Milli Məclisin plenar iclasında
Mayın 24-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
“Turanın səsi ” xəbər verir ki , iclasın gündəliyi qəbul olunduqdan sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Müzakirələrdə çıxış edən deputatlar Ceyhun Məmmədov, Azər Kərimli, Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Şahin İsmayılov, Elnur Allahverdiyev, Fəzail Ağamalı, Razi Nurullayev, Anar İsgəndərov, Tural Gəncəliyev gündəmdə olan məsələlər barədə fikirlərini açıqlayıblar.
Deputatlar Fransanın bəzi dairələrinin bu ölkənin müstəmləkəçilik siyasəti nəticəsində Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Azərbaycana qarşı yönəlmiş ittihamlarını əsassız hesab ediblər. Bildirilib ki, Yeni Kaledoniyada baş verən iğtişaşlarda yerli əhalinin Fransanın neokolonial siyasətinə etirazı nümayiş etdirilib. Azərbaycanın Yeni Kaledoniya ilə bağlı mövqeyi isə ölkəmizin üzərinə götürdüyü öhdəliklərdən, beynəlxalq sənədlərdən, o cümlədən Qoşulmama Hərəkatının fəaliyyətinin əsasını təşkil edən prinsiplərdən irəli gələn yanaşmadır.
Çıxışlarda, habelə Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vislerin Ermənistana səfəri çərçivəsində parlamentdəki çıxışı zamanı Azərbaycanın ünvanına səsləndirdiyi təxribatçı bəyanatlar pislənilib. Qeyd olunub ki, bu qərəzli ittihamları Milli Məclis kəskin şəkildə qınayır və qətiyyətlə etiraz edir.
Millət vəkilləri, eyni zamanda vurğulayıblar ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq uzun müddət Ermənistanın işğalında olan Qazağın 4 kəndi geri qaytarılıb. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, vətəndaşlarımızın Qarabağ və Şərqi Zəngəzura qayıdışı təmin olunub, sosial müdafiə tədbirlərinin gücləndirilməsi istiqamətində addımlar atılır. Bildirilib ki, Azərbaycan balanslaşdırılmış xarici siyasətini uğurla davam etdirir.
Milli Məclisin sədri Sahibə Qafarova qaldırılan aktual məsələlərin vacibliyini nəzərə alaraq, mövcud reallıqların geniş ictimaiyyətə çatdırılması üçün deputatları sosial şəbəkələrdə, mediada fəal olmağa çağırıb.
Sonra Sahibə Qafarova iclasın gündəliyinə 7 məsələnin daxil edildiyini və ilk iki məsələnin Milli Məclisin qərar layihələri olduğunu deyib. O, birinci məsələnin “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi olduğunu söyləyib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ barədə məlumat verib. O, Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsinə deputat Kamaləddin Qafarovun namizədliyinin irəli sürüldüyünü bildirib. Komitə sədri Kamaləddin Qafarovun təcrübəli millət vəkili olduğunu, bir sıra dostluq qruplarında aktiv fəaliyyət göstərdiyini deyib və onun namizədliyinin dəsləklənməsini xahiş edib.
Milli Məclisin bu qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra iclasda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumat dinlənilib. Məlumatı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.
Komitə sədri diqqətə çatdırıb ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı ötən il respublikamızda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq və milli öhdəliklərin yerinə yetirilməsinə dair görülmüş işləri özündə əks etdirir.
Bildirilib ki, məlumat qanunun müvafiq maddələrinə uyğun olaraq 3 bölmədən ibarət tərtib edilib. Əvvəlki illərlə müqayisədə məlumat daha geniş və əhatəli şəkildə tərtib olunub. İlk dəfə olaraq məlumata Mediasiya Şurasının hesabatı, Gender məsələləri üzrə məsul şəxslərin siyahısı, Sosial xidmət müəssisələrinin və yardım mərkəzlərinin xidmətlərindən yararlanan şəxslər barədə hesabat, həmçinin Naxçıvan Muxtar Respublikasının məlumatları da daxil edilib. Sənəd 62 dövlət orqanından və 77 yerli icra hakimiyyətindən və Naxçıvan Muxtar Respublikasından daxil olan informasiyaları əhatə edir.
Bahar Muradova gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən və dövlətin vəzifələrindən bəhs edən I bölmədə normativ hüquqi bazanın təkmilləşdirilməsi, gender əsaslı ayrı-seçkilik halları ilə bağlı mövcud vəziyyət, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qadın və kişilərin təmsilçiliyi barədə məlumatların əks olunduğunu söyləyib.
Nəzərə çatdırılıb ki, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində 2023-cü ildə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Qanunu və “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” qəbul edilib. Məişət zorakılığının qarşısının alınması istiqamətində normativ hüquqi akt layihələri hazırlanıb. İnstitusional mexanizmlərin gücləndirilməsi sahəsində ötən il Uşaq və Ailələrə Dəstək, Qadın Resurs Mərkəzləri, Gender məsələləri üzrə məsul şəxslər və bələdiyyələrdə yaradılmış Gender komissiyaları səmərəli fəaliyyət göstərib, eyni zamanda gender bərabərliyi mədəniyyətinin təbliği sahəsində əlaqədar dövlət orqanları, QHT və media qurumları tərəfindən çoxsaylı layihələr icra edilib. Həmçinin 860 Dəstək Xəttinə və Qadın Dəstək Xətt Xidmətinə olan müraciətlərin sayı artıb.
Bildirilib ki, son illərdə ilk dəfə olaraq ötən il gender əsaslı ayrı-seçkiliyin ən geniş yayılmış forması olan məişət zorakılığı zəminində cinayətlərdə azalma müşahidə olunub. Bu isə ilk növbədə müdafiə mexanizmlərinin fəaliyyətinin koordinasiya edilməsindən və güclənməsindən xəbər verir. Ölkədə 2023-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı keçən illə müqayisədə 15% azalıb. Dövlətin idarə olunması və qərarların qəbulu səviyyəsində əvvəlki illərə nisbətən 2023-cü ildə qadınların sayında müsbət dinamika müşayiət olunub.
Komitə sədri söyləyib ki, məlumatın II bölməsində Gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı barədə bəhs edilir. Bu bölmədə əmək, təhsil, iqtisadi sahələrdə, həmçinin qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının və siyasi partiyaların fəaliyyətində gender bərabərliyinin təmin edilməsi ilə bağlı vəziyyət öz əksini tapıb. Qeyd olunub ki, 2023-cü ildə qadınların orta aylıq əməkhaqqı 739.3 manat, kişilər arasında bu göstərici 1066.9 manat təşkil edib. Məlumatın bu bölməsində 2023-cü ildə işsiz şəxs kimi qeydiyyata alınmış, işlə təmin olunmuş, özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin gender bölgüsü də göstərilir. Aparılan təhlil və hesablamalar əmək bazarında qadınların iştirakının və töhfəsinin artımından xəbər verir. Ölkə üzrə əmək pensiyaçıları arasında qadınların payı 57%, kişilərin payı isə 43% təşkil edir.
Bahar Muradova öz çıxışında Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında oğlanların sayının qızlara nisbətən çoxluq təşkil etdiyini söyləyib. Bildirilib ki, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin cins bölgüsündə kişilər (71%) peşəyönümlü təhsilə, qadınlar (62,6%) orta ixtisas təhsilinə üstünlük verirlər. Digər göstəricilərdə təhsilin bakalavr dərəcəsində qadınların 52,6%, magistr dərəcəsində kişilərin 51,6% nisbəti öz əksini tapır.
Çıxışda vurğulanıb ki, Qanunun 15-ci maddəsinin nəzərdə tutduğu kişi və qadınların mülkiyyət hüququnun həyata keçirilməsinə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bərabər imkanların yaradılmasına dair vəziyyətdə canlanma nəzərə çarpır. Müxtəlif fəaliyyət növləri üzrə fərdi sahibkarların 23%-i qadınların, 77%-i isə kişilərin, Elektron Kənd Təsərüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş subyektlərin isə 74%-i kişilərin payına düşür. 2023-cü ildə dövlət əmlakının özəlləşdirilməsində hər iki cinsin nümayəndələrinin sayında azalma, icarəyə götürülməsində isə artım müşahidə olunur. Məlumata əsasən, 2023-cü ilin sonuna bank sektorunda çalışan işçilərin 62%-i kişilər, 38%-i qadınlar olub. Bank sektorunda rəhbər vəzifədə çalışanların 79%-ni kişilər təşkil edib.
Komitə sədri bildirib ki, Qanunun 16-cı maddəsi siyasi partiyaların, QHT-lərin və həmkarlar ittifaqlarının üzərinə qoyulan öhdəliklərdən bəhs edir. Belə ki, 2023-cü ildə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 26 siyasi partiya fəaliyyət göstərib. Siyasi partiyaların üzvləri arasında da kişilər üstünlük təşkil etməkdədir. Yeni Azərbaycan Partiyasının üzvləri arasında gender bərabərliyi qorunub. 2024-cü ilədək dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 3750-dir. Onlardan 12.6% təşkilatın sədri qadınlardır. Ötən il “Ailə, Qadın, Uşaq və Gender Məsələləri” istiqaməti üzrə maliyyələşən layihələrin sayı 56 olub. 2023-cü il ərzində həmkarlar ittifaqları üzvlərinin sayında kişilər 46,7 %, qadınlar isə 53,3% təşkil edib. Həmkarlar ittifaqlarının seçkili orqanlarında qadınların sayı 51% olub.
Diqqətə çatdırlıb ki, məlumatın III bölməsi 2023-cü ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələrdən bəhs edir. Burada gender siyasətinin gücləndirilməsi, məişət zorakılığı, erkən nikah, selektiv abortların qarşısının alınması, təhsil və məşğulluq sahəsində gender bərabərliyinin gücləndirilməsi istiqamətində tövsiyələr öz əksini tapıb.
Sonra parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək illik məlumat barədə rəhbərlik etdiyi komitənin rəyini səsləndirib.
Hicran Hüseynova bildirib ki, sənədin həcmi, görülən işlər, həyata keçirilən tədbir və layihələr, əldə olunan nəticələr, aparılan təhlillər göstərir ki, ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət dinamika mövcuddur. Məqsəd ölkədə qadın və kişilər üçün bərabər hüquq və imkanların təmin olunmasıdır. Bu məqsədə nail olmaq, bütövlükdə cəmiyyətimizin, dövlətimizin inkişafı deməkdir. Eyni zamanda, təqdim olunan məlumatda gender bərabərliyinin təmin edilməsi sahəsində mövcud vəziyyət araşdırılır, qarşıya çıxan çətinliklər qeyd olunur, bu halların qarşısının alınması üçün təkliflər verilir. Qeyd olunub ki, idarəetmə və qərar qəbuletmədə qadınların iştirakçılığının artması müşahidə olunur. Həm inzibati vəzifələrə təyin olunan, hüquq-mühafizə, prokurorluq orqanlarında xidmət edən, xüsusilə də hakim qadınların sayı artır. Qeyd edilib ki, gender bərabərliyinin təminatları sahəsində vəziyyət, mövcud problemlərin aradan qaldırılması, ailə, qadın və uşaq məsələlərinə dair mövzuların ictimailəşməsi ilə bağlı parlament rəhbərliyinin təşəbbüsü ilə komitə tərəfindən davamlı olaraq iclaslar, görüşlər keçirilir, müzakirələr aparılır.
Komitə sədri Azərbaycanda əmək bazarında bərabərsizliyin aradan qaldırılması istiqamətində bir çox işlər görüldüyünü və müsbət nəticələr əldə edildiyini, qanunvericilikdə müvafiq dəyişikliklərin edildiyini söyləyib. Belə ki, qadınların əməyi qadağan olunan altı yüz yetmiş dörd peşə və iş yeri azaldılarıq iki yüz dördə çatdırılıb. Qadınların məşğulluq imkanlarını məhdudlaşdıran normaların aradan qaldırılması, qadın və kişilər üçün bərabər əmək şəraitin yaradılması ilə bağlı da dəyişikliklər edilib. Pensiyalarla bağlı gender bərabərliyinin müəyyən edilməsi sahəsində də müsbət tendensiyalar müşahidə olunur.
Məişət zorakılığı ilə bağlı məsələyə toxunan Hicran Hüseynova qeyd edib ki, belə halların qarşısının alınması üçün “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna əlavə və dəyişikliklər edilib. Bunlar məişət zorakılığının bu və digər formasından zərər çəkmiş şəxsin hüquqlarının müdafiəsinin gücləndirilməsi, eyni zamanda, zərər törədən şəxsin məsuliyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, yardım mərkəzlərinin sayının artırılmasına, müxtəlif rayon və şəhərlərdə daha çox qaynar xətlərin yaradılmasına ehtiyac vardır.
Parlamentin komitə sədri Hicran Hüseynova bütövlükdə illik məlumatın peşəkar səviyyədə tərtib olunduğunu, bütün sahələr üzrə çox detallı təhlillərin aparıldığını, təklif və tövsiyələrin məqbul olduğunu vurğulayıb.
Aparılan müzakirələrdə çıxış edən komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, Tahir Rzayev, deputatlar Vüqar Bayramov, Etibar Əliyev, Razi Nurullayev, Sahib Alıyev, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Kamilə Əliyeva, Vüqar İskəndərov təqdim edilən illik məlumatı müsbət dəyərləndiriblər. Millət vəkilləri bəzi qeyd və təkliflərini də səsləndiriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qaldırılan məsələlərə münasibət bildirib.
Müzakirələrin yekununda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumat səsə qoyularaq nəzərə alınıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin digər dörd məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. O, növbəti üç məsələnin cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib. Spiker həmin qanun layihələrinə Aqrar siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrində baxıldığını söyləyib.
İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini təqdim edib. Komitə sədri birinci və ikinci oxunuş zamanı bu sənədlər barədə ətraflı məlumat verildiyini, bəzi fikirlərin səsləndirildiyini və bununla bağlı razılığın əldə edildiyini bildirib. O, üçüncü oxunuşda layihələrin komitədə müzakirəsi zamanı əlavə heç bir təklifin olmadığını deyib və səsə qoyulmasını xahiş edib.
Hər iki qanuna təklif edilən dəyişikliklər Azərbaycan Prezidentinin “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 2023-cü il 7 fevral tarixli 3742 nömrəli Sərəncamından irəli gələn tələbləri özündə ehtiva edir.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) nəzərə çatdırıb. O, bu sənədin yuxarıdakı iki layihədə edilən dəyişikliklə bağlı olduğunu deyib. Layihənin mətnində heç bir dəyişikliyin edilmədiyini söyləyib.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini səsləndirib.
Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) nəzərə çatdırıb. O, məsələnin iki oxunuşda müzakirə olunduğunu, əlavə heç bir təklifin daxil olmadığını qeyd edib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyin sonuncu məsələsinin – “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəyə təqdim edildiyini söyləyib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş layihə pensiya təminatı sahəsində sosial sığorta prinsiplərinin gücləndirilməsi, sosial ədalətin qorunması, pensiya təyinatının avtomatlaşdırılması və proaktiv təyinatların dairəsinin genişləndirilməsi istiqamətlərində hüquqi bazanın möhkəmləndirilməsi məqsədi ilə hazırlanıb. Qeyd edilib ki, qanunun 5 maddəsinə 17 dəyişiklik və 1 keçid müddəası təklif edilir. Dəyişikliklər mahiyyət etibarı ilə 4 istiqaməti əhatə edir. Bunlar dəqiqləşdirici xarakterli texniki dəyişikliklər, sosial sığorta prinsipinin daha da gücləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edən dəyişikliklər, 1-ci qrup hərbi xidmət əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmiş dəyişikliklər və elektron pensiya təminatının və proaktiv təyinatların çərçivəsinin genişləndirilməsi məqsədi ilə təklif edilən dəyişikliklərdir.
Diqqətə çatdırılıb ki, Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunur. Bununla yanaşı, qanunda hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslərin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslərin və ali zabit heyətinə aid şəxslərin əmək pensiyasının yenidən hərbi xidmətə qəbul edilməsi ilə əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması müəyyən edilir. Layihədə bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasının dəqiqləşdirilməsi üçün dəyişiklik təklif olunur.
Sənəddə qanunun 9.5.2-ci maddəsində “buraxılmış” sözündən sonra, 20.14.2-ci maddəsində “30 təqvim ili” sözlərindən əvvəl “buraxıldığı günə” sözlərinin əlavə edilməsi nəzərdə tutulur ki, burada məqsəd şəxsin hərbi xidmətdə qalmasını təşviq etmək, eləcə də daha çox xidmət edən hərbi qulluqçu ilə qeyd olunan maddələrə əsasən daha az xidmət edən və pensiya hüququ əldə edən hərbi qulluqçuların pensiya məbləğləri arasında ədaləti qorumaqdır.
Layihədə Qanunun 20.2-20.3-cü, 20.6-cı, 20.9-20.10-cu və 20.21-20.22-ci maddələrinə təklif olunan dəyişikliklər və 20.25-ci maddənin ləğv edilməsi ilə bağlı düzəlişlər öz əksini tapıb. Sənədə əsasən, bəzi uyğunsuzluqların aradan qaldırılması üçün Qanunun 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr həmin şəxslərin orta aylıq əməkhaqları, son 12 ay ərzində müvafiq vəzifələr üzrə aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilməsi təklif olunur. Dəyişikliyə görə, həmin kateqoriyadan olan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavənin müəyyən edilməsi üçün orta aylıq əməkhaqqının hesablanmasında vahid yanaşma tətbiq olunacaq.
Layihəyə əlavə edilmiş keçid müddəasına əsasən həmin şəxslər bu Qanunun qüvvəyə mindiyi tarixədək 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrdə nəzərdə tutulmuş sığorta stajını topladığı halda onlara əvvəlki normalar tətbiq olunacaq.
Nəzərə çatdırılıb ki, Qanunun 20.16.2-ci maddəsinə təklif edilən dəyişiklik hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Bu qəbildən olan şəxslərin orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi zamanı onların pensiyasının məbləğinin təminat xərclərinin 60%- dən 70%-ə qaldırılması təklif edilir.
Sənəddə öz əksini tapmış avtomatlaşdırılmış pensiya sisteminin təkmilləşdirilməsi və proaktiv pensiya təyinatı dairəsini genişləndirmək məqsədi daşıyan dəyişikliklərdən bəhs edən komitə sədri bildirib ki, Qanunun 22-1.5-ci maddəsinə təklif edilən dəyişiklik sosial müavinətdən pensiyaya keçidin qaydasını dəqiqləşdirir. Bununla yanaşı, 31.1-1-ci maddəyə təklif edilən dəyişiklik, eləcə də Qanuna yeni əlavə olunan 34.1-1-ci maddə bir pensiya növündən başqa, daha yüksək pensiya növünə keçmənin avtomatlaşdırılmış, proaktiv şəkildə həyata keçirilməsinə hüquqi baza yaradacaqdır.
Bildirilib ki, qanun layihəsi sosial sığorta prinsiplərinin dərinləşməsi, sosial ədalətin təmin olunması, pensiya təminatının avtomatlaşdırılması və sosial müdafiə sisteminin dayanıqlığının artmasına xidmət edəcək.
Müzakirələr zamanı deputatlar Qüdrət Həsənquliyev, Əli Məsimli, Fəzail Ağamalı sənəd barədə fikirlərini açıqlayıblar.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri bildirib ki, 4 gündən sonra may ayının 28-də ölkəmizdə Müstəqillik Günü qeyd ediləcək. 106 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın zəngin dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi idi. Demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar təkcə ölkəmizin deyil, bütün müsəlman Şərqinin siyasi təkamülündə mühüm rol oynayıb. Bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi Azərbaycan xalqının demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərirdi.
Spiker diqqətə çatdırıb ki, xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələrdən bəhrələnərək 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. Təəssüf ki, o vaxtkı ölkə rəhbərliyinin qeyri-peşəkarlığı nəticəsində Azərbaycan çıxılmaz problemlər məngənəsinə düşmüşdü. Müstəqil dövlətçiliyin itirilməsi təhlükəsi tam real idi.
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin misilsiz idarəçilik məharəti, əzmkarlığı və yorulmaz səyləri nəticəsində dövlətin qarşısında dayanan ağır problemlər həll edildi, Azərbaycan sistemli böhrandan çıxıb ardıcıl inkişaf yoluna qədəm qoydu.
Ümummilli Liderimizin inkişaf strategiyasını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli dövlətə çevirib.
Onun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində əldə edilən möhtəşəm qələbələr nəticəsində erməni işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açıb, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişib.
Əminliklə söyləmək olar ki, möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən ölkələri sırasında yerini daha da möhkəmləndirəcəkdir.
Spiker belə bir təkliflə çıxış edib ki, Müstəqillik günü münasibəti ilə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin bu günü və gələcəyi naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq.
Spikerin təklifi alqışlarla qarşılanıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova deputatları və media nümayəndələrini Müstəqillik günü münasibəti ilə təbrik edib, onlara can sağlığı, firavanlıq və xoşbəxtlik arzulayıb.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI