nümayəndə heyətinə Milli Məclisin və onun Aparatının strukturu, ölkədəki seçki sistemi, qanun yaradıcılığı prosesi, mövcud komitə və komissiyalar, partiyaların təmsilçiliyi, həmçinin parlamentin xarici əlaqələri barədə məlumat verilib. Fərid Hacıyev ölkəmizdə sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə hazırlıq barədə fikirlərini bildirib.
Görüşdə qeyd olunub ki, Azərbaycan digər sahələrdə olduğu kimi, Qazaxıstan Respublikası ilə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində də yaxından maraqlıdır. İkitərəfli əlaqələrin inkişafında müxtəlif dövrlərdə parlament sədrlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların rolu vurğulanıb, ölkə parlamentlərinin beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığından məmnuniyyət ifadə olunub. Parlament Aparatları arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Ölkəmizə səfərə dəvətə görə təşəkkürünü bildirən Qazaxıstan Respublikası Parlamenti Senatının Aparat rəhbəri Maksim Spotkay Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Qonaq da öz növbəsində Milli Məclis Aparatının rəhbərini Qazaxıstana səfərə dəvət edib.
Ölkələrimiz arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışan qonaq, əlaqələrin inkişafında ölkə prezidentlərinin xüsusi rolunu qeyd edib, ikitərəfli münasibətlərin dərinləşməsində qanunverici orqanlar arasında əməkdaşlığın vacibliyini vurğulayıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətindən danışıb.
Görüşdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov, Rüstəm Mahmudov iştirak ediblər.
***
Qazaxıstan Parlamenti Senatının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik, İqtisadi qanunvericilik, Sosial qanunvericilik, Beynəlxalq münasibətlər və İnformasiya resursları və texnologiyaları şöbələri ilə nümayəndə heyətində təmsil olunan müvafiq şöbələrin nümayəndələri arasında görüşlər keçirilib.
Görüşlərdə parlament şöbələrinin funksiyaları, fəaliyyət istiqamətləri, iş prinsipləri, qanunvericilik fəaliyyətində iştirakı, qanun layihələrinin hazırlanması, qəbulu və qüvvəyə minmə prosesi, həmçinin VI çağırış Milli Məclisin beynəlxalq əlaqələri və həyata keçirdiyi uğurlu parlament diplomatiyası, tətbiq olunan texnoloji yeniliklər və yaradılan elektron sistemləri barədə məlumat verilib.
Söhbət zamanı parlament aparatlarının strukturları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsi, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.
***
Qazaxıstan Respublikası Parlamenti Senatının Aparat rəhbəri Maksim Spotkayın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olarkən parlamentin inzibati binası ilə də tanış olub.
Parlamentin plenar iclas zalı ilə tanış olan qonaqlara Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov burada deputatlar üçün yaradılmış iş şəraiti, parlamentin plenar iclasının keçirilməsi prosedurları haqqında məlumat verib.
Sonra qonaqlar parlamentin inzibati binasının foyesində VI çağırış Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş “Zəfər guşəsi” ilə tanış olublar. Bildirilib ki, həmin guşəyə müharibə dövründə canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub. Qonaqlar guşədə yer alan və Vətən müharibəsində qələbə münasibətilə təsis olunmuş orden və medallarla və digər məlumatlarla tanış olublar.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI