Milli Məclisin Aqrar siyasət komitəsində

0

Mayın 1-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Tahir Rzayev müzakirəyə 4 qanun layihəsinin təqdim edildiyini bildirib və məsələlər barədə məlumat verib. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Diqqətə çatdırılıb ki, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində (ikinci oxunuş) tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi, bu məqsədlə  tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması müəyyən edilir. Sənəddə, habelə tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi şərti nəzərdə tutulur.

Növbəti məsələ – “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı qeyd olunub ki, təklif olunan dəyişikliklərdə alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. 

Sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi nəzərdən keçirilib. Bildirilib ki, sənəddə təklif olunan dəyişikliklər tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin reyestrindən çıxarışın “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na əlavə edilməsi, qeydiyyat şərtlərinin pozulması faktlarının vergi nəzarətinin əhatə etdiyi məsələlər kimi müəyyən edilməsi, sahibkarlıq subyektlərinin reyestrindən çıxarışın verilməsinə görə dövlət rüsumunun müəyyən edilməsi, sahibkarlıq subyektlərinin qeydiyyata alınması ilə bağlı gömrük nəzarəti zamanı müvafiq reyestrdən çıxarışın yoxlanılması ilə bağlı məsələləri əhatə edir.

Müzakirələrdə çıxış edən komitə üzvləri Aydın Hüseynov, Cavanşir Paşazadə, Azər Badamov, Emin Hacıyev layihələrə təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər, bəzi fikir və qeydlərini səsləndiriblər.

Sonra iclasda “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi də üçüncü oxunuşda təqdim edilib. Bildirilib ki, 4 fəsil və 10 maddədən ibarət qanun layihəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətlərin tənzimlənməsi məsələləri, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsasları və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətləri müəyyən edilir.

Gündəlikdəki qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir