“Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” qəbul edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası”nı qəbul edib.
“Turanın səsi ” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, müasir dünyada rəqəmsallaşma istiqamətindəki yeniliklər fonunda ölkənin maliyyə bazarında həyata keçirilən intensiv rəqəmsallaşma tədbirləri məsafədən təqdim edilən maliyyə xidmətlərinin çeşidinin, əlçatanlığının artırılması ilə yanaşı maliyyə institutlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə müvafiq risklər formalaşdırmaqdadır. Bu baxımdan ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədilə maliyyə bazarında kiber dayanıqlığın yüksəldilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən kiber təhdid və risklərə qarşı adekvat nəzarət mexanizmlərinin tətbiqi və risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması və digər bu istiqamətdə məsələlər AMB-nin daim diqqət mərkəzindədir.
Məlum olduğu kimi yerli banklarda informasiya təhlükəsizliyinə dair minimum tələbləri özündə ehtiva edən “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” ötən il aprelin 1-dən qüvvəyə minib. Bu işlərin davamı olaraq, Dünya Bankı Qrupunun üzvü – Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə 2023-2026-cı illər üzrə “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” hazırlanaraq təsdiqlənib. Sənədin məqsədi maliyyə sabitliyinin təmin edilməsi məqsədilə artan kibertəhdidlər fonunda ölkənin maliyyə bazarlarında kiber dayanıqlığın gücləndirilməsidir. Odur ki, Strategiya özündə 5 strateji prioritet üzrə fəaliyyəti əhatə edərək maliyyə bazarlarında dayanıqlı kibertəhlükəsizlik mühitinin formalaşdırılmasını hədəfləyib:
– Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tənzimləmə və nəzarət çərçivəsinin gücləndirilməsi;
– Maliyyə bazarlarında kiber risklərin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi;
– Maliyyə bazarlarında kibertəhlükəsizlik səviyyəsinin gücləndirilməsi məqsədilə informasiya texnologiyalarının idarəetmə çərçivəsinin formalaşdırılması;
– Maliyyə bazarlarında kiber dayanıqlığın gücləndirilməsi;
– Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması.
AMB maliyyə sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də kiber dayanıqlığın gücləndirilməsi istiqamətində tədbirlərin davamlı olaraq həyata keçirilməsini planlaşdırır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI