DİN-in mətbuat xidmətindən verilən məlumatlar (16.11.2023)
Noyabrın 15-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
*
Axtarışda olduğuna görə ümumilikdə 169, o cümlədən borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
*
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
*
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.
*
❗Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir
Noyabrın 15-də respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd müxtəlif markalı ov tüfəngi polisə təhvil verilib.
Keçirilən əməliyyat tədbirləri ilə 8 ov tüfəngi isə aşkar edilərək götürülüb.
❗Quldurluq
Noyabrın 15-də səhər saatlarında Qaraçuxur qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə 2 nəfərin sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə pulunu talamaları barədə polisə məlumat daxil olub.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1985-ci il təvəllüdlü Tural Xəlilov və əvvəllər soyğunçuluğa görə məhkum olunmuş 2001-ci il təvəllüdlü Sənan Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
❗Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İlqar Baxşıyev saxlanılıb. Ondan 415 qram marixuana aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
❗Oğurluq
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində rayon ərazisində yerləşən ticarət mərkəzində mağazada bir nəfərin içərisində 250 manatı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli Məmmədov saxlanılıb.
Araşdırmalarla onun ayrı-ayrı vaxtlarda həmin ticarət mərkəzindəki mağazalarda daha 3 nəfərin içərisində ümumilikdə 1100 manatdan çox pul və sənəd olan cüzdanlarını oğurlaması da müəyyən olunub.
❗Oğurluq
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində noyabrın 11-də rayon ərazisində Bakı şəhər sakini olan bir nəfərin içərisində 2500 manatı, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Samir Xələfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
❗Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə noyabrın 15-i saat 23:30-da Olimpiya Stadionunun yaxınlığında baş verib. Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
❗Oğurluq
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində noyabrın 5-nə keçən gecə Novxanı kəndi ərazisində yerləşən bir yardımçı təsərrüfatdan 5 baş qoyun oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Laçın rayon sakini Bəhlul Allahverdiyev və Bakı şəhər sakini Etibar İsmayılov saxlanılıblar.
Araşdırma aparılır.
❗Biləsuvarda qanunsuz odlu silah saxlayan və ətrafı məişət tullantıları ilə çirkləndirənlər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Turanın səsi” nə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi və Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının
ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub.
Aşkarlanmış hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin
271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub.
Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
❗Oğuzda qanunsuz kömür istehsal edən şəxs barəsində qanunamüvafiq tədbir görülüb, bir nəfər isə silahı könüllü polisə təhvil verib.
Oğuz Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Bucaq kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin kənd sakini E.Qədirli olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddəsi ilə protokol tərtib edilib. Kömür quyularının isə üzəri torpaqla örtülərək fəaliyyəti dayandırılıb.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində isə bir nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polisə təhvil verib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI