Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

0

İyulun 14-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2023-cü il növbədənkənar sessiyasının sonuncu iclası keçirilib.

Turanın səsi ” xəbər verir ki , əvvəlcə, iclasda cari məsələlərin müzakirəsi olub. Müzakirələrdə deputatlar Fazil Mustafa, Bəhruz Məhərrəmov, Sahib Alıyev, Əli Məsimli, Vüqar İskəndərov, Razi Nurullayev, Sədaqət Vəliyeva, Hikmət Məmmədov, Elman Nəsirov, Etibar Əliyev çıxış ediblər.

Millət vəkilləri müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyini böyük bir dövrün başlanğıcı kimi dəyərləndiriblər. 1969–1982-ci illərdə onun respublika rəhbəri kimi siyasi fəaliyyətinin gələcək müstəqilliyin təməllərinin atılmasında və xalqın özünə qayıdışında, milli oyanışında müstəsna əhəmiyyətini vurğulayan deputatlar Ulu Öndərin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və uzaqgörənliyi sayəsində ölkəmizin heyrətamiz inkişaf yolu keçməsindən danışıblar.

Çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə müzakirə olunan mövzulara toxunan deputatlar cənab Prezidentin müşavirədə Azərbaycanın iqtisadi gücünün və hərbi qüdrətinin artırılması, nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi, Qarabağın və  Şərqi Zəngəzurun bərpası, Böyük qayıdışın təmini və digər məsələlərlə bağlı mesajlarını yüksək qiymətləndiriblər. Vurğulanıb ki, ötən 6 ayda ölkəmizin sosial-iqtisadi göstəriciləri, əldə olunan nailiyyətlər  Azərbaycanda dayanıqlı inkişafın davam etdiyini, ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə tam müstəqil siyasi xətt tutaraq qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini göstərir.

Millət vəkilləri, həmçinin gündəmdəki məsələlərə münasibətlərini bildiriblər, bəzi aktual mövzularla bağlı fikirlərini səsləndiriblər.

Sonra parlament gündəlikdəki məsələlərin müzakirəsinə keçib.

Milli Məclisin sədri Sahibə Qafarova iclasda 19 məsələnin müzakirə olunacağını bildirib. O, qeyd edib ki, gündəliyin birinci məsələsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu (ikinci səsvermə) layihəsidir.

Spiker Sahibə Qafarova bildirib ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Bu qanun layihəsinə 6 ay öncə birinci səsvermədə münasibət bildirilib, indi isə ikinci səsverməyə təqdim olunur.

Məsələ ilə bağlı məlumat verən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihənin normativ hüquqi aktların hazırlanması, qanunverici subyektlər arasında münasibətlərin qurulması qaydalarının tənzimlənməsi baxımından əhəmiyyətindən danışıb.

Layihənin müzakirəsində çıxış edən deputat Qüdrət Həsənquliyevin fikirlərinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin şərhi dinlənildikdən sonra Konstitusiya qanunu layihəsi ikinci səsvermədə qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin ikinci məsələsini – “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsini müzakirəyə təqdim edib. Parlamentin sədri bildirib ki, sənəd bir oxunuşda qəbul ediləcək və layihə ilə bağlı məlumat vermək üçün Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova söz verib. 

Azərbaycanın xarici ölkələrlə, xüsusən Avropa ilə əlaqələrinin gündən-günə artmasından söz açan Səməd Seyidov Azərbaycanla Slovakiya arasında son illər yüksələn xətlə inkişaf edən münasibətlərdən danışıb, bu kontekstdə Slovakiyada səfirliyimizin açılmasının əhəmiyyətini vurğulayıb.

Sənədlə bağlı deputatlar Ceyhun Məmmədovun və Musa Qasımlının fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin qalan 17 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir, növbəti 6 məsələ isə cənab Prezidentin  bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Diqqətə çatdırılıb ki, gündəliyin 3-8-ci məsələləri olan “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında,  “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə parlamentin iki komitəsində baxılıb. Spiker Sahibə Qafarova bildirib ki, 3-cü, 5-ci, 7-ci və 8-ci məsələlərə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb və onlara dair məlumat vermək üçün sözü komitə sədrinin müavini Əli Məsimliyə təqdim edib.

Əli Məsimli bildirib ki, 3-cü məsələ olan “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı əvvəlki oxunuşlarda geniş məlumat verilib. O, xatırladıb ki, layihə sərnişin və yükdaşımaları sahəsində icazələrin təkmilləşdirilməsinə xidmət edir. Komitə sədrinin müavini diqqətə çatdırıb ki, 5-ci məsələ olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, 7-ci məsələ olan “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə və 8-ci məsələ olan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi  barədə qanun layihələri “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun hazırlanıb, dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır.

Spiker Sahibə Qafarova bildirib ki, 4-cü və 6-cı məsələlərə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair məlumat vermək üçün sözü komitənin üzvü Kamal Cəfərova təqdim edib.

Deputat Kamal Cəfərov qanun layihələrinə dair komitəyə heç bir rəy və təklif daxil olmadığını bildirib və sənədlərin olduğu kimi səsə qoyulmasını xahiş edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli  təqdim olunan son  iki qanun layihəsi barədə komitənin müsbət rəyini də səsləndirəndən sonra bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq, üçüncü oxunuşda qəbul edilib.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, layihənin ikinci oxunuşda qəbulundan sonra məsələ ilə əlaqədar heç bir irad və təklifin daxil olmadığını bildirib.

Sənəd ətrafında müzakirələrdə deputat Rəşad Mahmudov bəzi məqamlarla bağlı öz fikir və qeydlərini səsləndirib. Komitə sədri Əhliman Əmiraslanov qaldırılan məsələlərə aydınlıq gətirib. O, qanun layihəsinin mükəmməl hazırlandığını qeyd edərək, sənədin qəbulunun dərmanların keyfiyyətinin yaxşılaşdırılmasına, dərman vasitələrinin qeydiyyatının sürətləndirilməsinə, lisenziyalarının vaxtının qısaldılmasına, habelə dərmanların qiymətlərinin optimallaşdırılmasına xidmət edəcəyini bildirib.

Qanun layihəsi səsə qoyularaq, üçüncü  oxunuşda qəbul edilib.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, sənədin  “Siyasi partiyalar haqqında” Qanunda müəyyən edilmiş hüquq normalarının pozulmasına görə inzibati məsuliyyətin təkmilləşdirilməsi məqsədilə hazırlandığını söyləyib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Əli Hüseynli “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini  təqdim edib. O, sənədin ikinci oxunuşda geniş müzakirə olunduğunu, səmərəli fikir mübadiləsinin aparıldığını deyib. 

Birinci vitse-spiker, Konstitusiya Məhkəməsinin 25 illiyinin qeyd edildiyini, ölkə Prezidentinin müvafiq fərmanı ilə Konstitusiya Məhkəməsinin bir sıra hakimlərinin təltif olunduğunu, bu yubiley münasibəti ilə keçirilən beynəlxalq konfransda Milli Məclis sədrinin təbriklərinin çatdırıldığını bildirib. 

Komitə sədri qeyd edib ki, layihədə təklif olunan dəyişikliklər Konstitusiya Məhkəməsinin səmərəli fəaliyyətinə öz töhfəsini verəcək.

Qanun layihəsi səsə qoyularaq, üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) deputatların nəzərinə çatdırıb. O, layihə barədə birinci və ikinci  oxunuşlar zamanı ətraflı məlumat verildiyini, sənədin mətnində hər-hansı dəyişikliyin edilmədiyini bildirib və səsə qoyulmasını xahiş edib.

Layihə Azərbaycan Respublikasının və xarici ölkələrin müvafiq orqanları arasında hüquqi yardım və ekstradisiya sahəsində qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Deputat Nizami Səfərov “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Millət vəkili layihənin iki oxunuşda qəbul edildiyini, mətnində hər hansı əlavə düzəlişin olmadığını söyləyib.

Sənədə əsasən,  “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” yubiley medalı ilə minatəmizləmə fəaliyyətinin təşkili, təkmilləşdirilməsi, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Deputat Fazil Mustafa bəzi fikir və qeydlərini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq, üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin də yeni medalların təsis edilməsi ilə bağlı olduğunu deyib. O, bu qanun layihələrinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu qeyd edib. Spiker həmin sənədlərin –  “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi, “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi və “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri olduğunu diqqətə çatdırıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov yuxarıda qeyd olunan 3 qanun layihəsini təqdim edib. O, bu layihələr barədə geniş məlumat verildiyini, hər üç sənədin iki oxunuşda qəbul edildiyini söyləyib və məsələlərin səsə qoyulmasını xahiş edib.

Təqdim olunan layihələrdə adı çəkilən qurumların əməkdaşlarının müvafiq medallarla təltif edilməsi nəzərdə tutulur. Sənədlərdə  təltif edilən şəxslərin dairəsi, təltif edən orqan, medalların taxılma qaydası və təsviri müəyyən olunur.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə  “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası qanun layihəsini (üçüncü oxunuş) nəzərə çatdırıb. O, qeyd edib ki, birinci və ikinci oxunuşlarda müzakirələr zamanı millət vəkilləri tərəfindən layihə ilə bağlı müsbət münasibət bildirilib. Deputat sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

9 fəsil, 68 maddədən ibarət qanun layihəsi ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son iki məsələsinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib. O, qeyd edib ki, bu məsələlər – “Dövlət satınalmaları haqqında” (üçüncü oxunuş) və Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələridir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli həmin qanun layihələri barədə məlumat verib. O, “Dövlət satınalmaları haqqında” qanun layihəsi ilə bağlı qeyd edib ki, həm komitədə, həm də plenar iclasda müzakirələr zamanı bəzi məsələlər qaldırılıb. Həmin məsələlərlə əlaqədar qanunvericilik təşəbbüsü subyektinin təklifi ilə sənədin  bir sıra maddələrində dəyişikliklər edilib. 

Deputat həmin düzəlişləri diqqətə çatdıraraq, bildirib ki, dövlət satınalmalarının əsas prinsiplərinə həsr olunmuş 4-cü maddədə “satınalmaların şəffaflıq, aşkarlıq və rəqabətlilik əsasında həyata keçirilməsi” cümləsinə “ədalətlilik” sözü də əlavə olunub. O, qanunun məxfiliyə həsr olunmuş 8-ci maddəsində “Azərbaycan Respublikasının Hesablama Palatası” sözlərinin  əlavə edildiyini söyləyib. Qeyd edib ki, dövlət satınalmalarına nəzarətin xüsusiyyətlərinə dair 14-cü maddədə “satınalma predmetinin həcminin 15 faizə qədər artırılıb-azaldılmasına razılıq vermək” cümləsində 15 faiz 10 faizlə əvəz edilir. Millət vəkili qanunun 33-cü və 38-ci maddələrinə də müvafiq redaktə xarakterli bəzi dəyişikliklərin edildiyini, “həmçinin ehtimal olunan qiyməti keçməmək” ifadəsinin əlavə olunduğunu, 39-cu maddənin isə tamamilə çıxarıldığını deyib. Deputat bu düzəlişlərin məqsədəmüvafiq olduğunu bildirib.

Sonra deputat  Əli Məsimli Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumatı təqdim edib. O, bildirib ki, adları çəkilən qanunlara “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi ilə əlaqədar uyğunlaşdırma xarakterli bəzi düzəlişlər təklif olunur.

Deputatlar Razi Nurullayev və Aydın Hüseynov təqdim olunan məsələlərə dair fikir və qeydlərini açıqladıqdan sonra son iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin növbədənkənar sessiyasının sonuncu iclasına yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, həm iclasın, həm də növbədənkənar sessiyanın gündəliyinə daxil olan məsələlər başa çatdı.

Sessiyanın yekunları ilə bağlı danışan spiker diqqətə çatdırıb ki, bu dövrdə Milli Məclisin 9 iclası keçirilib, 90 qanun və qərar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən dövlət siyasətini qanunvericilik sahəsində dəstəkləmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bu növbədənkənar sessiyada yerinə yetirib.

Milli Məclisin sədri qeyd edib ki, bu gün Ulu Öndərin 1969-cu ildə Azərbaycanda ilk dəfə ali hakimiyyətə gəlməsinin 54-cü ildönümü tamam olur. Məhz o illərdə Azərbaycan tərəqqi və çiçəklənmə dövrünə qədəm qoymuşdur. Azərbaycanın başladığı bu uğurlu yol Ulu Öndərin xidmətləri sayəsində dövlət müstəqilliyi dövründə  davam etdirilmişdir.

 Bu dahi şəxs, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin növbədənkənar sessiyasında daha bir xüsusi iclas keçirilmiş və Bəyanat qəbul olunmuşdur.  

Spiker bildirib ki, növbədənkənar sessiya dövründə Milli Məclisdə iki dinləmə keçirilib. Onlardan biri ölkəmizdə uşaq hüquqlarına, digəri isə Qərbi Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı məsələlərə həsr edilmişdir.

Milli Məclisin sədri qeyd edib ki, sessiya müddətində qanunvericilik fəaliyyəti ilə yanaşı, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb.

İyun ayının 6-dan bu günə qədər, yəni bir ay 8 gün ərzində Milli Məclisin 39 deputatı 16 xarici ölkəyə 51 səfər həyata keçirib. 7 xarici ölkənin və 3 beynəlxalq təşkilatın nümayəndə heyətləri Milli Məclisdə qəbul edilib.  Həmçinin, bizim deputatlar Özbəkistanda keçirilmiş Prezident seçkilərini müşahidə ediblər. 

Sahibə Qafarova deyib ki, Milli Məclisin sədrinin Avstriya Respublikasına rəsmi səfəri olub və mən bu barədə sizə məlumat vermişdim. 

Spiker çıxışının sonunda həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlərin gələn sessiyanın uğurlarına da möhkəm zəmin yaratdığına inamını ifadə edib və səmərəli fəaliyyət üçün deputatlara təşəkkürünü bildirib. 

Milli Məclisin sədri parlamentin növbədənkənar sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

⤵️

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir