DİN-in mətbuat xidmətindən verilən məlumatlar (29.11.2023)

Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

* * *

Axtarışda olduğuna görə ümumilikdə 112, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

* * *

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 32 fakt müəyyən edilib.

* * *

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

* * *
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirilir.

Noyabrın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 1 ədəd tapança, 4 qumbara, 2 ədəd alışdırıcı, 4 patron darağı, 94 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat, 4 tüfəng, 1 ədəd patron darağı və 35 ədəd patron aşkar edilərək götürülüb.

* * *


Oğurluq

Binə qəsəbəsində bir evin həyətindən 10.000 manat dəyərində avadanlıq oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Quliyev saxlanılıb.
Araşdırma aparılır.

* * *

Ağcabədidə odlu silahlar götürülüb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ” nə bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri tədbirlər nəticəsində rayon ərazisindən 1 ədəd yivli silah tapılaraq müvafiq qaydada götürülüb.
Bundan əlavə qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsinin təmin olunması istiqamətində də profilaktiki tədbirlər davam etdirilir. Polis əməkdaşları tərəfindən daha 2 müxtəlif kalibrli odlu silah da təhvil götürülüb.

* * *


Ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Noyabrın 27-də bu istiqamətdə keçirilən tədbirlər nəticəsində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 3 ədəd sərv ağacının çətir hissəsinin tamlığının pozularaq budaqlarının kəsilməsi, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində isə “KamAZ” markalı 3 yük avtomobili ilə qarışıq süxur daşınması faktları aşkar olunub.

Ağacları zədələdiyinə görə Suraxanı rayonunda bir, Xəzər rayonunda isə icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə 3 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

* * *

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa 1000 manat qarşılığında narkokuryerlik edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Lənkəran rayon sakini İlqar Əmənullayev rayonun Nəvahi kəndi ərazisində saxlanılıb. Onun əlində olan torbaya keçirilən baxış zamanı 630 qram tiryək, 100 qrama yaxın metamfetamin və 600 qramdan artıq olan marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı İ.Əmənullayev sosial şəbəkə vasitəsilə tanış olduğu “Toral” adlı iranlı narkotacirə narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotik vasitələri 1000 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

* * *

Quba polisi xeyli sayda sənədsiz silah-sursatı təhvil götürüb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı rayon sakini E.Mirzəyev yol kənarından tapdığı 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 30 ədəd güllə, 4 ədəd qumbara, 2 ədəd qumbara alışdırıcısı, “PK” pulemyot patronlarını üzərində saxlayan 1 ədəd sep və 1 ədəd patron qutusunu könüllü olaraq Quba RPŞ-ə təqdim edib.

Bundan başqa keçirilən profilaktiki tədbirlərin nəticəsində 1 ədəd ov tüfəngi təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

* * *

Polis əməkdaşları tərəfindən kibertalama və kiberdələduzluq hallarına qarşı ötən gün silsilə əməliyyatlar həyata keçirilib

Polis əməkdaşları tərəfindən kibertalama və kiberdələduzluq hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı bank kartlarından oğurluq edən daha bir nəfər 1973-cü il təvəllüdlü Rövşən Rəhimov saxlanılıb. Araşdırma zamanı onun bankomatların yanında dayanaraq “yardım” etmək adı ilə pul çıxaran vətəndaşlara yaxınlaşdığı, daha sonra onların kart məlumatlarını əldə etdiyi və hesabda olan vəsaitləri ələ keçirdiyi məlum olub.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə bank kartlarından müxtəlif üsullarla oğurluqlar edən 2000-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Vilad Əliyev saxlanılıb. Onun ümumilikdə Abşeron rayonunun müxtəlif qəsəbələrində 5 nəfərin kart məlumatlarını ələ keçirərək pul vəsaitlərini taladığı müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı bank kartlarından oğurluq edən Mingəçevir şəhər sakini, 1996-cı il təvəllüdlü Ramil Salmanov da saxlanılıb. Onun ümumilikdə 5 nəfərə qarşı kiberdələduzluq əməllərinə yol verdiyi müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

* * *

Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.

Lənkəran rayonu ərazisində hərəkətdə olan “Kia” markalı avtomobilin sürücüsü ötmə qaydasını pozduğu üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan Lənkəran rayon sakini A.Əkbərzadənin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib. Bundan əlavə, həmin şəxsin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən, A.Əkbərzadənin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə A.Əkbərzadə 1 ay müddətində inzibati qaydada həbs edilib.

* * *

* * *

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə sorğuya cavab olaraq bildirilib ki, noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir