Pandemiya və Ukraynada müharibə Almaniya iqtisadiyyatına 420 milyard avro ziyan vurub
Koronavirus pandemiyasının mənfi nəticələrini yumşaltmağa və Ukraynaya dəstək verməyə yönəlmiş Almaniya iqtisadiyyatına dəstək tədbirləri Berlinə 420 milyard avroya başa gəlib.
“Turanın səsi” xəbər verir ki, bu barədə “Deutsche Wirtschafts Nachrichten” qəzeti Kölndəki Alman İqtisadiyyatı İnstitutunun məlumatlarına istinadən məlumat yayıb.
Enerji təchizatı ilə bağlı mövcud problemlər və idxal olunan xammalın qiymətlərinin artması, eləcə də əhalinin alıcılıq qabiliyyətinin azalması səbəbindən Almaniya iqtisadiyyatı ardıcıl üçüncü ildir ki, böhran yaşayır.
Qeyd olunub ki, 2023-cü ildə vəziyyətin dəyişməsi ehtimalı azdır – yerli ÜDM azalmağa davam edəcək.
“Münaqişə nəticəsində yaranan enerji və xammal təminatında yaranan problemlər görünməmiş qiymət şoklarına səbəb olur. Uzun müddət davam edən dumanlı iqtisadi mənzərə səbəbindən şirkətlər də hələ də investisiya yatırmaqdan çəkinirlər”, – məqalədə deyilir.