Abşeronda şəhid ailələrinin və qazilərin problemləri daim diqqət mərkəzindədir
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib. Tədbirdə rayon və YAP rayon təşkilatının rəhbərliyi, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova və “Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və veteranları” İctimai Birliyinin Abşeron rayon sədri Süleyman Cəfərov iştirak edib.
“Turanın səsi ” in xəbərinə görə , görüş Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərdən danışaraq zabit və əsgərlərin göstərdiyi şücaətlərdən, qəhrəmanlıqdan söhbət açıb. 44 günlük Vətən müharibəsi xalqımızın şanlı Zəfər tarixi olduğunu qeyd edən icra başçısı Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərin daim hörmət və ehtiramla yad edildiyini bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması olduğun diqqətə çatdırıb. Bütün ölkə ərazisində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə diqqət və qayğı davamlı olaraq göstərilməkdədir.
Görüş zamanı Vətən müharibəsi şəhidi Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədovanın övladının təhsil haqqının ödənilməsi, Vətən müharibəsi şəhidi İsmayıl Qəsəbovun həyat yoldaşı Lalə Qəsəbovanın iş yeri ilə təmin olunması, Vətən müharibəsi şəhidi Elbrus Bayramovun həyat yoldaşı Gültəkin Bayramovanın övladının müalicə xərclərinin ödənilməsi, həmçinin Vətən müharibəsi qazilərindən Ramin Rzayevə əlilliyin təyin olunması üçün dəstək göstərilməsi, Ruslan Rüstəmovun maddi dəstəyin olunması kimi müraciətləri və digər görüş iştirakçılarının müxtəlif müraciətləri dinlənilib, qaldırılan bir çox məsələlər yerindəcə həll edilib, digər məsələlərin qısa zamanda həlli ilə bağlı isə müvafiq tapşırıqlar verilib.
Şəhid ailələrinin üzvləri və qazilər həyatlarının hər bir anlarında ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etdiklərini söyləyərək təşəkkürlərini ifadə ediblər.