Jurnalistlər niyə erkən yaşda vəfat edir? – “Sosial problemlərin, maddi sıxıntıların…”
Dünyanın bir çox yerində jurnalistika peşəsi rəngarəngliyi və nüfuzu ilə yanaşı, öz çətinliyi və məsuliyyəti ilə seçilir. Müxtəlif döyüş zonalarına, iğtişaşlarda və digər qaynar nöqtələrdə başqa peşə sahiblərindən bir addım daha öndə fəaliyyət göstərən jurnalistlər xüsusi risk daşıyan şəxslər hesab olunur. Bunun nəticəsidir ki, müxtəlif səbəblərdən erkən yaşda jurnalist ölümlərinə tez-tez şahid oluruq. Son olaraq məşhur jurnalist Səbuhi Məmmədlinin uzun sürən xəstəlikdən sonra vəfat etməsi, bu mövzunu bir daha gündəmə gətirdi.
“Turanın səsi ” xəbər verir ki , Mövzu ilə bağlı fikirlərini bölüşən Parlament Jurnalistlər Birliyinin rəhbəri, əməkdar jurnalist Elşad Eyvazlı bildirib ki, jurnalistlərin işi olduqca yorucu və stresli olması ilə seçilir.
“Bu mənfi tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada özünü göstərir. Jurnalistika risk daşıyan peşələr siyahısındadır və jurnalistlərin fəaliyyəti də özündə olduqca ciddi risklər daşıyır. Bu peşə sahiblərinin işi stresli, yorucu və həyati riski olduqca çoxdur. Jurnalistlər dünyanın istənilən ölkəsində yeri gələndə həm cəmiyyət, həm də dövlət tərəfindən tənqid olunur, təzyiqlərə məruz qalır. Azərbaycanda jurnalistlərin üzləşdiyi çətinliklər digər ölkələrə nisbətən aşağıdır. Təbii ki, heç kim öz həmkarının çətin vəziyyətdə qalmasını, ölümünü görmək istəməz. Digər tərəfdən ölüm bizim əlimizdə olan birşey deyil. Xəstəliklər, gündən-günə çətinləşən həyat tərzi və digər səbəblər ucbatından onsuz da ölümün yaşı cavanlaşıb. Bu təkcə jurnalistlərdə deyil, bütün peşə sahiblərində belədir”.
“Şərq” qəzetinin baş redaktoru, əməkdar jurnalist Akif Aşırlı jurnalistlərin cəmiyyətin bütün problemləri ilə iç-içə olduğunu və bu səbəbdən digər peşələrdən fərqli olaraq daha çox fiziki və psixoloji əziyyət çəkdiyini qeyd edib.
“Dünyanın hər bir yerində jurnalistika riskli peşələrdən hesab olunur. Jurnalistlərin həyat fəaliyyəti digər peşə sahiblərinə nisbətən daha az olur. Bu konkret və dəqiq müşahidə edilmiş bir məsələdir. Digər tərəfdən jurnalistlər cəmiyyətin yükünü öz ürəklərində çəkən peşə sahibləridir. Ölkəmizdə ən qaynar hadisələrdə, nöqtələrdə hər zaman jurnalistlər olub. Ədalətsizlik və problemlər olan kimi hamının gözü jurnalistləri axtarır. Bütün bu hallar qarşısında jurnalist psixoloji və fiziki olaraq yüklənir, enerji itirir. Eyni zamanda jurnalist cəmiyyətin yaralarına diaqnoz qoyan həkimdir. Bu baxımdan cəmiyyətin sosial problemlərində yük həmişə jurnalistin üzərinə düşür. Bütün bu səbəblərdən biz jurnalistlərin erkən yaşda vəfat etmələrinə, dünyadan köçmələrinə şahid oluruq. Səbuhi Məmmədli və digər jurnalist həmkarlarımızın vaxtsız ölümü fonunda belə bir fikir formalaşır ki, jurnalistlər çox qəfil vəfat edir. Həm də sosial problemlərin, maddi sıxıntıların burada böyük rolu var. Jurnalist gördüyü işin qarşılığını çox zaman ala bilmir. Əlbəttə, heç kim istəməz ki, illərlə çalışdığı, qələminə, yaradıcılığına bələd olduğu həmkarının dəfnində iştirak etsin, onun ölümünə şahid olsun”.