Zəfər Günü ilə bağlı tədbirlərdə
Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün noyabrın 6-da Rusiyanın Moskva şəhərinə səfər edəcək.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə 30 il ərzində Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərinin işğaldan azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsində Şanlı Qələbəmizin ildönümü qeyd ediləcək, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad olunacaqdır.
Səfər noyabrın 9-da başa çatacaq.
***
Milli Məclisin deputatları, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ramil Həsən və Müşfiq Cəfərov Zəfər Günü ilə əlaqədar keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün noyabrın 5-dən 10-dək Özbəkistanın Daşkənd şəhərində səfərdə olacaqlar.
Səfər çərçivəsində “Azərbaycan-Özbəkistan” Dostluq Cəmiyyəti, Türk Ağsaqqalları İctimai Birliyi və ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Zəfər Günü münasibətilə keçiriləcək konfransda və digər tədbirlərdə iştirak edəcəklər.
Deputatlarımız Zəfər Gününə həsr olunmuş konfransda məruzə ilə çıxış edəcək, Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qəhrəman övladlarımızın şücaəti sayəsində Vətən müharibəsində qazandığımız qələbənin tarixi əhəmiyyəti barədə danışacaqlar.
***
Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov Zəfər Günü münasibətilə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) tərəfindən keçiriləcək tədbirlərdə iştirak etmək üçün noyabrın 6-da İsrailin Tel-Əviv şəhərinə səfər edəcək.
Azərbaycan xalqının Zəfər Günü ilə əlaqədar təşkil edilmiş tədbirlərdə Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, indi həmin ərazilərdə aparılan tikinti-quruculuq işləri barədə danışılacaq, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar diqqətə çatdırılacaqdır.
Səfər noyabrın 10-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi