Adil Əliyev: “30 avqust  tarixi ölkəmizin müstəqilliyinin bərpası yolunda əsas addımdır”

0

1991-ci ilin 30 avqust tarixində ölkəmiz üçün daha bir əlamətdar hadisənin – müstəqilliyə gedən yolun təməli qoyuldu. Məhz həmin tarixdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi 18 oktyabrda qəbul ediləcək Konstitusiya aktının özəyini təşkil etdi. 

Turanın səsi ” xəbər verir ki , bu barədə açıqlamasında Milli Məclisin Vitse-Spikeri Adil Əliyev deyib.

Əslində, bu tarix həm də bugünkü qüdrətli Azərbaycanın təməlinin qoyulmasının ayaq səsləri idi. Hadisələrə nəzər salanda bir daha əmin oluruq ki, məhz müasir dövlətimizin inkişaf tarixi 1990-cı ilin iyulundan başladı. Ümummilli Lider Heydər Əliyev Bakıya gəldi, daha sonra Naxçıvan Muxtar Respublikasına gedərək, orda həm Azərbaycan Ali Sovetinin, həm də Muxtar Respublikanın Ali Sovetinin deputatı seçildi.

Xalqın iradəsi, Ulu Öndərin təşəbbüsü və uzaqgörən siyasətinin məntiqi davamı, müstəqilliyimizin və özünüdərkin ilk anonsu olaraq 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız Naxçıvan Ali Soveti tərəfindən qəbul edildi. Muxtar Respublikanın rəmzi olaraq qəbul edilmiş üçrəngli bayrağımız 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı olmaqla bərabər, həm də müstəqilliyimizin ilk rəmzi idi. 

Muxtar Respublikada aparılan islahatların məntiqi davamı olaraq, Ümumilli Liderin iradəsi ilə Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, SSRİ-nin mənəvi mirasını özündə daşıyan “sovet” və “sosialist” sözlərindən imtina, özü ilə birlikdə müasirliyi, yeniliyi, özünüdərki gətirdi. 

Tarixin təlatümlü anlarında bu müddət ərzində Muxtar Respublikanın Ali Məclisi baş vermiş qanlı 20 Yanvar faciəsi ilə bağlı öz qətiyyətli mövqeyini ortaya qoydu. Bu hadisənin əsas günahkarlarının SSRİ rəhbərliyi olması, eləcə də respublikaya rəhbərlik edən şəxslərin bilavasitə günahkar olmaları və məsuliyyət daşımaları qeyd edildi. Məhz 1991-ci ildə tarixin keşməkeşli dövründə xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar iclası çağırıldı. Məhz bu iclas zamanı Ulu Öndər Heydər Əliyev çıxışında müstəqillik məsələsinə toxunaraq, 70 illik imperiyadan ayrılmağın vaxtının çatdığını qeyd etdi.  Məhz bu çıxışdan sonra Azərbaycanın müstəqilliyinin bərpası məsələsi gündəmə gəldi və müstəqilliklə bağlı real addımlar atılmağa başladı. Təsadüfi deyildir ki, məhz həmin gün – 30 avqust tarixində Müstəqilliyin elan edilməsi ilə bağlı qəbul edilmiş bəyannamə ilə Azərbaycan öz tarixi müstəqilliyini bərpa edirdi.

Bu gün biz müstəqilliyimizi bərpa etmiş ölkəyik. İlk dəfə 1918-ci ildə müstəqillik əldə etmiş, daha sonra isə 1991-ci ilin 18 oktyabr tarixində qəbul edilmiş Bəyannamə ilə bu müstəqilliyimiz bərpa edildi. Tarix bizə onu göstərdi ki, məhz 1991-ci ildə qəbul edilmiş müvafiq Akt ölkəmizin Xalq Cümhuriyyətinin varisi olduğunu elan edir, bununla da ölkəmiz müstəqilliyini bərpa etmiş oldu.

1991-ci ilin 18 oktyabrında qəbul edilmiş Müstəqillik haqqında Konstitusiya Aktında deyilirdi: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”. 

Təəssüf ki, 1991-1993-cü illərdə bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarı Müstəqillik haqqında Konstitusiya Aktının norma və prinsiplərinə sadiq olmadılar. Dövlətçiliyin maraqlarından daha çox öz maraqlarını rəhbər tutan hakimiyyət nümayəndələrinin səriştəsizliyi nəticəsində Ermənistan torpaqlarımızı işğal etməyə başladı. Siyasi səriştəsizlik, hakimiyyət uğrunda aparılan intriqalar əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Məhz siyasi ambisiyalarını dövlətdən, Konstitusiya Aktından, müstəqillikdən üstün tutan bəzi qüvvələr hakimiyyətdə qalmaq üçün bütün yollara əl atırdılar. 

Nəhayət ki, 1993-cü ilin 15 iyun tarixində xalqın təkidli tələbi ilə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev hakimiyyətə gəldi və bununla da ölkəmizin parçalanmasının qarşısı alındı, inkişaf yoluna qədəm qoyuldu. 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında da sözügedən Bəyannamədə olan insan hüquq və azadlıqlarının qorunması, şəxsiyyətin toxunulmazlığı, mətbuat azadlığı və digər vacib normalar öz əksini tapdı. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir