“Zəfər imzalı qüdrətli Lider”-KƏMALƏDDİN HEYDƏROV
Hər bir Azərbaycan vətəndaşının Prezidenti kimi fəaliyyətinin ilk günlərindən başlayaraq xalqımızın Ulu Öndəri Heydər Əliyevin müqəddəs yolunu – müstəqillik, inkişaf, tərəqqi, demokratiya yolunu uğurla davam etdirən, ölkəmizi zamanın çox ağır və keşməkeşli sınaqlarından, mürəkkəb geosiyasi proseslərindən məharətlə çıxararaq onu dünya dövlətləri arasında söz, nüfuz sahibinə çevirən cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 20 il, sözün tam mənasında, çoxəsrlik tariximizə silinməz, qızıl hərflərlə həkk olunmuş bir dövr kimi daxil olub.
“Turanın səsi“ xəbər verir ki , bu barədə
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovniki Kəmaləddin HEYDƏROV fikir bildirib.
Üzümüzə açılan hər səhəri yeni uğurlar, yeni nailiyyətlərlə qarşılayırıq.
Azərbaycan xalqı dövlətimizin başçısını intibahın, sabitliyin, təhlükəsizliyin və sülhün qarantı hesab edir, ətrafında bir yumruq kimi birləşərək ona tam güvənir. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılan dədə-baba torpaqlarımızın azad olunması ilə sona çatan 44 günlük Vətən müharibəsində böyük sərkərdəlik keyfiyyətləri nümayiş etdirərək tarixi Zəfərə imza atan cənab İlham Əliyev Yenilməz, Müzəffər Ali Baş Komandan kimi xalqımızın qürur, fəxarət mənbəyidir. Azərbaycan xalqı əmindir ki, bölgəmizdə, daha geniş coğrafi məkanda baş verə biləcək istənilən təlatümdə onu qalib, müstəqilliyini toxunulmaz edəcək qüdrətli Lideri vardır. Bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş müasir Azərbaycan cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqillik yollarında inamlı, qətiyyətli addımlarla sürətlə irəliləyir.
Müasir tariximizin ötən 20 ilini əhatə edən bu dövrdə böyük və sürətli inkişaf, xalqımızın həyatındakı yüksəliş, Azərbaycanın dünya dövlətləri sırasında ləyaqətlə tanınması və öz yerini möhkəmləndirməsi danılmaz həqiqətlərdir. Dövlətimizin başçısının uğurlu daxili və xarici siyasəti, müdrik uzaqgörənliklə qəbul etdiyi taleyüklü qərarlar, bilavasitə təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş irimiqyaslı və hərtərəfli islahatlar, yüksək səviyyədə icra olunmuş çoxsaylı layihələr nəticəsində Azərbaycan nəinki regionda, hətta qlobal müstəvidə sabitlik və təhlükəsizlik, inkişaf və rifah məkanı kimi diqqət mərkəzindədir. Ölkəmiz dayanıqlı iqtisadiyyata, böyük maliyyə resurslarına malik, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, dünyada müstəqil siyasət yürüdən, sürətlə inkişaf edən bir dövlət kimi bütün səviyyələrdə qəbul olunur.
Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev böyük xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirməklə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına nail olub. Xalqımızın qəhrəmanlıq salnaməsini yenidən yazan dövlət başçısının rəhbərliyi ilə müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyib, 200 ildən bəri davam edən erməni mifi və illüziyalarını tamamilə məhv edib.
“Qarabağ Azərbaycandır!” həqiqətinin parlaq təzahürü olan və bu ilin sentyabr ayında 24 saatdan da az müddətdə davam edən lokal xarakterli antiterror tədbirlərində Qarabağda yerləşən separatçıların başı əzildi, Ermənistanın torpaqlarımızdakı qeyri-qanuni hərbi birləşmələri məhv edildi. Bu qələbə suverenliyimizin tam bərpa edilməsi ilə tarixə əbədi qızıl hərflərlə daxil oldu.
Bu gün möhtərəm Prezidentimizin qətiyyətlə həyata keçirdiyi Böyük qayıdış proqramı həm Qarabağımızın, Şərqi Zəngəzurun, həm də geniş mənada Azərbaycanın yeni işıqlı sabahlarından xəbər verir. Hazırda Qarabağ və Şərqi Zəngəzur ərazisi böyük bir tikinti meydançasına bənzəyir – nəhəng infrastruktur layihələri uğurla icra olunur, yaşayış məntəqələri tamamilə yenidən qurulur, sənaye, kənd təsərrüfatı və xidmət sektoruna aid müəssisələr inşa olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri ilə Qarabağda və Şərqi Zəngəzurda reallaşdırılan layihələr, erməni vandalları tərəfindən dağıdılmış qədim mədəni və dini abidələrimizin sürətlə bərpası istiqamətində görülən misilsiz tədbirlər xalqımız tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanır.
Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, idmanın inkişafına, gənclərin sağlamlığına, fiziki hazırlığına hər zaman xüsusi diqqət və qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin bu mütərəqqi yanaşması möhtərəm cənab Prezident tərəfindən uğurla davam etdirilir. Belə ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi vaxtdan ötən dövr ərzində cənab İlham Əliyevin idmanın inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər, uğurla reallaşdırılan layihələr nəticəsində ölkəmiz beynəlxalq idman mərkəzlərindən birinə çevrilib. Cənab Prezidentin bilavasitə səyi ilə ötən illər ərzində ölkədə 50-yə yaxın olimpiya-idman kompleksi tikilərək istifadəyə verilib, beynəlxalq idman tədbirlərinin ölkəmizdə keçirilməsi ənənəvi hal alıb.
Azərbaycan idmanın ayrı-ayrı növləri üzrə dünya və Avropa çempionatlarına, nüfuzlu turnirlərə, bir çox digər mötəbər beynəlxalq yarışlara, o cümlədən Birinci Avropa Oyunlarına, Dördüncü İslam Həmrəyliyi Oyunlarına, “Formula-1” Qran-prisinə uğurlu evsahibliyi edib. Ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısı sayəsində idmançılarımız beynəlxalq yarış və turnirlərdə vətənimizin idman şərəfini uca tutur, Azərbaycan bayrağını yüksəklərə qaldırırlar.
Xalqımızın Ümummilli Lideri, bütün dövrlərin ən böyük azərbaycanlısı Heydər Əliyevin müəyyən etdiyi mütərəqqi inkişaf strategiyasını və siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz cəmiyyətin təhlükəsizliyinin qorunması və mülki müdafiəsinin təşkili məsələlərinə də hər zaman xüsusi diqqətlə yanaşıb. Məhz bunun nəticəsidir ki, Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında 2005-ci il dekabrın 16-da müvafiq sərəncam imzalayan dövlət başçısının diqqət və qayğısı sayəsində yeni yaradılmış nazirlik qısa müddətdə mobil, hər cür təbii və texnogen fövqəladə hadisə ilə uğurla mübarizə aparmaq gücünə malik bir quruma çevrildi. Cənab Prezidentin dəstəyi sayəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin müasir standartlar səviyyəsində təşkili, strukturunun zamanın tələbinə uyğun təkmilləşdirilməsi, normativ hüquqi, kadr hazırlığı və maddi-texniki bazasının ən müasir standartlar səviyyəsində formalaşdırılması mümkün oldu. Bu isə ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin aidiyyəti üzrə təmin edilməsi deməkdir.
Bu çərçivədə, böyük fəxarət hissi ilə qeyd etməliyəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2007-ci il dekabrın 17-də Bakıda, Azadlıq meydanında Fövqəladə Hallar Nazirliyinin aldığı, fövqəladə hallar zamanı istifadə edilən yeni texnika, avadanlıq və qurğuların təqdimatında, 2008-ci il noyabrın 12-də Fövqəladə Hallar Nazirliyinin yeni istifadəyə verilmiş inzibati binasının açılış mərasimində, 2011-ci il fevralın 23-də Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarına döyüş bayrağının təqdim edilməsi mərasimində, 2013-cü il dekabrın 27-də FHN-in Akademiyasının beynəlxalq standartlara cavab verən yeni binasının və 2018-ci il dekabrın 27-də nazirliyin İdman-Sağlamlıq Mərkəzinin açılış mərasimində iştirak edib, 2022-ci il dekabrın 9-da Fövqəladə Hallar Nazirliyi tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə üçün nəzərdə tutulmuş xüsusi təyinatlı texnikalarla şəxsən tanış olub.
Hər gəlişi ilə Fövqəladə Hallar Nazirliyinin kollektivinə sonsuz sevinc bəxş edən dövlətimizin başçısının bu tədbirlərdə proqram xarakterli bütün göstəriş və tapşırıqları fəaliyyət istiqamətlərimiz kimi qəbul edilib.
Yeri gəlmişkən, bir haşiyə çıxaraq qeyd etmək istərdim ki, 2008-ci il noyabrın 12-də Fövqəladə Hallar Nazirliyinin yeni istifadəyə verilmiş inzibati binasının açılış mərasimində iştirak edən möhtərəm Prezidentimiz xoş arzularını dilə gətirərək görülən işləri yüksək qiymətləndirməklə yanaşı, beynəlxalq standartlara cavab verən sistemin yaradılması, müasir avadanlığa, nəqliyyat vasitələrinə və xüsusi texnikaya olan tələbatın tamamilə ödənilməsi istiqamətində işlərin ardıcıl olaraq davam etdirilməsi ilə bağlı qarşımızda ciddi tapşırıqlar qoymuşdu. Dövlətimizin başçısı demişdi: “Mən çox şadam ki, Fövqəladə Hallar Nazirliyi yaranandan sonra qısa müddət ərzində çox böyük işlər görüldü.
Azərbaycanda təhlükəsizliyin təmin olunmasında, xilasetmə işlərinin düzgün qurulmasında çox böyük işlər görülmüşdür. Bu gözəl binanın tikintisi və Fövqəladə Hallar Nazirliyinin sərəncamına verilməsi də göstərir ki, Azərbaycan dövləti bu sahəyə çox böyük diqqət yetirir. İnsanların təhlükəsizliyi və mümkün olan xoşagəlməz hadisələrin qarşısının alınması, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan dövləti nə lazımdırsa edəcəkdir. Fövqəladə Hallar Nazirliyinin yeni müasir texnika ilə təchizatı da davam edir. Göstərilən təlimlərdə iştirak edən bütün texnikalar, demək olar, son müddət ərzində alınıb, ən müasir standartlara cavab verir. Əlbəttə ki, ən müasir standartlara cavab vermək üçün gələcək illərdə də bütün Azərbaycan üzrə ən qabaqcıl texnologiyalar, ən mütərəqqi metodlar tətbiq olunmalıdır. Dünyada hansı qabaqcıl texnologiya varsa, o, Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. O cümlədən Fövqəladə Hallar Nazirliyinin uğurlu fəaliyyəti üçün onun maddi-texniki bazası daha da möhkəmlənməlidir. Demək olar ki, texnikanın böyük hissəsi alınıbdır. Ancaq növbəti illərdə artıq nəinki Bakıda və başqa böyük şəhərlərdə, bütün bölgələrdə, bütün rayonlarda ən müasir avadanlıq olmalıdır”.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” müdrik kəlamını öz fəaliyyət prinsipi kimi qəbul edən Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkədə fövqəladə hadisələrin xəbərdar edilməsi sisteminin təkmilləşdirilməsi, fövqəladə hal risklərinin qiymətləndirilməsi işlərinin, yanğın-xilasetmə qurumlarının fəaliyyətinin dünyanın ən qabaqcıl ölkələrinin təcrübələri tətbiq edilməklə təşkili dövlət başçısının Azərbaycanda yürüdülən təhlükəsizlik və mülki müdafiə siyasətinin təntənəsi deməkdir. Azərbaycan vətəndaşları və ölkəmizə səfər edən hər bir qonaq görür ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları – yanğınsöndürənləri, xilasediciləri, dalğıcları ehtiyac olduğu hər an onların köməyinə çatmağa hazırdır.
Fövqəladə Hallar Nazirliyinin peşəkar fəaliyyəti Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistanla apardığı 44 günlük Vətən müharibəsi zamanı özünü xüsusilə göstərdi. Belə ki, həmin günlərdə nazirliyin qüvvə və vasitələri digər aidiyyəti dövlət orqanları ilə birgə səfərbər olunub, əhalinin mülki müdafiəsi və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb. Nazirliyin yanğın-xilasetmə qüvvələri Ermənistan tərəfindən mülki obyektlərə, o cümlədən insanların sıx yaşadığı yaşayış məntəqələrinə endirilən mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların operativ aradan qaldırılmasını, zərərçəkmişlərin xilas edilməsi və təxliyəsini uğurla həyata keçiriblər. Bundan əlavə, həm müharibə günlərində, həm də müharibədən sonrakı dövrdə psixoloji dəstəyə ehtiyacı olan vətəndaşlarımıza yardım işi təşkil olunub. Bu məqsədlə Türkiyədən dəvət olunmuş psixoloqlarla birlikdə psixoloji problemlər yaşayan müharibə iştirakçılarına, o cümlədən qazilərə, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinə, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanlara psixoloji dəstək göstərilib, onların reabilitasiyası təmin olunub.
Şanlı Zəfərdən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə mümkün fövqəladə halların vaxtında xəbərdar edilməsi və nəticələrinin çevik aradan qaldırılması işinin təmin edilməsi məqsədilə nazirliyin müvafiq strukturlarının fəaliyyəti təşkil edilib. 2021-ci ilin yanvar ayından başlayaraq, FHN-in müvafiq qüvvələri Ağdam və Füzuli rayonlarında minatəmizləmə əməliyyatlarında fəal iştirak edirlər. Bu işin sürətləndirilməsi məqsədilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsi yaradılıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən nazirliyin qurumlarının, həmçinin “N” saylı hərbi hissənin ən müasir texnika və avandanlıqlarla komplektləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılır.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim təbii və texnogen hadisələr zamanı zərərçəkən insanların yanında olur, onların problemlərinin həllinə xüsusi həssaslıqla, diqqət və qayğı ilə yanaşır, operativ olaraq irimiqyaslı hadisələrin baş verdiyi bölgələrə səfərləri zamanı fəlakətin nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün dövlətin bütün resurslarını səfərbər edirlər. 2010-cu ilin yaz aylarında Aran bölgəsində Kür və Araz çaylarında yaranmış daşqınların vurduğu ziyanın, 2012-ci ilin may ayında Zaqatala, Balakən və Qax rayonlarında, 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən güclü zəlzələlərin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülmüş tədbirlər ölkə rəhbərliyinin ağır məqamda daim xalqla bir yerdə olmasının, insanların dərd-sərinin, problemlərinin həllini həmişə diqqətdə saxlamasının bariz nümunələridir. Dövlətimizin başçısının xüsusi nəzarəti altında daşqın və zəlzələlərin ziyan vurduğu rayonlarda ən müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının, sosial təyinatlı və infrastruktur obyeklərinin tikintisi həyata keçirilib, əhali yeni, müasir evlərlə təmin edilib. Bu kimi nümunələri çox çəkmək olar. Heç bir bəlanın və fəlakətin qarşısında tək olmayan vətəndaşlarımız 2003-cü ildə cənab İlham Əliyevin prezident seçilərkən dediyi “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” sözünə sadiqliyinin bir daha canlı şahidləri olublar.
Səmimi etiraf etməliyəm ki, Fövqəladə Hallar Nazirliyi yarandığı vaxtdan ötən dövr ərzində baş vermiş çoxsaylı fövqəladə hallar zamanı uğurlu mübarizə təcrübəsi nümayiş etdirib. Bunlardan xüsusilə, Mingəçevir Su-Elektrik Stansiyasının ərazisində baş vermiş torpaq sürüşməsi zamanı stansiya üçün yaranmış təhlükənin qısa müddətdə qarşısının alınması, Bakı şəhərindəki Naxçıvani və Murtuza Muxtarov küçələrinin kəsişməsində tikilən 16 mərtəbəli yaşayış binasının uçması nəticəsində əmələ gəlmiş dağıntılar altından insanların xilas edilməsi, Neft Emalı Zavodunda yanğının söndürülməsi, Xəzər dənizində yerləşən “Bulla-dəniz” yatağında baş vermiş qəzanın, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın, “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması, Azərbaycan İstilik-Elektrik Stansiyasının açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış zamanı meydana çıxmış təhlükənin operativ şəkildə aradan qaldırılması, iri ticarət mərkəzlərində, “Sobsan” boya fabrikində, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınların söndürülməsi, Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğının söndürülməsi və aparılan axtarış işləri, çox sayda digər belə əməliyyat zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin göstərdiyi əsl peşəkarlığı qeyd etmək istərdim.
Bir məqama da diqqət yönəltmək yerinə düşərdi ki, dünyanın yeni növ koronavirus (COVID-19) pandemiyası ilə qarşılaşdığı vaxtda bu xəstəliklə mübarizədə Prezident İlham Əliyevin liderlik əzmkarlığı, vaxtında atdığı cəsarətli və müdrik addımlar beynəlxalq aləmdə ən yaxşı nümunələrdən hesab olunur. Koronavirus infeksiyasının yayılma təhlükəsinin qarşısının alınması ilə bağlı dövlətimizin başçısı tərəfindən ilk günlərdən qarşımızda qoyulan tapşırıqlara uyğun olaraq, Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstanla sərhəd-keçid məntəqələrinin yaxınlığında Fövqəladə Hallar Nazirliyi tərəfindən hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş qəbul-çeşidləmə məntəqələri yaradılıb və burada FHN-in peşəkar tibbi briqadaları fasiləsiz rejimdə fəaliyyət göstəriblər. Bundan əlavə, ölkəmizdə koronavirusla mübarizə məqsədilə qısa vaxtda modul tipli xəstəxanaların fəaliyyətə başlaması Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların sağlamlığının qorunmasına göstərdiyi xüsusi diqqətin bariz nümunəsi oldu. Bu mənada, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının qısa müddətdə inşa edilərək fəaliyyətə başlaması COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan dövlətinin müdrik mövqeyini bir daha nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü humanist siyasətin bir hissəsi olaraq, Fövqəladə Hallar Nazirliyi eyni zamanda müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, həmçinin humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirib. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, 2011-ci ilin oktyabr ayında Türkiyənin Van vilayətində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması, 2021 və 2022-ci ilin yayında dəhşətli meşə yanğınlarının söndürülməsi, bu ilin fevral ayında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri qarşılarına qoyulmuş tapşırıqları yüksək peşəkarlıq və ləyaqətlə yerinə yetiriblər. Böyük dağıntı və çoxsaylı insan tələfatı ilə nəticələnmiş fevral zəlzələsi zamanı FHN-in qüvvələri tərəfindən Türkiyənin Kahramanmaraş rayonunda müxtəlif ünvanlarda salınan çadır şəhərciklərində yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil olunub. Nazirliyin hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirib, zərərçəkmişlərə yüksəksəviyyəli tibbi xidmət göstərilib, psixoloji yardım işi təşkil olunub. Qeyd edilməlidir ki, bu məsələlər bilavasitə cənab Prezidentin nəzarəti altında olub.
Bununla bərabər, dövlət başçısının tapşırığına əsasən, 2010-cu və 2016-cı illərdə İsrail Dövlətində, 2017-ci ildə Gürcüstanda baş vermiş meşə yanğınları, 2010-cu ildə Pakistan İslam Respublikasındakı daşqınlar, 2012-ci ildə İran İslam Respublikasında baş vermiş zəlzələ, 2014-cü ildə Əfqanıstan İslam Respublikasının şimalında baş vermiş leysan yağışlarının törətdiyi fəsadların, həmçinin Serbiya Respublikası və Bosniya və Hersoqovinada daşqınların nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq kömək göstərilib. Həmçinin Azərbaycan Respublikasının hökuməti səviyyəsində 2010-cu ildə Haitidə baş vermiş zəlzələnin, 2013-cü ildə Filippində baş vermiş qasırğanın fəsadlarının aradan qaldırılması məqsədilə və Somalidə aclıqdan əziyyət çəkən insanlar üçün maddi yardımlar edilib. Eyni zamanda 2013-cü ildə Misirdəki iğtişaşlarla əlaqədar burada yaşayan azərbaycanlıların, 2015-ci ildə Nepalda baş vermiş dağıdıcı zəlzələ nəticəsində fəlakət zonasında olan soydaşlarımızın və xarici ölkə vətəndaşlarının Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ilə təcili təxliyəsi həyata keçirilib. 2017-ci ildə Azərbaycan hökuməti adından Cibuti Respublikasına, həmçinin Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə humanitar yardımlar çatdırılıb.
Bir sözlə, milli dövlətçilik ideallarına hər zaman sədaqət nümayiş etdirən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin daha da möhkəmləndirilməsində, ölkəmizdə təhlükəsiz həyat və fəaliyyətin etibarlı təminatı ilə bağlı müəyyənləşdirdiyi mühüm vəzifələrin layiqincə yerinə yetirilməsində bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcəkdir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI