Azərbaycanlılar Xocalıya nə vaxt qayıdacaq? – Deputatdan açıqlama
“Sentyabrın 19-da başlatdığımız lokal antiterror əməliyyatı cəmi 24 saata yaxın vaxt ərzində uğurla başa çatdı. Ölkəmizin Qarabağ ərazisində uzun müddət kök salmış separatçıları və Ermənistan dövlətinə məxsus qeyri-qanuni hərbi birləşmələri məğlub etdi, onlara diz çökdürdü. Onlar ağ bayraq qaldırdılar və təslim oldular. Bununla da 1991-ci il sentyabrın 2-də separatçıların Azərbaycan ərazisində yaratdıqları “Artsax dövləti” deyilən cinayətkar qurumun fəaliyyətinə son qoyuldu və Ermənistan dövlətinə məxsus işğalçı hərbi birləşmələr silahları təhvil verib ərazimizi tərk etmək öhdəliyini götürdülər. Artıq bu proses başlayıb”.
“Turanın səsi” xəbər verir ki , bunu açıqlamasında əslən Xocalıdan olan deputat Elman Məmmədov deyib.
O, Qarabağda yaşamaq istəyən ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa yolları olmadığını bildirib:
“Qarabağdakı bəzi bölgələr Azərbaycanın nəzarətinə keçdi. Bu ərazilərdə separatçılar normal həyatın təmin olunmasına, oranın əsl sahibləri olan bizlərin qayıtmasına mane olurdular.
Bölgədə yaşayan ermənilərin icma nümayəndələri Yevlax şəhərinə gəldilər və Azərbaycan dövlətinin təhkim etdiyi nümayəndələrlə görüş keçirdilər. Azərbaycan dövləti görüşdə onların qarşısına konkret şərtlər qoyub. Əsas şərt ərazidə qalan əhalinin könüllü olaraq Azərbaycan qanunlarına tabe olması, vətəndaşlığı qəbul etməsidir. Bu məsələdə məcburiyyətə yol verməyəcəyik. Ya vətəndaşlığı qəbul etməlisən, ya da qəşəng bir yol çəkmişik, Laçından keçib dübbədüz İrəvana gedə bilərsən.
Artıq bir neçə gündür o yolla xeyli adam Ermənistana gedib və getməkdə də davam edir. Heç kimə güzəştə getmək fikrimiz yoxdur. Azərbaycanın bir tələbi var: Azərbaycan ərazisində yaşayan hər kim varsa, milliyətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq, vətəndaşlığı qəbul etməli və qanunlarımızla yaşamalıdır. Əks təqdirdə, ərazimizdə yaşaya bilməyəcəksən.
Cinayətkarlar isə cəzalarına çatdırılacaqlar, Prezidentin də qeyd etdiyi kimi, onlara güzəşt olmayacaq! Çünki onlar Azərbaycan dövlətçiliyinə, xalqına qarşı bəşəri cinayətlər, soyqırımı törədiblər”.
Deputatın sözlərinə görə, azərbaycanlıların dədə-baba yurdlarına qayıdacağı gün uzaqda deyil:
“Artıq regionlardan müəyyən məlumatlar gəlir. Həmin bölgələrə yaxın ərazidə yaşayanlar hansı ərazilərin boşaldıldığından xəbərdardır, gedən gedir, qalan qalır. Yaxın günlərdə Azərbaycanın müvafiq qurumları həmin bölgələrə yollanacaq, vətəndaşlığın verilməsi prosesinə başlanacaq.
Müvafiq orqanların əməkdaşları gedib orada oturacaqlar, ermənilər də sıraya düzülüb Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsini almaq üçün növbə gözləyəcəklər. Təbii ki, onları yoxlamalardan keçirə-keçirə prosesə davam edəcək. Keçməyənlər də, cinayətkar Vaqif Xaçaturyan kimi, hara lazımdırsa, hara layiqdirlərsə, ora da göndəriləcək.
Xankəndində də, Xocalıda da, Xocavənddə də, Ağdərədə və böyüklü-kiçikli bütün yaşayış məntəqələrimizdə Azərbaycan bayrağı dalğalanacaq!”
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI