Erməni terroru nəticəsində şəhid olan polis serjantı Ələsgər Əsgərovun cənazəsi Naxçıvana gətirilib

0

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən terror aktı nəticəsində həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlunun cənazəsi Naxçıvana gətirilib.

Turanın səsi ” xəbər verir ki, sentyabrın 20-də Naxçıvan Beynəlxalq Hava Limanında polis serjantı Ələsgər Əsgərovun cənazəsinin qarşılanma mərasimi olub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları və polis serjantı Ələsgər Əsgərovun ailə üzvləri tədbirdə iştirak ediblər.

Polis serjantı Ələsgər Əsgərovun üçrəngli bayrağımıza bükülmüş cənazəsi polis əməkdaşlarının müşayiəti ilə mərasim yerinə gətirilib.

Səlahiyyətli nümayəndə polis serjantı Ələsgər Əsgərovun ailə üzvləri ilə görüşərək başsağlığı verib.

Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Bundan başqa, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Rasim Məmmədov həyatını itirib.

Həmçinin, mina partlayışı nəticəsində AAYDA-nın 2 əməkdaşı – 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.

Xatırladaq ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir