MM komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsi müzakirə edilib
Noyabrın 4-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə toplantısında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.
Tədbiri Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev açaraq bu günlərdə qeyd ediləcək Zəfər günü, Bayraq günü və qarşıdan gələn Konstitusiya günü münasibətilə iclas iştirakçılarını təbrik edib.
Vitse-spiker bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət və iqtisadi strategiya Azərbaycan iqtisadiyyatını dünyada baş verən siyasi-iqtisadi kataklizmlərdən qorumağa imkan verib. Bunun nəticəsində hazırkı böhranlı və çağırışlarla dolu beynəlxalq şəraitdə Azərbaycan iqtisadiyyatında artım müşahidə olunur.
Adil Əliyev qeyd edib ki, bu il ərzində Ermənistan tərəfindən dəfələrlə bizə qarşı silahlı təxribatların törədilməsi və ölkəmizin milli təhlükəsizliyini təhdid edən digər halların baş verməsi hərbi qüdrətimizin artırılmasını labüd edir və bu zərurət dövlət büdcəsinin hərbi xərclər hissəsində öz əksini tapıb. Eyni zamanda, dövlətimiz büdcənin sosial yönümlü olmasına sadiq qalır.
Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, digər prioritet istiqamət isə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Bu yaxınlarda Zəngilan Beynəlxalq Hava limanının açılışı və Zəngilanın Ağalı kəndinə doğma sakinlərinin qayıdışı bu istiqamətdə görülən işlərin uğurundan xəbər verir. O, qeyd edib ki, Böyük Qayıdış mühüm strateji məsələdir və təbii ki, bu amil 2023-ci ilin dövlət büdcəsində də nəzərə alınıb.
Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək bildirib ki, 2023-cü ilin dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat məbləğində təklif olunur. 2023-cü il və sonrakı 3 il üzrə dövlət büdcəsi müdafiə və təhlükəsizlik, dövlət borcuna xidmət və digər xərclərin təmin edilməsi ilə yanaşı, iqtisadi artımı və sahibkarlığın inkişafını dəstəkləyən, həssas və aztəminatlı əhalinin sosial müdafiəsi, elm, təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə islahatların davamını təmin edən proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Nəzərə çatdırılıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da yüksəldilməsini və ordu quruculuğunun daim müasirləşdirilməsini ən ümdə və prioritet vəzifələr sırasına daxil edib. Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması, Müzəffər Ordumuzun gücünün və qüdrətinin daim artırılmasını tələb edir. Qeyd olunan çağırışlar fonunda növbəti ilin dövlət büdcəsi xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq mühafizə xərclərinə yönəldiləcək. Bu da cari illə müqayisədə 6,6 faiz çoxdur. Bununla yanaşı, əsas prioritet vəzifələrdən biri kimi qəbul edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə 5 milyard 244 milyon manat, o cümlədən strategiyanın əsaslı xərclər komponenti üzrə 4 milyard 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmin əsaslı xərclərin 3 milyard manatlıq hissəsi məhz işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın təmin etdirilməsi üçün yaşayış və qeyri-yaşayış infrastrukturunun tikintisinə və digər tədbirlərə yönəldiləcəkdir.
Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatının, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir növbəti ildə bu istiqamət üzrə 1 milyard 202 milyon manat vəsaitin ayrılacağını bildirib.
Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək diqqətə çatdırıb ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Palatanın rəyində 3 əsas məsələyə – təqdim edilən sənədlərin tamlığına və mövcud qanunvericiliyin tələblərinə uyğunluğuna, büdcə parametrlərinin makrogöstəricilərə və strateji sənədlərə adekvatlığına və büdcə parametrlərinə dair hesablamaların əsaslılığına və doğruluğuna diqqət yetirilib.
Qeyd edilib ki, “Büdcə zərfi”ndə təqdim edilən sənədlərdə bir sıra yeniliklər tətbiq edilib. Belə ki, vergi və gömrük sahəsində tətbiq olunan güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsiri qiymətləndirilib, ilk dəfə olaraq qeyri-neft ÜDM-i müxtəlif ssenarilərlə təqdim edilib və onun fiskal göstəricilərlə əlaqələndirilməsi həyata keçirilib. Eyni zamanda, məlumatların keyfiyyətinin və həcminin yüksəldilməsi istiqamətində də addımlar atılıb. “Büdcə zərfi”ndə Hesablama Palatasının rəylərində qeyd edilmiş bəzi məqamlar, eyni zamanda, layihənin tərtib edilməsi zamanı müzakirələrdə qaldırılan məsələlər də nəzərə alınıb.
Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun növbəti il üçün nəzərdə tutulan büdcələri barədə məlumat verib. Bildirib ki, növbəti ilin büdcəsi gəlir və xərclər üzrə balanslaşdırılaraq 6 milyard 264 milyon manat məbləğində qiymətləndirilib. Bu isə cari ildəki məbləğdən 658 milyon və ya 12 faiz artıqdır. Bu gəlirlər çərçivəsində məcburi dövlət sosial sığorta üzrə gəlirlər 4 milyard 784 milyon manat proqnozlaşdırılır. Bu isə cari ilə nisbətən 10 faiz və ya 422 milyon manat artıqdır. Transfertin həcmi isə 1 milyard 468 milyon manat məbləğində müəyyən edilib. Dövlət büdcəsi tərəfindən dövlət öhdəliklərinin ödənilməsi məqsədi ilə həyata keçirilən bu transfertin ümumi gəlirdəki payı növbəti il ərzində 23 faiz təşkil edəcək.
Nazir bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 97 faizi, yəni 6 milyard 78 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu da cari illə müqayisədə 12 faiz artıq deməkdir. Əmək pensiyalarının maliyyələşdirilməsinə 5 milyard 907 milyon manat və ya cari ildən 650 milyon manat artıq, məcburi dövlət sosial sığorta hesabına verilən müavinətlərə isə 170 milyon manat yönəldiləcək.
Sahil Babayev bildirib ki, əmək pensiyalarının orta aylıq məbləği cari ildə 371 manat, yaşa görə əmək pensiyalarının orta məbləği isə 400 manat təşkil edir. Növbəti ildə orta məbləğlərdə ciddi artım gözlənilir və yaşa görə göstəricinin 450 manatın üzərinə, ümumilikdə əmək pensiyalarının orta aylıq məbləğinin isə 420 manatın üzərinə çıxacağı proqnazlaşdırılır.
Sosial sahədə aparılan islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini deyən Sahil Babayev 2022-ci il ərzində Dövlət Sosial Müdafiə Fondu, DOST Agentliyi və Nazirliyin digər sosial sahədə fəaliyyət göstərən strukturlarının 11 beynəlxalq mükafat əldə etdiyini qeyd edib. Eyni zamanda, bu qurumlar xidmət keyfiyyətinin artırılması, paralel olaraq şəffaflığın, korrupsiyaya qarşı mübarizənin təmin edilməsi istiqamətində də 12 beynəlxalq ISO sertifikatı ilə təltif olunublar.
İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı məlumat verən nazir bildirib ki, növbəti ildə fondun büdcəsi 212 milyon 700 min manat məbləğində proqnozlaşdırılır. Burada sığorta haqları üzrə gəlirlər 159,6 milyon manat, 53 milyon manat isə ehtiyatdan cəlb edilən vəsait kimi proqnozlaşdırılır. İşsizliyə görə sığorta ödənişinin əhatə dairəsinin artırılması və 11 milyon manat olaraq həyata keçirilməsi proqnozlaşdırılır.
Sonra iclasda 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclisin komitə sədrləri öz fikirlərini açıqlayıblar.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində bu il müstəqillik dövrünün ən böyük büdcəsini qəbul edirik. Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişafı edir, ölkədəki sosial məsələlərin həllinə, yeni iş yerlərinin açılmasına, abadlıq-quruculuq işlərinə xüsusi diqqət göstərilir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2023-cü ilin dövlət büdcəsi post-müharibə və post-pandemiya dövründə qarşıya qoyulan məsələlərin həllinə yönəlik maliyyələşmə mexanizmlərini və imkanlarını özündə əks etdirir. Büdcə layihəsi əvvəlki illərdə olduğu kimi, sosialyönümlüdür. Son beş ildə büdcənin sosialyönümlü xərclərinin iki dəfə artdığını söyləyən Musa Quliyev deyib ki, bu da Azərbaycan vətəndaşlarının sosial rifahının daim diqqətdə saxlanıldığını bir daha göstərir.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, növbəti ilin dövlət büdcəsində ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması, torpaq və yer quruluşu, hidrometrologiya, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, ərazilərin təmizlənməsi və digər sahələrlə bağlı ayrılan vəsait əvvəlki illə müqayisədə 79 milyon manat çoxdur. Ölkəmizdəki ekoloji vəziyyət və bununla mübarizə məsələlərinə toxunan Sadiq Qurbanov görülə biləcək tədbirlərlə bağlı təkliflərini səsləndirib.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev növbəti ilin dövlət büdcəsinin bugünün reallıqlarını özündə əks etdirdiyini bildirib. Qeyd edib ki, cari ildə Ümumi Daxili Məhsulun, valyuta ehtiyatlarının, əhalinin pul gəlirlərinin, əmək haqlarının artımı Azərbaycan iqtisadiyyatının dayanıqlılığını və davamlılığını bir daha göstərir. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasətin, eləcə də bu sahədə çalışan insanların peşəkarlığının nəticəsidir.
Sonra 2023-cü ilin dövlət büdcəsinin layihəsi ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən Milli Məclisin deputatları Şahin İsmayılov, Asim Mollazadə, Etibar Əliyev, Jalə Əliyeva, Soltan Məmmədov, Naqif Həmzəyev, Kamran Bayramov, Məlahət İbrahimqızı, Sevinc Hüseynova büdcə layihəsi, onun parametrləri, proqnoz göstəriciləri, gəlirləri, xərc istiqamətləri kimi məsələlərlə bağlı rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.
Maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qaldırılan məsələlərə aydınlıq gətiriblər, deputatların suallarını cavablandırıblar, səsləndirdikləri təkliflərlə bağlı fikirlərini bildiriblər.
İclasın sonunda “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi