Kəlbəcərdə tutulan erməni diversantla bağlı cinayət işi açıldı
Kəlbəcərdə erməni diversantın dövlət sərhədini pozması ilə bağlı cinayət işi başlanılıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı Ermənistan silahlı birləşmələrinin üzvü və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib avqustun 16-da, saat 11 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz əldə edib daşıdıqları odlu silah və döyüş sursatları ilə birgə qanunsuz olaraq nəzarət-buraxılış məntəqələrindən və gömrük sərhədindən gömrük nəzarətindən kənar keçməklə ölkəmizdə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü ziddinə qərar qəbul edilməsinə təsir göstərmək və milli düşmənçilik salmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması üçün Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu kəndi ərazisində yerləşən N saylı hərbi hissənin hərbi qulluqçularına odlu silahla atəşlər açmaqla onlara qarşı zor tətbiq edib terror aktı törədəcəkləri ilə hədələmələrinə əsaslı şübhələr müəyyən edilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən təxribat-diversiya qrupunun üzvü saxlanılmaqla ondan cinayətin alət və vasitələri götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda cinayət işi üzrə yaradılmış istintaq qrupu tərəfindən təxirəsalınmaz zəruri istintaq tədbirləri davam edir.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI