Kəmaləddin Heydərov: “Antiterror tədbirlərində Qarabağdakı separatçıların başı əzildi”
“Qarabağ Azərbaycandır!” həqiqətinin parlaq təzahürü olan və bu ilin sentyabr ayında 24 saatdan da az müddətdə davam edən lokal xarakterli antiterror tədbirlərində Qarabağda yerləşən separatçıların başı əzildi, Ermənistanın torpaqlarımızdakı qeyri-qanuni hərbi birləşmələri məhv edildi”.
“Turanın səsi ” xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirməklə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına nail olub: “Xalqımızın qəhrəmanlıq salnaməsini yenidən yazan dövlət başçısının rəhbərliyi ilə müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyib, 200 ildən bəri davam edən erməni mifi və illüziyalarını tamamilə məhv edib. “Qarabağ Azərbaycandır!” həqiqətinin parlaq təzahürü olan və bu ilin sentyabr ayında 24 saatdan da az müddətdə davam edən lokal xarakterli antiterror tədbirlərində Qarabağda yerləşən separatçıların başı əzildi, Ermənistanın torpaqlarımızdakı qeyri-qanuni hərbi birləşmələri məhv edildi. Bu qələbə suverenliyimizin tam bərpa edilməsi ilə tarixə əbədi qızıl hərflərlə daxil oldu”.
Nazir qeyd edib ki, bu gün Prezidentin qətiyyətlə həyata keçirdiyi Böyük qayıdış proqramı həm Qarabağımızın, Şərqi Zəngəzurun, həm də geniş mənada Azərbaycanın yeni işıqlı sabahlarından xəbər verir: “Hazırda Qarabağ və Şərqi Zəngəzur ərazisi böyük bir tikinti meydançasına bənzəyir – nəhəng infrastruktur layihələri uğurla icra olunur, yaşayış məntəqələri tamamilə yenidən qurulur, sənaye, kənd təsərrüfatı və xidmət sektoruna aid müəssisələr inşa olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri ilə Qarabağda və Şərqi Zəngəzurda reallaşdırılan layihələr, erməni vandalları tərəfindən dağıdılmış qədim mədəni və dini abidələrimizin sürətlə bərpası istiqamətində görülən misilsiz tədbirlər xalqımız tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI