Gənc-Fest” festivalının iştirakçıları Milli Məclisdə olublar
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və gənclərlə görüşünün 30 illiyinə həsr olunmuş “Gənc-Fest” festivalının 250-yə yaxın iştirakçısı noyabrın 25-də Milli Məclisə olublar.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Əvvəlcə parlamentin plenar iclas zalı ilə tanış olan qonaqlara Milli Məclisin fəaliyyəti, plenar iclas zalında müasir texnologiyaların nailiyyətlərindən istifadə edilməklə yaradılmış iş şəraiti, səsvermə və qanunvericilik prosesinin həyata keçirilməsi prosedurları haqqında geniş məlumat verilib. Bildirilib ki, VI çağırış Milli Məclis formalaşdıqdan sonra spiker Sahibə Qafarova parlamentin İnzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında sərəncam imzalayıb. Qonaqlara iclas salonlarının adları və təyinatları barədə məlumat verilib, bildirilib ki, parlamentin binasında müstəqil Azərbaycanın memarı olan Ümummilli Liderin adını daşıyan xatirə zalı fəaliyyət göstərir. Heydər Əliyev xatirə zalını ziyarət edən gənclər burada müasir Azərbaycanın qurulmasında müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.
Sonra “Gənc-Fest” iştirakçıları Milli Məclisin foyesində yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Guşəsi ilə tanış olublar. Onlara Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış Zəfər Guşəsi haqqında məlumat verilib, bildirilib ki, həmin guşəyə müharibə dövründə canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub.
Milli Məclisin kitabxanasında isə qonaqlar İkinci Qarabağ müharibəsində qazanılan qələbəyə həsr olunmuş “Tarixə qızıl hərflərlə yazılan Zəfərin təntənəsi” adlı kitab sərgisi ilə tanış olublar. Kitabxana ilə tanışlıqda gənclərə kitab fondu, oxu zalında yaradılmış şərait, Milli Məclisin nəşrləri barədə məlumat verilib.
Milli Məclislə tanışlıq zamanı gənclərin parlamentin fəaliyyətinə, qanunvericilik prosesinin həyata keçirilməsinə dair sualları ətraflı cavablandırılıb.
Sonda gənclər Milli Məclisin İnzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə qarşısında xatirə şəkli çəkdiriblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI