Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2023-cü il 8 dekabr tarixli plenar iclasında çıxışı
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, dünən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Bununla əlaqədar mən bir neçə məqama diqqəti cəlb etmək istəyirəm.
Bu gün hamıya aydındır ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratmışdır.
2024-cü il fevralın 7-də təşkil ediləcək növbədənkənar Prezident seçkiləri bu reallıqların təsbitidir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində keçiriləcək.
Hörmətli həmkarlar!
Növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi bütün vədləri tam yerinə yetirmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin ən böyük arzusu həyata keçirilmiş və Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmuşdur. Bu gün Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda qürurla dalğalanır.
Ulu Öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən möhtərəm cənab İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanmışdır.
Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. İlham Əliyevin siyasət sənətinin incəliklərinə dərindən bələdliyi, fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini kökündən dəyişmişdir. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirmişdir.
Hörmətli həmkarlar!
Bunu da qeyd etməliyəm ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi bir praktikadır. Seçkilər bəzi hallarda, məsələn, hərbi və fövqəladə vəziyyətlərdə təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti Prezident seçkilərinin keçirilməsi ilə növbədənkənar Prezident seçkilərinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini, sadəcə olaraq, vaxtından əvvəl ifadə edəcəklər.
“Qarabağ Azərbaycandır!” şüarı dilindən düşməyən xalqımız uzun illər ağır zəhmət hesabına bu şüarı gerçəkliyə çevirmiş ölkə rəhbərinin yeni seçkilərdə, əminəm ki, yanında olacaq, onun xarici və daxili siyasətini, o cümlədən Qarabağda, Şərqi Zəngəzurda və ölkənin digər bölgələrində həyata keçirilən quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.
Düşünürəm ki, növbədənkənar Prezident seçkiləri regionda tam müstəqil bir dövlətin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin daha da güclənməsini təmin edəcəkdir.
Hörmətli həmkarlar!
Əminliklə söyləmək olar ki, gələn il fevralın 7-də şəffaf şəraitdə keçiriləcək azad və ədalətli Prezident seçkiləri ölkəmizdə demokratiyanın təntənəsinə çevriləcək, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bu seçkilərdə də öz müdrik qərarını verəcəkdir.
Hörmətli deputatlar!
Bir məqama da istəyirəm ki, nəzər salaq. Bildiyiniz kimi, Vətən müharibəsində qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Ermənistanla sülh danışıqları aparılmaqdadır. Artıq bu gün söyləmək olar ki, bu danışıqların müsbət nəticələri vardır. Dünən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Baş naziri Aparatının birgə bəyanatı dərc edilmişdir.
Hər iki tərəf belə bir fikrə şərik olduğunu bildirmişdir ki, regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi imkan yaranmışdır. Suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq niyyəti təsdiq edilmişdir. Bəyanatda sülh sazişini yaxınlaşdıran bir sıra addımlar nəzərdə tutulmuşdur.
Hesab edirəm ki, bu addımların davamını biz yaxın zamanda müşahidə edəcəyik.
Hörmətli həmkarlar!
105 il bundan əvvəl, 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti fəaliyyətə başlamışdır. Son dərəcə mürəkkəb şəraitdə bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi xalqımızın demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərən tarixi bir hadisə olmuşdur. Mən bu tarixi gün münasibətilə Sizin hamınızı təbrik edirəm !
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI