Ukrayna üçün sülh formulu – Qarabağa təhlükə var?

Türkiyə Ukrayna böhranı ilə bağlı sülh planı irəli sürüb. Layihə İstanbuldakı ilk danışıqların sənədlərinə əsaslanır və 2022-ci ilin may ayına aid bəzi bəndlər yeni mətnə daxil edilib.

Turanın səsi ” xəbər verir ki, Prezident Ərdoğandan gəldiyi deyilən təklifin qayəsində mövcud cəbhə xətti boyu müharibənin dondurulması, Rusiya işğalı altında olan bütün Ukrayna ərazilərində 2040-cı ildə beynəlxalq nəzarət altında referendumların keçirilməsi, 2040-cı ilədək Ukraynanın bitərəf statusuna zəmanət verilməsi, Ukraynanın Avropa İttifaqına daxil olmasına Moskvanın etiraz etməməsi ilə bağlı öhdəliklər dayanır.

Maraqlıdır ki, Rusiya lideri Putin plana etiraz bildiməyib. Ukrayna isə bunu konfliktin dondurulması və Moskva üçün sərfəli variant hesab edərək, hələlik məqbul saymır. Əlbəttə, son söz Ukrayna xalqınındır. İstənilən halda, bu bir təklif. Hərgah Türkiyə planının Kiyevdən ötrü bir neçə üstünlüyünü qeyd etməyə dəyər. Əslində layihə Ukrayna üçün daha əlverişli hesab oluna bilər. Ən azından tərəflərin şansları bərabər görünür.

Əvvəla, bu formula əsasən, Rusiya qalib deyil, ümumiyyətlə qalib yoxdur. Prezident Putin qalib qismində öyünə bilməyəcək. Zatən, Türkiyə rəhbərliyi həmişə bəyan edib ki, bu müharibə-münaqişənin qalibi ola bilməz və olmayacaq. Onun uzanması isə Ukrayna və Rusiya da daxil, bəşəriyyətə, qlobal iqtisadiyyata dəhşətli ölçüdə ziyandır. Eyni zamanda, qardaş ölkə bu xüsusda getdikcə daha qəliz seçim qarşısında qalmaq riskindən qurtulmuş olacaq. Dünyaya nüvə təhdidinin aradan qalxması da öz yerində…

İkincisi, sülh formulu beynəlxalq hüquqa zidd deyil. Referendumlara qədər Ukraynanın ərazi bütövlüyü mübahisə mövzusu olmayacaq. Referendumlar isə yalnız Kiyevin (mərkəzi hökumətin) razılığı ilə baş tutacaq. 2040-a kimi isə mübahisəli ərazilərdə əhalinin vəziyyəti dəyişə bilər. İnsanlar adətən daha yaxşı, daha təminatlı və təhlükəsiz gələcəyə səs verir.

Bunun üçün Ukrayna ona qədər güclü, inkişaf edən, hüquqi-demokratik, müasir dövlətə çevrilməyi bacarmalıdır. Müqayisədə onun şansı daha böyükdür. Çünki Rusiya bir imperiya. Heç kəs zəmanət verə bilməz ki, 10-15 ilə ondan nə qalacaq.

Nəhayət, unudulmamalıdır ki, belə münaqişələr üçün ideal təklif olmur, olmayacaq. İdeal variant Ukraynanın Azərbaycan kimi silah gücünə öz ərazi bütövlüyünü bərpa etməsi olardı. Ukrayna yaxın illərdə buna qadir olacaqmı, yoxsa Azərbaycan kimi ona güclü ordu qurmaq üçün müəyyən vaxt, illər lazımdır? Suala cavabı ilk növbədə bu dövlətin yeni legitim hakimiyyəti öz xalqı ilə birgə tapmalıdır…

Bəs Türkiyənin sülh formulu başqa ölkələr üçün prezident yarada bilərmi? Məsələn, Gürcüstanın işğal altındakı Abxaziya və Cənubi Osetiya bölgələri üçün? Yarada bilər. Qarabağ üçün necə? Xeyr. Çünki Qarabağ artıq işğal altında deyil. Digər yandan, belə bir məsələ gündəmə gələrsə, Azərbaycan Ermənistandan zorla çıxarılmış soydaşlarımızın məsələsini qaldıra bilər – “güzgü prinsipi” üzrə. İrəvan buna etiraz edə bilməyəcək, çünki işğaldan sonra status-kvo bərabərləşib.

Amma erməni işğalı dövründə belə risk mövcud olub. Məlumdur ki, ATƏT-in Minsk Qrupu gələcəkdə (tarix müəyyən deyildi) keçmiş DÜMV ərazisində beynəlxalq nəzarət altında referendum keçirməyi təklif edirdi. Nə yaxşı ki, müzəffər ordumuz MQ-nin özünü də tarixin arxivinə göndərdi.

Qısası, qardaş ölkənin Ukrayna ilə bağlı sülh forumunun Qarabağa yaxından-uzaqdan heç bir neqativ təsiri gözlənilmir. Türkiyənin isə ən etibarlı moderator, ən qərəzsiz vasitəçi və böyük regional güc kimi beynəlxalq imicini bununla daha da möhkəmlənə bilər. Plan reallaşsa da, reallaşmasa da.

Həmçinin, Ankaranın nə vaxtsa yenidən bu statusda ən arzu edilən yeganə paytaxt olacağı istisna deyil. Çünki bu hələlik təkliflərin ən yaxşısı. Səbəb də o ki, qardaş ölkə gerçəkdən ən neytral vasitəçi kimi sülhdə səmimi şəkildə hamıdan çox maraqlı olan bir dövlət

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir