Sahibə Qafarova İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb
Mayın 2-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın əhəmiyyətinə dair müzakirələr aparılıb. Milli Məclisin sədri bu cür forumların mədəni irsin qorunmasında, mədəniyyətlərarası dialoqun güclənməsində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə edilməsində mühüm rol oynadığını qeyd edib, İtaliyanın Avropada ən zəngin mədəniyyətə malik ölkələrdən biri və Azərbaycana dost ölkə olduğunu söyləyib.
Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq bildirilərək, qeyd edilib ki, bu gün Azərbaycan və İtaliya iki yaxın dost və strateji tərəfdaşdırlar. Əlaqələrimizin bu səviyyəyə çatmasında ali səviyyədə həyata keçirilən qarşılıqlı səfərlər, aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Söhbət zamanı, münasibətlərimizin inkişafında parlamentlərin də vacib rolu diqqətə çatdırılıb. Son illərdə Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yarandığı qeyd edilib.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI