UNESCO-da bəstəkar Fikrət Əmirovun 100 illiyi qeyd edilib
Fransanın paytaxtı Parisdə, UNESCO-nun mənzil-qərargahının konsert zalında Azərbaycanın dünya şöhrətli bəstəkarı Fikrət Əmirovun 100 illiyi qeyd edilib.
“Turanın səsi” xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş musiqi axşamında təşkilatın baş katibinin müavini Firmin Edouard Matoko, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, diplomatik korpusun nümayəndələri, fransalı siyasətçilər, musiqi həvəskarları, jurnalistlər və digər şəxslər iştirak ediblər.
UNESCO baş katibinin müavini Firmin Edouard Matoko çıxışında musiqinin cəmiyyətdə həmrəyliyi, birliyi, dialoqu gücləndirdiyini bildirib. O, UNESCO-nun musiqinin dəyərlərinin yayılmasındakı roluna toxunub və Azərbaycan musiqisinin bu yolda əhəmiyyətli yeri olduğunu bildirib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi E.Abdullayev dünya şöhrətli bəstəkar F.Əmirovun yaradıcılığı haqqında məlumat verib, bəstəkarın musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək dəyərli sənət əsərləri yaratdığını və əsərlərinin Azərbaycanın musiqi tarixinin parlaq səhifələrindən olduğunu bildirib. E.Abdullayev ölməz bəstəkarımızın şifahi ənənəli klassik musiqi janrı olan muğam dəstgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirdiyini, orkestr boyalarının əlvanlığına böyük ustalıqla nail olduğunu xüsusi qeyd edib.
Musiqi axşamında Azərbaycanın Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, respublikamızın Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistlər – Səbinə Əsədova, Babək Niftəliyev, gənc müğənnilər Selcan Nəsibli, Orxan Cəlilov çıxış ediblər. Proqrama bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstan Bayatı-Şiraz”, “Azərbaycan süitası”, F.Əmirov ilə Elmira Nəzirovanın həmmüəllifi olduqları “Ərəb mövzuları əsasında fortepiano konserti”, habelə bəstəkarın “Şeyx Sənan” (Hüseyn Cavid) tamaşası üçün yazdığı məşhur “Kor ərəbin mahnısı”, “Azərbaycan elləri” vokal inciləri və digər əsərlər daxil edilib.